Hələ yemiş-qarpıza başlamayın!

Yay mövsümünün ən dadlı nemətlərindən biri qarpızdır. Onun mövsümü iyul-avqust ayları olsa da, aprel və may aylarında şəhərin müxtəlif mağaza, market və bazarlarında bu tərəvəzə rast gəlmək olur.

Düzdür, bəzi rayonlarda qarpızın qışa kimi saxlanılması ilə bağlı müxtəlif metodlar tətbiq olunur. Amma həmin qarpızı yemək də olduqca təhlükəli sayılır. Xalq arasında “içini yeyən qarpız” kimi tanınan qışa saxlanılmış qarpızlar ölümlə nəticələnən zəhərlənmələrə səbəb olur. Qarpız mövsümlük bitki olduğu üçün onun yetişdirilmə texnologiyasının məhsulun keyfiyyətinə böyük təsiri var. “Qafqazinfo” “Yeni Müsavat” qəzetinin mövzu ilə bağlı hazırladığı yazını təqdim edir.

Qarpız necə becərilməlidir?

Məlumat üçün bildirək ki, qarpız ən çox Sabirabad rayonunda yetişdirilir. Bu rayonda becərilən “Çələbi” və “Şaban” növü qarpızlar öz dadı və içinin qırmızılığı ilə seçilir. Uzun illərdir qarpız əkən rayon sakini Famil Sayılovun sözlərinə görə, qapızı əkməmişdən öncə torpaq dincə qoyulmalıdır: “Xam  və daha öncə orda nəsə əkilməyən ərazini bostan üçün hazırlamaq lazımdır. Bunun üçün əkin sahəsi bir neçə dəfə şumlanır. Daha sonra sulanır. Əgər alaq otları bitərsə onlar təmizlənir və bir daha şumlanır. Əkin müddətinə kimi bu proses bir neçə dəfə davam etməlidir. Torpaq özünə gəlməlidir ki, məhsul həm tez yetişsin, həm də yaxşı bar versin. Qarpızın  yüzlərlə sortu var. Azərbaycanda ən çox becərilən ”Çələbi"  və “Şaban” sortudur. Tezyetişən qarpız sortları 75-80 günə, orta yetişən 85-100 günə, gecyetişənlər 100-120 günə yetişir. Qarpızdan yüksək məhsuldarlıq götürmək üçün ona vaxtlı-vaxtında qulluq edilməlidir. Suvarma, alaqlama, seyrəltmə, dibdoldurma, gübrələmə, tağların kökləndirilməsi, ucvurma kimi proseslər mütləq olmalıdır".

Famil Sayılovun sözlərinə görə, xalq arasında “Duqa” adı ilə bilinən aprel və may aylarında yetişdirilən qapızları yemək olduqca təhlükəlidir: “Qarpız elə bir bitkidir ki, onu tez yetişdirən və yaxşı məhsul alan çox qazanır. Normal gübrə ilə yetişdirilən qarpız iyul və avqust aylarında yeyilməlidir. ”Duqa" növlü qarpız isə həm insanların sağlamlığına, həm də bazar mühitinə ciddi təhlükəlidir. Keyfiyyətsiz sort kimi bilinən “Duqa” təmiz və dadlı qarpızın bazarını öldürür. Məhsul qalır əlimizdə, sata bilmirik. Belə olan halda kəndli bir az çox xərc çəkərək “Duqa” əkir ki, həm yaxşı qazansın, həm də məhsul əlində qalmasın".

Rayon sakinin sözlərinə görə, problemin yeganə çıxış yolu bu növdən olan qarpızları yeməkdən imtina etməkdir. “Bəs ”Duqa" növünü necə müəyyən etmək olar" sualına isə rayon sakini bu şəkildə cavab verdi: “Çəyirdəyi az və seyrək olur. Kəsəndən 1-2 saat sonra pambıq kimi olur. Dadında bir qədər acılıq hiss olur. Xüsusilə aprel və may aylarında satılır”.

Qarpızı alarkən bunlara diqqət edin

Bəs qarpız alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?

Qarpızın tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr və digər bir sıra vitaminlər var. Qarpızın növlərini formasına, ölçüsünə, görüntüsünə, qabığının qalınlığına görə fərqləndirmək mümkündür. Qalınqabıqlı qarpızlar daşınma və saxlanma üçün daha əlverişlidir. Təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur. Yetişmiş qarpızın saplağı, yanındakı bığcığı quruyur, növə məxsus naxışı tam aydınlaşır. Yetişmiş qarpızlara barmaqla vurarkən “küp” səsi verir. Səthi parlaq olan qarpızları kəsərkən, adətən yetişmiş çıxır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Qarpızın üzərində sarı ləkələr çoxdursa, bu o deməkdir ki, qarpızın çiy çıxma ehtimalı yüksəkdir. Belə qarpızlar həm də şirin olmur. Ona görə də qarpız seçərkən bu məqama diqqət etməyinizdə fayda var.

Qarpızın nə kimi faydaları var?

Qarpız, ilk növbədə, susuzluğa faydalıdır. Belə ki, insan orqanizmi üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə kömək edir, qanı durulaşdırır. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür.

Hələ qədim zamanlardan dədə-babalarımız qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içməklə bəlğəmi kəsiblər.

Bir çox ailələrdə uşaqlar qarpız tumunu yeyərkən valideynlər buna əsəbiləşirlər. Halbuki qarpızın tumu da çox faydalıdır. Məsələn, böyrək daşından əziyyət çəkən böyüklərin qarpız tumunu yemələrində fayda var. Belə ki, qarpız tumu böyrək daşını salır. Qarpız qabığından bişirilmiş mürəbbə sinə, mədə ağrısı üçün faydalıdır, həzm zəifliyini aradan qaldırır.

Qarpızı 4 ay saxlamaq olar

Qarpız alarkən onun saxlanma yerinə də fikir verməyinizdə fayda var. Belə ki, qarpızın hansı şəraitdə saxlanması və satış şəraiti çox önəmlidir. Məsələn, sanitar-gigiyenik qaydalara görə, istər ticarət şəbəkələrində, istərsə də evlərdə qarpız qapalı yerlərdə, həm də saplağı yuxarı olmaq şərtilə saxlanılmalıdır. Qarpızı bir neçə qat kağıza büküb, sərin yerdə, çanta və ya torbada 4 ay saxlamaq olar. Doğranmış qarpız dilimlərini üstü bağlanan plastik və polietilen qabda qablaşdırıb donduraraq, mənfi 18 dərəcə temperaturda saxlamaq da mümkündür.

Google+ WhatsApp ok.ru