Hacı Əli Behişti: “Gənclərin zərərli təsirlərə məruz qalması Quran maarifçiliyinin zəifliyindən irəli gəlir”

 "İslaminsesi" saytının ”Quran maarifçiliyi” rubrikasının bu dəfəki qonağı ruhani Hacı Əli Behiştidir.

 

-Bu gün zülm-küfr edənlər, gunah əmələ yol verənlər məhz müqəddəs kitabın müxtəlif ayələrinə istinad edirlər. Sizcə kütlənin bu yalanlara inanmasının səbəbi Quran maarifçilyinin zəif olması, insanların həmin ayələrdən xəbərsiz olmasıdırmı?

 

-Əlbəttə, bu istiqamətdə təbliğatın zəif olması böyük rol oynayır. Halbuki, hamımızın  vəzifəsi İslamin təbliğ edilməsi, Quranın maarifi ilə maraqlanmaqdır. Hazırda İslami maariflənmə üçün çoxlu vasitələr, Quran tərcüməsi, alimlərin kitabları var.

 

Amma bir məsələni yaddan çıxarmaq olmaz ki,həmişə elmin özündən də sui-istifadə edənlər olub. Bizim dinimizdə isə “Yaxşılığa dəvət, pislikdən çəkindirmək” kimi vacibat var. Buna əməl etmək hamının borcudur. Hər bir müsəlmanın borcudur ki, Qurandan xəbərdar olsun. Onun ayələri, surələri üzərində düşünsün. Elə Quran maarifçiliyinin zəifliyindən irəli gəlir ki,  gənclərimiz  çox vaxt zərərli xarici qüvvələrin təsirinə məruz qalır.

 

-Siz orta məktəblərdə din dərslərinin tədris olunmasını vacib hesab edirsinizmi?

 

-Əlbəttə vacibdir. Uşaq zehni əkin yerinə bənzər. Onlar hələ uşaqlıqdan düzgün yola istiqamətlənərsə, hidayət olunarlar və nicat taparlar. Hicab problemi ortaya çıxanda bizə deyirdilər ki, bu uşaqlar öz hüquqlarını bilmir. Siz güclə onlara hicab bağladırsınız. Amma biz məcburi iş görmürük, başa salırıq. Dinimizdə zorla nəyəsə məcbur etmək söhbəti yoxdur. Sözsüz ki, uşağın tərbiyəsi, zehni inkişafı ilə  körpəlikdən məşğul olmaq lazımdır. Necə ki, uşağa deyərlər ki, odla oynama, əlini yandırar.

 

 Bir çoxları tərəfindən vurğulanırdı ki, şagirdlərə hicab bağlayıb- bağlamamaq seçimi məktəbi bitirdikdən tanıdılmalıdır. Bizim sözümüz isə budur ki, 11 il ərzində uşaq bu ilahi həqiqətlərdən xəbərsiz qalsa, onu sonradan düzgün yola yönəltmək çətin olacaq.

 

-İslam sülh, sevgi dinidir. Bəs sizcə, uşaq qəlblərində Qurani-Kərimə sevgi, maraq formalaşdırmaq üçün hansı vasitələrdən istifadə etmək lazımdır?

 

-Bu məqsədlə Qurandan ayələrindən və hədislərdən istifadə etmək lazımdır.  Bütün bunlar hamısı İlahi maariflənmədən asılıdır. Allahın insanlar arasında yaranan sevgidən razı olması, onların bir-birləri ilə sülh içində yaşamaları üçün nə qədər hədislər var. Kim iki nəfəri barışdırmaq üçün səy etsə, onun savabı bir il oruc tutub, bütün gecələri namaz qılmaq ölçüsü ilə hesablanır. /

Google+ WhatsApp ok.ru