Hər il çirkli havadan 600 min uşaq ölür

Hər il çirkli havadan 600 min uşaq ölür

Hər il qapalı və açıq məkanda zəhərli havaya məruz qalmaq yaşı 15-dək olan 600 min uşağın həyatına son qoyur. Belə bir xəbərdarlıqla dünən – oktyabrın 29-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çıxış edib.
 
BMT-nin səhiyyə üzrə bu qurumunun topladığı informasiyaya görə, hər gün dünyada yaşı 15-dən az olanların 93 faizi, yəni 1,8 milyard uşaq təhlükəli səviyyədə çirkli havanı ciyərlərinə çəkir. Bu uşaqlardan 630 milyonunun yaşı beşdən azdır.
 
Və faciəvi sonuclar özünü çox gözlətmir: təkcə 2016-cı ildə 600 min uşaq çirklənmiş havanın yaratdığı kəskin respirator infeksiyalardan dünyasını dəyişib.
 
​MİLYONLARLA UŞAQ ZƏHƏRLƏNİR
 
“Çirkli hava milyonlarla uşağın zəhərlənməsi, onların həyatının məhv olması deməkdir”, – ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus bəyanatında deyib.
 
“Bunun bəhanəsi ola bilməz. Hər bir uşaq təmiz havayla nəfəs alaraq böyüməli, tam potensialını həyata keçirə bilməlidir”, – o, sözlərinə əlavə edib.
 
ÜST bildirir ki, yer üzündə hər 10 nəfərdən 9-dan çoxu təhlükəli dərəcədə zəhərli hava udur və nəticədə hər il yeddi milyon adam vaxtından qabaq dünyasını dəyişir.
 
Hava çirklənməsi uşaqlar üçün özəlliklə təhlükəlidir, dünyada yaşı 5-dən aşağı hər 10 uşaq ölümündən birinin kökündə məhz bu amil dayanır.
 
Hesabat daha yoxsul ölkələrdə uşaqların daha çox risklə üzləşdiyini üzə çıxarıb. Yoxsul və orta gəlirli ölkələrdə yaşı 5-dən az uşaqların 98 faizi çirkli havanın təsirinə məruz qalır. Yüksək gəlirli ölkələrdə isə bu göstərici 52 faizdir, ÜST bildirir.
 
Yoxsul və orta gəlirli ölkələrdə uşaqlarda kəskin respirator infeksiyaların yarıdan çoxunun səbəbi isə həm biş-düş nəticəsində evin havasının korlanması, həm də bayırdakı hava çirklənməsidir.
 
Hesabatda deyilir ki, hamilə qadınlar çirkli havanın təsirinə məruz qalanda onların erkən doğuş ehtimalı böyüyür, kiçik, azçəkili uşaq dünyaya gətirirlər. /azadliq.org/
 

Google+ WhatsApp ok.ru