HƏYA İLƏ XƏCALƏTİN FƏRQİ (2)

HƏYA İLƏ XƏCALƏTİN FƏRQİ (2)

-- ən yaxşı həya...

“Həya” məfhumu “xəcalət” məfhumundan tamamilə fərqlənir. Xəcalət insanın fəaliyyət dairəsini kiçildir, onun üçün problemlər yaradır. Əsl həya isə eyibli bir iş görən insanın keçirdiyi haldır. Həya yalnız öz şəxsiyyətini qiymətləndirən insanlarda olur. Onlar kiçik bir nöqsana yol verdikdə, öz şəxsiyyətlərini itirməkdən qorxurlar.

İkinci bir tərəfdən, həya əxlaqi səciyyə olaraq yaxşını pisdən ayırır. Bəzən insan yaxşı bir işi eyib hesab edir. Müəllimə sual vermək istəyən tələbəni nəzərimizdə canlandıraq. Onun qəlbi titrəyir, rəngi ağarır. Nə üçün bu hala düşdüyünü soruşsaq, deyər ki, xəcalət çəkirəm. Ona görə də belə bir məsəl məşhurdur: “Bilməmək eyib deyil, soruşmamaq eyibdir.” Çoxları cəmiyyət içərisində qüsurlu görünər deyə danışmır.

Hərtərəfli bacarıq üçün məşq və təkrara ehtiyac vardır. İnsan özünə təlqin edə bilər ki, mən kütlə içərisində danışa bilər və sadə danışıq üsulu seçməklə müvəffəq ola bilərəm. Qəti şəkildə deyə bilərik ki, uyğun hallarda xəcalət çəkib susmaq pisdir. Belə xəcalət insanı təkmül yolundan saxlayır. Axı sual verməyən tələbə və şagird nə öyrənə bilər?

İnsan “bilmirəm” deməyi də bacarmalıdır. Əgər bunu bacarmırsa, daha böyük nöqsanlara yol verərək yalan danışıb camaatı azdıra bilər. Yersiz xəcalətə görə kütləni azdıranlar bütün kütlənin günahına şərikdirlər.

İmam Sadiq (ə) buyurur: “Sizə verilmiş sualın cavabını bilmirsinizsə, deyin ki, bilmirəm!”

Mərhum Əllamə Təbatəbai öz tələbələrinə “bilmirəm” deməyi öyrədən böyük ustadlardandır.

Demək, utancaqlıqdan vacib şəri məsələni öyrənməmək, “bilmirəm” deməkdən utanaraq yanlış cavab vermək olduqca pis sifətlərdəndir.

Diqqət edin, əgər insanın öz eybini gizlətməsi onun özü və cəmiyyət üçün zərərli olmazsa, daha yaxşı olar ki, bu eyib gizli qalsın. Məsələn, illərcə qabaq çirkin işə yol vermiş adam bu işi xatırlayanda xəcalət çəkir. Başqalarının ona bu işi xatırlatması yol verilməzdir.

ƏN YAXŞI HƏYA

Sual oluna bilər ki, insan yalnız insandan, yoxsa Allahdan da həya etməlidir? Əvvəla, müəyyən olmalıdır ki, görülən iş nə dərəcədə çirkindir? İkincisi, insan gördüyü çirkin işə nə dərəcədə diqqətli olub? Bu çirkin iş kimin qarşısında baş verib?

Allahın hüzurunu hiss etməyən zəifimanlı insanlar, adətən, Allahdan xəcalət çəkmir. İnsan o zaman xəcalət çəkir ki, onun bu çirkin işini görən olsun. İnsan Allahın hər yerdə hazır olduğunu bilsə də, bu hüzur insanı günah fikrindən daşındırmır. İnsan Allahın əzəmətini dərk etdiyi qədər də Ondan xəcalət çəkir. Allahın əzəmətindən qafil insan, adətən, vəzifəli, güclü adamların qarşısında səhvə yol verdikdə, daha çox xəcalət çəkir. Amma bir çoxları da imkansızlardan, uşaqlardan qətiyyən çəkinmirlər.

Əgər özümüzdə belə bir hal müşahidə ediriksə, hökmən tövbə etməliyik. Belə tövbələr rəvayətdə “həya tövbəsi” adlandırılmışdır. İmam Rzanı (ə) ziyarət etdikdən sonra oxuyuruq:

اِنّى اَسْتَغْفِرُكَ اسْتِغْفارَ حياء

“Mən Sənə üz tutub həya istiğfarı edirəm.

Allaha diqqət edib öz çirkin işinə görə insan tövbə edərsə, bu xalis tövbələrdən olar. Allahın əzəmətini dərk edən insan Onun göstərişini pozub xəcalət çəkməyə bilərmi? Demək, ən üstün həya Allahdan edilən həyadır. Biz inanırıq ki, gizlində və aşkarda iki nəzarətçi mələyimiz var. Bütün çirkin işlərimizdən xəbərdar olan bu iki mələkdən xəcalət çəkməliyik.

Bir mühüm nöqtə də var: Alt paltarla cəmiyyət arasına çıxmaq pis işdir. Amma insan evdə tək olduğu zaman Allahın hüzurunda olduğunu düşünərək alt paltarda qalmaqda çəkinməsinə ehtiyac yoxdur. Məsələn, ümumi hamamda başqalarından xəcalət çəkmək təbii olsa da, kimsəsiz yerdə yuyunarkən Allahdan xəcalət çəkmək yersizdir. Çünki paltar insan nəzəri üçün maneədir. Daş divar arxasındakı insanı görən Allah üçün libas maneə deyil.

İnsan Allahdan o zaman xəcalət çəkməlidir ki, özünə zülm edərək ilahi qanunları pozur. İnsan üçün bütün hallarda Allahı xatırlamaq faydalıdır. Musa peyğəmbər (ə) Allaha ərz edir ki, Pərvərdigara, elə hallar var ki, mən səni düşünməyə xəcalət çəkirəm. Allah-Taala buyurur: “Məni düşünmək heç halda pis deyil.” (“Biharul-ənvar”, cild 13, bölüm 11, hədis 21.)

Allahın çirkin hesab etmədiyi heç bir işə görə xəcalət çəkmək lazım deyil. Xüsusilə, ərlə-arvad arasındakı münasibətlərdə xəcalət yersizdir.

Həya ən üstün, ən dəyərli insani sifətdir. Çünki məhz həya səbəbindən insan bir çox çirkin işlərdən yaxa qurtarır. Rəvayətdə buyurulur:

لا ايمان لمن لا حياء له؛

“Həyası olmayanın imanı yoxdur.” “(Üsuli-kafi”, cild 2, səh.106.”)

لا حياءَ لِمَنْ لا دين له؛

“Dini olmayanın həyası yoxdur.(“Biharul-ənvar”, cild 78, bölüm 19, hədis 6.)

(“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 27-ci dərs, səh.297-298.)

(Maide.Az)

 

İlk yazını BURADAN oxuya bilərsiniz. 

Google+ WhatsApp ok.ru