Həbsdəki jurnalist Cəlilabada “etap” edilib

Həbsdəki jurnalist Cəlilabada “etap” edilib

-- Sadıqovun məhkəmə prosesi mayın 4-də başlayacaq

Azel.tv saytının təsisçisi və redaktoru, hazırda həbsdə olan Əfqan Sadıqov Kürdəxanı təcridxanasından Cəlilabad rayonuna "etap" edilib.
 
Bu haqda Turan-a jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib.
 
Onun bildirdiyinə görə, jurnalistin "etap" edilməsi Cəlilabadda yeni məhkəməsinin başlaması ilə əlaqəlidir. Bu günlərdə rayon məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əziz Əzizovun Ə.Sadıqova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılacaq.
 
Sevinc Sadıqova həyat yoldaşının sağlıq durumunun yaxşı olmadığını, təzyiqinin olduğunu və ayaqlarında şiş əmələ gəldiyini bildirib. Onun sözlərinə görə, aprelin sonlarında Kürdəxanıda aclıq aksiyasına başlayıb və ağzını tikib.
 
Cəlilabad rayon Məhkəməsindən isə Turan-a deyiblər ki, Ə.Sadıqovun məhkəmə prosesi mayın 4-də başlayacaq.
 
Penitensiar Xidmətdən Ə.Sadıqovun durumu ilə bağlı bilgi almaq mümkün olmayıb. Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov cəzaçəkmə müəssisəsində və təcridxanada Ə.Sadıqovun səhhətinin həkim nəzarətində olduğunu bildirmişdi.
 
"Aprel ayında xroniki xəstəlikdən Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında müalicə də alıb", deyən İ.Qurbanov əlavə etmişdi ki, Ə.Sadıqov arterial qan təzyiqindən əziyyət çəkir və buna görə davamlı dərman qəbul etməlidir.
 
Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayır.
 
2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.
 
2017-ci ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Ə.Əzizovun qaldırdığı bildirilir. Bu dəfə o, rəhbərlik etdiyi saytda böhtan yayılmasında ittiham edilir. Redaktor bu ittihamı da qəbul etmir.
 
Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alır.
 
Ancaq rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.(contact.az)

Google+ WhatsApp ok.ru