Hətta erməni idmançıların da xərcini Azərbaycan ödəyəcək

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Bakıya Avropa Olimpiya Oyunlarına gələcək bütün 50 ölkə komandalarının nəqliyyat və digər xərclərini Azərbaycan ödəyəcək.
 
O, onu da deyib ki, idmançıların xərclərinin ödənməsi Avropa Olimpiya Komitəsi ilə bağlanmış müqavilədə nəzərdə tutulub.
 
Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edəcək erməni idmançılarının da bütün xərclərini Azərbaycan ödəyəcək.
 
Jurnalistlərə açıqlamasında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bunu da etiraf edib. “Belə praktika Olimpiya oyunları keçirilərkən həmişə olub. İdmançıların nümayəndə heyətlərinin gəlib-getmək xərclərini bir qayda olaraq ya ev sahibi olan ölkə, ya da Beynəlxalq Olimpiya Komitəsi ödəyir. İndiki halda həmin xərcləri Azərbaycan öz üzərinə götürüb. O cümlədən, böyük ehtimalla tranzitlə Tiflisdən gələcək erməni nümayəndə heyətinin xərclərini də”, – deyə Ç.Hüseynzadə vurğulayıb.
 
Onun sözlərinə görə, bütün nümayəndə heyətləri Olimpiya kəndində, milli olimpiya komitələrinin rəhbərləri və baş katibləri isə Fairmont otelində yerləşdiriləcək.
 
Beynəlxalq və Avropa Olimpiya komitələrinin prezidentləri də idmançılardan aralı ərazidə yerləşdiriləcəklər. MOK-un vitse-prezidenti onu da vurğulayıb ki, Azərbaycan bu tədbirdə, maliyyə cəhətdən,dünyanın bir çox ölkələrinə translyasiya olunacaq televiziya yayımlarından gəlir götürəcək.
Yeri gəlmişkən, «The Guardian» qəzeti yazıb ki, Britaniya Olimpiya Assosiasiyası (BOA) iyunda Azərbaycana 160 atlet göndərəcək. Bu, ötən il Soçiyə göndəriləndən 3 dəfə çoxdur. Böyük Britaniya komandasının rəhbəri Mark England da deyib ki, komandanın göndərilməsi xərcini artıqlaması ilə təşkilatçılar çəkir.Virtualaz.org /
 
 

Google+ WhatsApp ok.ru