Hər zaman şükür etməli...

Hər zaman şükür etməli...

Sözsüz ki, bəla və möhnət ilahi imtahan vasitəsi olduğu kimi, var-dövlət, bol ruzi və rahat həyat tərzi də ilahi bir imtahandır. Qurani-Kərimin “Ənbiya” surəsində buyurulur:

...وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ

“Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik.” (“Ənbiya”/35.)

Süleyman peyğəmbərin əhvalatında da göstərilir ki, o, Bilqeysin taxtını öz yanında gördükdə dedi:

...هَذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ...

“...Bu, Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, yoxsa nankorluq?” (“Nəml”/40.)

“Fəcr” surəsində də buyurulur:

فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ، وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ

“Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə deyər: “Rəbbim məni əziz tutmuşdur.” Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, “Rəbbim məni alçaltdı” – deyər.” (“Fəcr”/17.)

Bu ayələrə əsasən, geniş həyat və bol ruziyə sahib olan mömin şəxs nemətlərinin sahibinə şükür etməyi unutmamalı, ona tapşırılan vəzifələri layiqincə yerinə yetirməli, Allahı yalnız çətinlik və möhnətdə deyil, həmişə və hər halda yad etməlidir. Qurani-Kərimdə buyurulduğu kimi, bəziləri dənizdə tufana düçar olub qurtuluşdan məyus olduqları zaman saf niyyətlə Allahı çağıraraq deyərlər:

...لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـذِهِ لَنَكُونَنِّ مِنَ الشَّاكِرِينَ، فَلَمَّا أَنجَاهُمْ إِذَا هُمْ يَبْغُونَ فِي الأَرْضِ بِغَيْرِ الْحَقِّ...

“...Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükür edənlərdən olacağıq. Beləliklə, onlara nicat verən kimi, birdən (görərsən ki,) yer üzündə haqsız yerə zülm edirlər...” (“Yunus”/22-23.)

Başqa bir ayədə isə belə buyurulur:

وَإِذَا مَسَّ الإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَّسَّهُ كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ

“İnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) – böyrü üstə yatanda, oturanda, ayaqüstə (dua edərək) Bizi çağırar. Çətinlik və ziyanı ondan götürdüyümüz zaman Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər...” (“Yunus”/12.)

Əlbəttə, şükürlə bağlı söz çoxdur, lakin burada imanla şükrün əlaqəsinin anlaşılması məqsədilə bəzi ayə və rəvayətlərə istinad etməklə kifayətlənirik:

Allah-Taala şükür edənlər və iman gətirənləri əzab etməyəcəyi barədə belə buyurur:

مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا

“Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!” (“Nisa”/147.)

Bu ayədə diqqəti cəlb edən məsələ şükrün imandan öncə qeyd olunmasıdır. Təfsirçilər bu məsələ ilə bağlı müxtəlif nəzərlər yürütsələr də, rəvayətlərdə imanın səbir və şükürdən ibarət olmasından söz açılır. İmam Əlidən (ə) belə nəql olunur:

اَلایمانُ صَبرٌ فِی البَلآءِ وَ شُکرٌ فِی الرَّ خآءِ

“İman müsibətdə səbir və rahatlıqda şükür etməkdir.” (“Qürərül-hikəm”, c.1, səh.607.)

Başqa bir hədisdə buyurur:

اَلمُؤمِنُ بَینَ نِعمَةٍ وَ خَطیئَةٍ لایُصلِحُهُما اِلَّا الشُّکرُ وَ الاِستِغفارُ

“Mömin nemətlə xəta arasındadır və onları yalnız şükür etmək və (Allahdan) bağışlanma diləməklə islah edə bilər.” (“Qurərul-hikəm”, c.1, səh.567.)

Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَلایمانُ شَطرانِ: شَطرُ صَبرُ، وَ شَطرٌ شُکرٌ

“İman iki hissədən ibarətdir: biri səbir, digəri isə şükürdür.” (“Əvaliyul-ləali”, c.2, səh.66.)

Qeyd etməliyik ki, rahatlıq və şadlıq zamanı dildə şükür etmək kifayət deyil, əksinə hər hansı bir nemətin şükrü həmin neməti Allah-Taalanın təyin etdiyi yerlərdə xərc etmək və işlətməkdir. Necə deyərlər, güclünün şükrü gücsüzün əlindən tutmaqdır. İmam Əli (ə) buyurur:

اِنَّ لِلّهِ فِی کُلِّ نِعمَةٍ حَقّاً فَمَن أَدّاهُ زادَهُ مِنها وَ مَن قَصَّرَ عَنهُ خاطَرَ بِزَوالِ نِعمَتِهِ.

“Həqiqətən Allah-Taalanın hər bir nemətdə şükür haqqı vardır ki, hər kim onu yerinə yetirsə, Allah həmin neməti onun üçün artırar. Kim o haqqı yerinə yetirməkdə səhlənkarlıq etsə, Allah həmin neməti məhv olmaq və əldən çıxmaq təhlükəsinə atar.” (“Tuhəful-uqul”, c.1, səh.206.)

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru