HƏMAS, İslami Cihad və Fəth İsrail rejimi və BƏƏ arasında sazişi xəyanət adlandırdı

HƏMAS, İslami Cihad və Fəth İsrail rejimi və BƏƏ arasında sazişi xəyanət adlandırdı

Fələstinin HƏMAS, Fəth və İslami Cihad hərəkatları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail rejimi arasında bağlanan münasibətlərin normallaşması sazişinə reaksiya veriblər.
 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki,  HƏMAS-ın sözçüsü Əbdüllətif Əl-Qanu razılaşmanın Fələstin xalqının əzablarını görməzliyə vurma və normallaşma baxımından təhlükəli bir inkişaf olduğunu qeyd edib.
 
“BƏƏ və İsrail rejimi arasında saziş xalqımıza xaincəsinə bıçaq zərbəsidir”, - deyən Əl-Qanu, bu razılaşmanın sionist rejimə Fələstin ərazilərində heç bir legitimlik verməyəcəyini söyləyib.
 
İsrail rejimilə bu cür normallaşma işğalçı qüvvələrin Fələstin xalqına qarşı daha çox qanun pozuntularına səbəb olacağını vurğulayan HƏMAS rəsmisi, İsrail rejiminn Fələstin xalqının əsas düşməni olaraq qalmağa davam edəcəyini və İsrail rejimini Fələstin torpaqlarından çıxarmaq üçün qüvvələr toplamağa davam edəcəklərini söyləyib.
 
Fəth hərəkatının Mərkəzi Komitəsinin üzvü Abbas Zəki isə, BƏƏ və İsrail rejimi arasında bağlanan sazişinin BƏƏ-nin Fələstin mübarizəsinə qarşı dini, milli və humanitar missiyasından imtina etməsi sayıldığını bildirib.
 
İslami Cihad hərəkatı BƏƏ və İsrail rejimi arasında bağlanan sazişi “boyun əymə” və “təslim olma” kimi qiymətləndirib.
 
Hərəkatın sözçüsü David Şihab belə deyib: “İsrail rejimi ilə münasibətləri normallaşdırmaq boyun əymək və təslim olmaqdır. Bu addım münaqişənin həqiqətlərini dəyişdirməyəcək, əksinə işğal rəhbərliyini daha da terrorçu bir quruluşa çevirəcəkdir”.
 
Şihab iki ölkə arasındakı normallaşma sazişini qınadıqlarını və müqavilənin hədəfinin əslində İsrail rejimini düşdüyü böhrandan xilas etmək olduğunu bildirib.

Google+ WhatsApp ok.ru