Həbsdəki bloqqerin xəstə anasının yanına buraxılması istənilir

Həbsdəki bloqqerin xəstə anasının yanına buraxılması istənilir

Həbsdəki bloqqer Mehman Hüseynovun hazırda xəstə yatan anasının yanına müvəqqəti buraxılması üçün edilən müraciətə rəsmi qurumlar hələlik cavab verməyib.
 
Bu haqda Turan-a bloqqerin atası Rafik Hüseynov bildirib.
 
Onun sözlərinə görə, oğlunun vəkilləri 3 gün əvvəl onun xəstəxanadakı anasına baş çəkməsi üçün həbsxana rəhbərliyinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət ediblər. Lazım olan tibb sənədlərini də toplayıb göndəriblər. Mehman Hüseynov anasının yanına hələlik buraxılmayıb, ümumiyyətlə müraciətə hər hansı cavab gəlməyib.
 
R.Hüseynovun sözlərinə görə, həyat yoldaşı Firəngiz Hüseynova hazırda Neftçilər Xəsətəxanasında reanimasiyadadır. Onun sözlərinə görə, ötən həftə həyat yoldaşının ürəyində problemlər yaranıb, kliniki ölüm keçirib, hazırda komadadır. Əməliyyat olunması lazımdır, ancaq bunun üçün durumunda ciddi yaxşılaşma əldə edilməlidir. Əvvəlki günlərlə müqayisədə F.Hüseynovanın durumunda cüzi irəliləyiş var.
 
Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub.
 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Mehman Sadıqov M.Hüseynovun müvəqqəti buraxılacağı ilə bağlı konkret fikir bildirməyib. O, Turan-a deyib ki, bütün müraciətlərə qanunvericilikdə nəzərdə tutulan qaydada baxılır və cavablandırılır. Bloqqerlə bağlı müraciətə də baxılacaq və qanunvericiliyin tələblərinə uygun olaraq cavablandırılacaq.
 
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan 2 il məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib.
 
Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.
 
Mehman Hüseynov çəkdiyi videolarda bəzən hökumətin gördüyü işləri tənqid edib, bəzən də yüksək vəzifəli şəxslərin, deputatların mülkləri barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb.

Google+ WhatsApp ok.ru