Hərbi Məhkəmənin qarşısında əsgər anasının fəryadı

FHN-in hərbi hissəsində dünyasını dəyişmiş Tapdıq Babaşovun yaxınları məhkəmənin qarşısında aksiya keçirtdi
 
Bu ilin mayında Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində dünyasını dəyişmiş əsgər Tapdıq Babaşovun yaxınları Bakı Hərbi Məhkəməsinin qarşısında aksiya keçirib. Mərhumun anası Kifayət Süleymanova və digər qohumları əllərində Tapdıq Babaşovun şəkillərini qaldıraraq, hökumətdən əsgər ölümlərinin qarşısını almağı, bu cinayətləri törədənlərin ağır cəzalandırılmasını tələb ediblər. Aksiya iştirakçıları eyni zamanda, ölkədə əsgər ölümlərinin artdığını vurğulayıblar.
 
“O adamlar dar ağacından asılmalıdır”
 
Oğlunun “dedovşina”nın qurbanı olduğunu bəyan edən Kifayət Süleymanova dövlət başçısı Ilham Əliyevə üz tutub:
 
“Mənim oğlum Azərbaycanda ”dedovşina”ya qarşı döyüşərkən, əsgərlərin hüquqlarını müdafiə etməyə çalışarkən şəhid oldu. Şəhidlər ölmür, mənim oğlum ölməyib. Ölənlər o iyrənc çavuşlar, onların acgöz komandirləri, harınlamış generallarıdır. Bu gün biz Hərbi Prokurorluqda tapmadığımız ədaləti Hərbi Məhkəmədə axtarırıq. Oğlumun qatili düzgün tapılıb üzə çıxarılmalıdır. Mən buradan Azərbaycan prezidentinə müraciət edirəm. Cənab prezident, Azərbaycanda əsgər ölümü baş alıb gedir. Əsgər ölümünə son qoymaq lazımdır. Elə bu gün, bu dəqiqə yeni qanunlar imzalanmalıdır. Əsgərləri öldürən canilər Vətən xainidir, belə də adlandırılmalıdır. O adamlara ömürlük həbs cəzası verilməlidir, dar ağacından asılmalıdır. O zaman anaların ürəyi bir az sakitləşər”.
 
Qeyd edək ki, Tapdıq Babaşov Bakı Dövlət Universitetinin tarix fakültəsini qırmızı diplomla bitirib. Uşaq yaşlarında atasını itirən Tapdıq Babaşov evin yeganə oğlu idi…
 
“Vicdanınız oyansın, düzünü deyin ki, Tapdığı necə öldürüblər”
 
Aksiyadan sonra Tapdıq Babaşovun ölümü, eləcə də hərbi hissədə 50 nəfər əsgərin işgəncəyə məruz qalması ilə bağlı məhkəmə iclası keçirilib. Bu işə Bakı Hərbi Məhkəməsində hakim Müslüm Əliyevin sədrliyilə baxılır.
 
Bu cinayət işi üzrə təqsirləndirilən qismində məhkəmə qarşısına üç nəfər – Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov çıxarılıb ki, onlar da həmin hərbi hissənin əsgərləri olub. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına görə, onlar digər əsgərləri döyüblər, təhqir ediblər, bu hərəkətlərilə Tapdıq Babaşovu intihar həddinə çatdırıblar.
 
Qeyd edək ki, Biləcəridəki sözügedən hərbi hissənin 50 əsgəri də zərərçəkmiş qismində tanınıb. Iş materiallarına əsasən, təqsirləndirilən şəxslər hərbi hissədə onları döyüb, təhqir edib.
 
Məhkəmə iclası başlamamışdan əvvəl zalda Kifayət Süleymanova zərərçəkmiş əsgərlərə üz tutaraq, onlardan Tapdıq Babaşovun ölümü üzrə araşdırmalar zamanı çəkinərək yalan danışmaqda qınadı. Bildirdi ki, Tapdıq Babaşov məhz “dedovşina”nın aradan qaldırılması, digər əsgərlərin işgəncəyə məruz qalmaması üçün özünü qurban verdi: “Sizlərin sağ qalması üçün mənim oğlum şəhid oldu, amma siz həqiqəti dandınız. Qorxudan ancaq döyülməyinizi boynunuza aldınız. Qorxan adam vətəni necə qoruya bilər? Vicdanınız oyansın, düzünü deyin ki, Tapdığı orada necə öldürüblər”.
 
Məhkəmə iclası qısa olub. Təqsirləndirilən şəxslərdən Elməddin Babayevin vəkili Rəhim Qurbanov müdafiə prosesinə yeni qoşulduğundan iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən də məhkəmə yanvarın 11-nə qədər təxirə salınıb.
 
Xatırladaq ki, Tapdıq Babaşov bu il mayın 22-də Biləcəridəki N saylı hərbi hissədə naməlum şəraitdə dünyasını dəyişib. Cinayət işinin materiallarına görə, əsgər özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib.
 
“Oğlumu öldürüb üçüncü mərtəbədən atıblar”
 
Məhkəmə iclasından sonra mediaya açıqlama verən zərərçəkmiş Kifayət Süleymanova bir daha vurğulayıb ki, oğlu intihar etməyib, onu öldürüb üçüncü mərtəbədən atıblar: “Əlimizdə bunu təsdiqləyən faktlar, sübutlar var”.
 
Zərərçəkmiş əlavə edib ki, yerli məhkəmələr ədalətli qərar çıxarmasalar, Avropa Məhkəməsinə üz tatacaq: “Nə olursa olsun, bu işi belə qoymayacam”.azadliq /
 

Google+ WhatsApp ok.ru