Həlak olan kəşfiyyatçıların valideynləri onlara qayğının olmamasından şikayətlənirlər

Oktyabrın 16-da İkinci Fəxri Xiyabanda 1997-ci ildə ermənilərin işğal etdikləri ərazilərdə hərbi əməliyyatlar zamanı həlak olan  Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyat qrupu üzvlərini anım mərasimi keçirilib. Qrupun 8 üzvündən bir nəfər sağdır  – ikinci qrup əlil Aqil Əhmədov. O, iki il əsir qaldıqdan sonra dəyişdirilib.
 
Kəşfiyyat qrupu ermənilərin arxa cəbhəsində bir neçə gün hərbi tapşırıqları yerinə yetiriblər. Lakin döyüşçülər düşmən tərəfindən aşkar edilib və mühasirəyə alınıb. Ağır döyüşlər zamanı qrup  düşmənin xeyli sayda hərbçisini məhv edib  və əsir düşməmək üçün özlərini qumbara ilə partladıblar.
 
Qrup üzvləri ölümdən sonra “İgidliyə görə” medalı ilə təltif ediliblər. Onların ölümündən 18 il sonra qəhrəmanların valideynləri hərbi rəhbərlik və icra hakimiyyətinin onlara diqqət göstərməməsindən, döyüşlərdə qəhrəmancasına həlak olan şəhid ailələrinə qayğının olmamasından şikayətləniblər.  Həlak olanların valideynləri həmçinin narazılıqla bildiriblər ki, kəşfiyyat qrupunun sağ qalan üzvü A.Əhmədov indiyədək xaricdə lazımi müalicə almayıb və bədənində qəlpə qalıqları ilə yaşayır.

Google+ WhatsApp ok.ru