Hər ana bir müəllimdir!

Hər ana bir müəllimdir!

Bu mükafatlar, uşağınıza Quranı öyrətdiyiniz və onu İslamla tanış etdiyiniz üçündür...
Maide.Az bildirir ki, İslamda analıq məqamını, analıq mövqeyini və insanın həyatındakı rolunu anlaya bilməyimiz üçün uca Rəbbimizin kitabına və Rəsulullahın (s) və Əhli-beytinin (ə) nurlu kəlamlarına müraciət etməyimiz lazımdır.
 
Allah Qurani-Kərimdə belə buyurmuşdur:
Ana müəllim
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de." ("İsra", 23-24)
Bir başqa ayədə belə buyurur:
"Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!" ("Loğman", 14)
 
Allah Taala ana-ataya yaxşılıq etməyi, onlara şükür etməyi Öz ibadəti və şükrü ilə yan-yana zikr etmişdir. Bu da ana-atanın Allah qatındakı məqamını və onlara yaxşılıq və itaət etmənin əhəmiyyətini göstərməkdədir. Ona görə də ana-ataya itaət etmək günah və vacib olan şeylər istisna olmaqla vacibdir. Hətta, ana-ata övladını müstəhəb (bəyənilən) olan bir əməli etməkdən nəhy edib başqa bir işə əmr etsələr, onlara itaət etmək lazımdır.
 
Bir gün bir adam Rəsulullahın (s) yanına gələrək;
"Ey Allahın Elçisi! Ana-atanın övladları boyundakı haqqı nədir?" -deyə soruşduqda əziz Peyğəmbərimiz belə buyurdu: "Onlar sənin cənnət və cəhənnəmindir". [1]
Yəni, onlara edəcəyin yaxşılıqlar və onlara qarşı vəzifələrini yerinə yetirməklə cənnəti qazana bilər. Amma onlara qarşı vəzifələrini yerinə yetirməzsən cəhənnəmi qazanmış olarsan.
 
Həzrət Əli (ə) belə buyurmuşdur: "Ana ataya yaxşılıq etmək ən böyük fərzdir." [2]
 
İmam Sadiq (ə) isə: "Allah ana ataya yaxşılıq etməyi əmr etmişdir" ayəsini belə açıqlamışdır: "Yaxşılıq etmək onlarla yaxşı dolanmaq və ehtiyaclarını ağız açıb istəmədən yerinə yetirməkdir..." [3]
 
Yenə Rəsuli Əkrəm (s) belə buyurmuşdur: "Kim ömrünün uzanmasını və ruzisinin bol olmasını istəyirsə, ana atasına yaxşılıq etsin və qohumları ilə əlaqələrini kəsməsin". [4]
"Qiyamət günündə yaxşıların yaxşısı öldüklərindən sonra da ana və atalarına yaxşılıq edən kəslərdir". [5]
İmam Rza (ə) belə buyurur: "Ana-ataya yaxşılıq etmək vacibdir; hətta müşrik olsalar belə. Əlbəttə, Allaha üsyan olan şeylərdə onlara itaət edilməz". [6]
 
Bu ayə və hədislərdən ana və ataya yaxşılıq və itaət etmənin əhəmiyyəti aydın görülməkdədir. Bir çox hədisdə isə ananın haqqı və ona yaxşılıq etmənin əhəmiyyətinə toxunulmuşdur. Nümunə olaraq;
Biri Rəsulullahdan (s) soruşur: "Mən kimə yaxşılıq edim." Rəsulullah "Anana" deyir. Sonra təkrar kimə? -  deyə soruşduğunda təkrar "Anana" deyir. Həmin şəxs təkrar soruşanda; Rəsulullah (s) təkrar "Anana" deyir. Adam təkrar soruşduqda Rəsulullah (s) bu dəfə "Atana" deyə cavab verir.". [7]
Belə rəvayət edilir ki,  bir şəxs Peyğəmbərin yanına gələrək "Ey Allahın Rəsulu! Mən çox pis işlər etmişəm, görəsən mənim tövbəm qəbul olarmı? - dedi. Peyğəmbər (s) "Anan və ya atan yaşayırmı? -deyə soruşduqda, o şəxs "Atam yaşayır" dedi. Peyğəmbər "Get və ona yaxşılıq et" -buyurdu. Adam çıxıb getdikdən sonra, Peyğəmbər (s) yanındakılara dönərək belə buyurdu: "Kaş ki, anası sağ olsaydı ona yaxşılıq etsəydi, tövbəsi daha tez qəbul olardı." [8]
 
Bir gün Həzrəti Musa (ə) Allah ilə münacat edərkən Allahdan cənnətdəki yoldaşını özünə tanıtmasını istər. Belə xitab gələr: "Sənin cənnətdəki yoldaşın filan yerdə yaşayan gəncdir".
Həzrət Musa (ə) gənci tapmaq üçün həmin yerə gələndə, onun qəssablıq edən biri olduğunu görür. Hz. Musa (ə), gəncin hansı əməlinə görə belə uca bir mövqeyə sahib olduğu anlamaq üçün gənci uzaqdan izləməyə başlayır. Axşama qədər gözləyir, lakin əhəmiyyətli bir əməlini görmür. Axşam olanda gənc, iş yerini bağlayıb evə getmək istəyəndə Həzrət Musa (ə) özünü tanıtmadan adamdan o gecə onu özünə qonaq etməsini istəyər. Hz Musa (ə) bu vəsilə ilə gecə boyunca da gəncin yaxşı əməllərini təqib etməyi qarşısına məqsəd qoymuşdur.
Gənc Hz. Musanın (ə) istəyini qəbul edib onu öz evinə aparır. Hz. Musa (ə) evə girdiyində gəncin hər şeydən əvvəl yemək hazırladığını, daha sonra evdə olan və əli ayağı iflic olan qoca bir qadının yanına gələrək böyük bir səbr və şəfqətlə yeməyi yedirdiyini, sonra paltarını dəyişdirdiyini, tualet ehtiyacını aradan qaldırmasına köməkçi olduğunu və yatağına yatırdığını görür.
Hz. Musa (ə) o gecə səhərə qədər gəncin normal dini vəzifələr xaricində fövqəladə bir əməlini, ibadətini, münacatını müşahidə etmir. Sabah olanda isə, yenə gənc evdən çıxmazdan öncə o qadının yeməyini yedirir və digər ehtiyaclarını aradan qaldırmaqda köməkçi oldu. Vidalaşarkən Hz. Musa gəncdən soruşar: "Bu qadın kimdir və sən ona yemək yedirərkən, gözlərini səmaya dikərək nə söyləyirdi?" Gənc "Bu mənim anamdır" deyir. Mən ona yemək verdiyim zaman haqqımda belə dua edir: "Allahım bu xidmətlərin qarşılığında oğlumu cənnətdə Hz. Musaya (ə) yoldaş et." Həzrət Musa (ə) gəncə anasının duasının qəbul olduğunu müjdələyib Allahı ilə etdiyi münacatı gəncə danışır".
 
Rəsuli Əkrəmdən (s) belə nəql edilmişdir: "Cənnət anaların ayağı altındadır". [9]
 
Bir başqa hədisdə: "Anaların ayaqlarının altı cənnət bağçalarından bir bağçadır" -buyurmaqdadır. Bu hədisin bir mənası budur;
- Cənnət, anaların razılığını qazanmaq və onlara yaxşılıq etməklə mümkün olur.
Hədisin bir başqa mənası isə:
- Analar istəyərsə yetişdirdikləri mömin və saleh övladlarla dünyanı cənnətə çevirə bilərlər. Uşaqların səadət və xoşbəxtliyində təməl daşı qoyan anadır. Eyni şəkildə pislik və bədbəxtliklərinin də ilk təməl daşını qoyan yenə anadır. Çünki, anaların niyyətlərinin, yedikləri loxmalarının, əməllərinin, davranışlarının, imanı və təqvasının bətnindəki uşağa təsiri böyükdür. Doğulduqdan sonra da uşaq, ana və atanın, xüsusilə, ananın bütün hərəkətlərini izləyib təqlid edər. Ananın verdiyi tərbiyə ilə uşağın irəlidəki şəxsiyyəti yavaş yavaş formalaşmağa başlayar. Bu səbəbdən Peyğəmbər (s) belə buyurmuşdur: "Salehə bir yoldaşla evlənmək, kişinin səadətindəndir". [10]
Çünki, ailənin və uşaqların səadəti böyük ölçüdə anaya bağlıdır.
 
İmam Sadiq (ə) belə buyurmuşdur: "İffətli və həyalı bir anası olan nə xoşbəxtdir!" [11]
 
Nəql edilən hədislər, ananın insan həyatındakı istisnasız rolunu və əhəmiyyətini göstərir. Çünki, analar, ana olmaqla yanaşı, həm də bir müəllimdirlər. Yetişdirdikləri uşaqların əməllərinə ortaqdırlar.
 
İmam Həsən Əsgəri (ə) belə buyurmuşdur: "Allah, qiyamət günü bəzi ana və atalara mükafat verəcək. Onlar, "Ey Rəbbimiz, biz bu mükafatlara layiq olacaq nə etdik? Bizim əməllərimiz buna layiq deyildi" -deyə soruşduqlarında belə bir cavab alacaqlar: Bu mükafatlar, uşağınıza Quran öyrətmək və onu İslam diniylə tanış etdiyiniz üçündür". [12] (tebyan) /
 
Mənbələr:
[1] "Ət-Tərğib-u Vət-Tərhib", c.3, səh.316.
[2] "Ğurər-ul Hikəm", hədis: 4423
[3]  "Əl-Kafi", c.2, səh.157.
[4]  "Ət-Tərğib-u Vət-Tərhib", c.3, səh.317.
[5]  "Biharul Ənvar", c.74, səh.86.
[6] "Biharul Ənvar", c.74, səh.72.
[7]  "əl-Kafi", c.2, səh.159.
[8]  "Biharul Ənvar", c.74, səh.82.
[9]  "Kənzul Ummal", hədis: 45439.
[10] "əl-Kafi" c.5, s.327.
[11] "Biharul Ənvar", c.23, səh.79.
[12] "Müstədrəkul Vəsail", c.1, səh.290

Google+ WhatsApp ok.ru