Həccdən qayıdan zəvvarların virusa yoluxması təbiidir - Səhiyyə Nazirliyi

Həcc ziyarətindən qayıdan zəvvarların yoluxduqları virus qorxulu deyil. Maide.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova modern.az saytına deyib ki, zəvvarlar sərhəddən keçərkən səhiyyə məntəqələrində yoxlanılırlar:
 
"Əgər təhlükəli virus olsaydı, o zaman diqqətə çatdırılardı. Amma zəvvarlarımız ölkəyə qayıtdıqdan sonra onlarla bağlı bizə müraciət edən olmayıb".
 
Səfayə Əhmədova onların virusa yoluxmalarının da təbii olduğunu qeyd edib: "Onlar daim hərəkətdə olurlar, bir sıra prosedurları yerinə yetirirlər və təbii olaraq immunitetləri aşağı düşüb. Yəqin ki, soyuq olduğundan xəstələniblər, yəni bu qorxulu deyil, onların ətrafındakılar da bu virusa yoluxarlar".
 
Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan bir çoxunda virus aşkarlanıb. Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Həci Kitabullah Əkbərov APA-ya bildirib ki, zəvvarlar bu virusa Səudiyyə Ərəbistanında yoluxublar.
 
Bunun kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K. Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir:"Həccdən qayıdan 500-dən çox hacı bu virusun daşıyıcısıdır. Buna da səbəb onların orada düzgün pəhriz saxlamamaları, soyuq su içmələri və digər məsələlərdir".

Google+ WhatsApp ok.ru