Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü (martın 29-u) Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi mətləbləri nəzərinizə çatdırırıq:

 
Adı: Abbas;
 
Künyəsi: Əbülfəzl;
 
Ləqəbi: Qəməri Bəni-Haşim (Haşimilərin ayı), Babül-həvaic (hacətlər qapısı);
 
Doğum günü: 26-cı hicri-qəməri ili, Mədinə şəhəri;
 
Atası: İmam Əmirəlmöminin Əli (ə);
 
Anası: Fatimə Kilabiyyə (Ümmül-Bənin);
 
Həyat yoldaşı: Abdullah ibn Abbasın qızı Lübabə (Tarixdə həzrət Əbülfəzl-Abbasın (ə) 18-21 yaşlarında evləndiyi göstərilir);
 
Övladları: 5 oğul, bir qız: Übeydüllah, Fəzl, Həsən, Qasim, Məhəmməd və Hədiqətün-Nəsəb (və yaxud Hədaiqül-üns);
 
Kərbəlada vəzifəsi: İmam Hüseynin (ə) qoşununun ələmdarı və bayraqdarı;
 
Şəhadət günü: 61-ci hicri-qəməri ili, Məhərrəm ayının 10-u (Aşura günü);
 
Dəfn olunduğu yer: Kərbəla şəhəri;
 
Mübarək ömrü: 34-35 il.
 
Ata-ana tərbiyəsi və ailə mühiti insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Həzrət Əbülfəzl (ə) də bu ümumi qanundan istisna deyildir. Ümmül-Bənin kimi ananın qucağında tərbiyələnmək, Əmirəlmöminin Əli (ə) kimi atadan əxlaqi-mənəvi xüsusiyyətləri öyrənmək, imam Həsən (ə), imam Hüseyn (ə), xanım Zeynəb (s.ə.) və Ümmü-Gülsüm (s.ə.) kimi bacı-qardaşlarla birlikdə boya-başa çatmaq Əbülfəzl (fəzilət atası) yox, Əbülfəzail (fəzilətlər atası) yaradır. Lakin o həzrətin uşaqlıq çağlarını və imamların onun barəsindəki qiymətli kəlamlarını araşdırarkən məlum olur ki, onun gözəl əxlaqı, biliyi, təqvası, ibadəti, mərifəti, şücaəti və fədakarlığı mühitdən doğan şəxsi qazanc deyildir. Bu səciyyələrin bir hissəsi o həzrətdə zatidir ki, atası imam Əlidən (ə) irs aparmışdır.
 
Tarixdə göstərilir ki, imam Əli (ə) xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən bir neçə il il sonra Ümmül-Bəninlə evləndi və bu evlilikdən dörd oğul dünyaya gəldi: Abbas, Ovn, Cəfər və Osman. Onların ən böyüyü Abbas idi. Qeyd edək ki, həzrət Abbasın (ə) anası Ümmül-Bəninin əsl adı Fatimədir. Dörd oğul dünyaya gətirdiyi üçün ona “Ümmül-bənin” (oğullar anası) deyildi.
 
Həzrət Əbülfəzl-Abbas (ə) 26-cı hicri-qəməri ilinin Şəban ayının 4-də, Mədinə şəhərində dünyaya göz açmışdır. O, doğulan gün imam Əli (ə) körpəni qucağına alıb, sağ qulağına azan, sol qulağına isə iqamə dedikdən sonra adını Abbas qoydu.
 
“Abbas” sözünün lüğətdə bir çox mənaları vardır ki, bir mənası da güclü aslan deməkdir. İmam Əli (ə) oğlunun bədəninə baxıb, bədənində şücaət və qəhrəmanlığı gördükdə, adını Abbas qoydu. İmam Əli (ə) bəzən Abbası qucağına alıb qollarını öpərək ağlayardı. Bir gün Ümmül-Bənin o həzrətin ağlamasının səbəbini soruşduqda, Həzrət belə cavab verdi: “Bu əllər Hüseynə kömək yolunda kəsiləcəkdir.”
 
Bəli, Abbas, imam Əlinin (ə) evində, imanlı və vəfalı ana qucağına, imam Həsən (ə) və imam Hüseynin (ə) kənarında boya-başa çatdı və bu pak ailədən böyük insanlıq, sədaqət və şəhadət dərslərini öyrəndi. Tarixdə göstərilir ki, imam Əli (ə) Abbası uşaq olarkən yanında əyləşdirib, Abbasdan “bir” deməsini istəyir. Abbas da deyir: “Bir!” İmam Əli (ə) ondan “iki” deməsini istədikdə, Abbas “iki” deməkdən çəkinir. Həzrət “iki” deməməsinin səbəbini soruşduqda, Abbas belə cavab verir: “Allahı bir çağırdığım dillə iki deməyə utanıram.”
 
Həzrət Abbas (ə) yalnız şücaətdə deyil, həm də ağıl, zəka və insanlıq cilvələrində də üstün idi. O, yəqin bilirdi ki, böyük bir gün – Aşura üçün zəxirə olunmuş və doğulmuşdur.
 
Həzrət Abbas (ə) on dörd yaşında ikən atası imam Əmirəlmöminin Əli (ə) 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də şəhadətə yetdi və atasının şəhadət vaqiəsinin, dəfn mərasiminin şahidi oldu. O, atası imam Əlinin (ə) Ramazan ayının 21-ci gecəsi, şəhadət yatağındakı tövsiyələrini əsla unutmadı. İmam (ə) ondan istəmişdi ki, Kərbəlada Aşura günü qardaşı Hüseyni (ə) tək-tənha qoymasın. İmam Əlinin (ə) şəhadətindən sonra isə qardaşı imam Həsənin (ə) imamətinin acı illərini də təcrübə etdi. İmam Həsən (ə) zəhərlənib şəhadətə yetəndə, həzrət Əbülfəzl-Abbasın (ə) 24 yaşı var idi.
 
Həzrət Əbülfəzl-Abbas qardaşı imam Həsənin (ə) şəhadətindən sonra öz ömrünü imam Hüseynə (ə) xidmətə sərf etdi.
 
Müaviyənin ölümündən sonra Mədinənin hakimi imam Hüseyni (ə) “darul-imarə”yə çağırıb Yezidin peyğamını o həzrətə çatdırdıqda, həzrət Əbülfəzl-Abbas (ə) otuz nəfərlə birlikdə darul-imarənin önündə hazır vəziyyətdə dayanmışdılar. Onların darul-imarəyə gəlişi ilə imam Hüseynin (ə) önündən təhlükələr qaldırıldı.
 
Həzrət Əbülfəzl-Abbas (ə) Aşura karvanının Kərbəlaya doğru köçünün rəhbərliyini də öz öhdəsinə götürdü, Kərbəlada tarixi səhifələrdə misilsiz bir qəhrəmanlıq göstərdi və Əməvilərin amannaməsini geri qaytarmaqla dövrün imamına vəfadarlığını İslam camiəsində yadigar qoydu. O həzrət Aşura günü Kərbəlanın yandırıcı səhrasında Əhli-beyt uşaqlarının qurumuş dodaqlarını gördükdə, su tuluğunu çiyninə alıb həyatının ən böyük sınağından alnıaçıq çıxmaq üçün yola düşdü, düşmən sıralarını pozaraq özünü Fərat çayına yetirdi. Tuluğu su ilə doldurub, öz təşnə dodaqları ilə Fəratın zülal suyuna bir tamaşa etdi, amma bir qurtum belə su içmədi. Çünki Hüseyn (ə) və övladları xeymələrdə susuz idilər. Onlardan öncə özünü su ilə sirab etməsini özünə yaraşdırmadı.
 
Düşmən yaxşı bilirdi ki, Abbasın (ə) qolları yerə düşməyincə, kimsə onun müqabilində dayana bilməz. Odur ki, onun qollarını hədəf aldılar. Abbas (ə) suyun qorunması üçün hər iki əlini əldən verdi və düşmən zərbələri ilə atdan yıxıldı. İmam Hüseyn (ə) özünü Abbasın başı üstə yetirib qucağına aldıqda, artıq Abbas öz Məhbubuna qovuşmuşdu. Abbas (ə) 34-35 yaşında ikən şəhadətə yetdi.
 
İmam Səccad (ə) əmisi Abbas (ə) haqda belə buyurmuşdur: “Allah əmim Abbasa rəhmət etsin ki, qardaşı yolunda fədakarlıq etdi, öz canını qurban verdi və iki əli kəsildi. Allah-Taala ona Cəfər Təyyar kimi, kəsilmiş iki əlinin müqabilində iki qanad əta etdi ki, behiştdə mələklərlə pərvaz etsin. Abbasın Allah dərgahında məqamı o qədər böyükdür ki, qiyamət günü bütün şəhidlər onun uca məqamına qibtə edəcəklər.”
 
Rza Şükürlü (Maide.Az)

Google+ WhatsApp ok.ru