Həkimlər İlqar Nəsibovu Bakıya gətirməyə qoymur

Naxçıvanda döyülən hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 25-də məhkəmə-tibbi ekspertizasından keçirilib. Məlumatı “Azadlıq” radiosuna İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova verib. Onun sözlərinə görə, İlqarın ağrıları güclənib, həkimlər danışmağa və hərəkət etməyə icazə vermirlər: “Ekspertizadan gəlib xəsarətləri yazdılar. Dedilər ki, gələn həftə polis araşdırmasının nəticəsi bəlli olacaq. Onlar da dedi ki, bu döyülmə bir nəfərin işi deyil. Dedilər ki, bir neçə nəfər döyüb.
 
İlqarı Bakıya müalicəyə gətirmək istəyirdik, həkimlər icazə vermədilər. Tomoqrafiya cavablarını Beynəlxalq Sərhədsiz Həkimlər Təşkilatına da göndərmişdik. Onlar da bildiriblər ki, beyin silkələnməsinə görə İlqara tərpənmək olmaz. Ola bilsin, təşkilat Naxçıvana həkim göndərdi”.
 
Məlahət Nəsibova deyib ki, bu gündən həyat yoldaşına yemək verməyə başlayıblar: “Həkimin məsləhəti ilə İlqar bu gündən yeməyə başlayıb. Duru yeməklər içir. Həkim deyib ki, danışmaq, dərdləşmək olmaz. Ancaq yatmaq, yaxud yarıuzanmış vəziyyətdə olmaq olar. Ağrıları indi daha çox hiss etməyə başlayıb. Çox güclü ağrıları var. Ağrıkəsici vurmasaq, yata bilmir. Ev şəraitində müalicəni davam etdiririk. İynələrini mən vururam”.
 
İlqar Nəsibov avqustun 21-də Naxçıvanda, həmtəsisçisi olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin ofisində döyülüb. Bu quruma onun həyat yoldaşı Məlahət Nəsibova rəhbərlik edir.
 
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi bildirir ki, baş vermiş hadisə ilə bağlı daxil olmuş məlumat əsasında Naxçıvan Şəhər Polis İdarəsi araşdırma aparıb. Araşdırma aparanlar iddia edir ki, İlqar Nəsibovu uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Naxçıvan şəhər sakini Fərid Əsgərov məişət zəminində döyüb. Fərid Əsgərov tutulub.

Google+ WhatsApp ok.ru