Həm xalqa əl tutmaq, həm də Xaliqə ibadət etmək lazımdır

Həm xalqa əl tutmaq, həm də Xaliqə ibadət etmək lazımdır

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 16-17-ci ayələrində buyurur:

الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ. الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالأَسْحَارِ

“(Təqvalılar) o kəslərdirlər ki, deyərlər: Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik. Elə isə günahlarımızı bağışla və bizi atəş (Cəhənnəm) əzabından qoru. (Onlar) səbirlilər, doğru danışanlar, təvazökarlıqla itaət edənlər, infaq edənlər, səhərlər tövbə qılanlardır.”

Təqvalı insanlarda aşağıdakı xüsusiyyətlər var:

1. Çətinliklər, günahların tərki və ibadətlərin yerinə yetirilməsi zamanı səbir.

2. Danışıq və rəftarda düzlük.

3. Göstərişlərin icrasında qürura yol verməmək, özünü üstün bilməmək, təvazökarlıq və sadəlik.

4. Allahın ruzi etdiyi şeylərdən infaq.

5. Səhər münacatları və Allahdan bağışlanma istəyi. Bəli! Sübh dua üçün ən münasib vaxtdır. İmam Sadiq (ə) buyurmuşdur: “Səhər vaxtının istiğfarı dedikdə, sübh namazı nəzərdə tutulur.” (“Məcməul-bəyan”, uyğun ayənin təfsiri.)

Bəzi rəvayətlərdə bel nəql olunur: “Bir şəxs bir il müddətində gecə namazının qunutunda yetmiş dəfə istiğfar etsə, bu ayə ona aid olar. (“Təhzibul-əhkam”, c.1, səh.309.)

Əbu Bəsir İmam Sadiqdən (ə) səhər istiğfarı haqqında soruşduqda, İmam buyurdu: “Həzrət Peyğəmbər (s) “vitr” namazında yetmiş dəfə istiğfar edərdi.” (“Təhzibul-əhkam”, c.2, səh.120.)

Müfəzzəl ibn Ömər İmam Sadiqə (ə) deyir: “Gecə namazını qıla bilmədiyimdən sübh namazından sonra onu qəza edə bilərəmmi?” Həzrət buyurur: “Eybi yoxdur. Amma bunu ailənə bildirmə. Yoxsa bunu bir sünnət, qayda kimi qəbul edərlər. Belə olsa, Allahın sübh istiğfarı haqqındakı buyruğu diqqətdən yayınar.” (“Mustədrəkul-vəsail”, hədis 3259.)

Bildirişlər

1. Müttəqilər daim tövbə və dua halındadırlar.

2. İman ilahi əfvin zəminəsidir.

3. Əfv – rübubiyyət şəni və tərbiyə şərtidir.

4. Allahın qəhr və qəzəbindən qorxu təqva nişanələrindəndir.

5. Öz yaxşı işlərinizə güvənməyin. Təqvalı olsanız da, Allahın qəhr və qəzəbindən qorxun.

6. Həm xalqa əl tutmaq, həm də Xaliqə ibadət etmək lazımdır.

7. Təqva guşənişinlik, dünyadan xəbərsizlik deyil. Təqvalı insanda bütün kamilliklər cəm olmalıdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 16-17-ci ayələrin təfsiri.)

Maide.az

Google+ WhatsApp ok.ru