Hacı İlham Əliyevin hüquqlarının Müdafiə Komitəsi təsis edilib  - YENİLƏNİB 2 -FOTO

Hacı İlham Əliyevin hüquqlarının Müdafiə Komitəsi təsis edilib - YENİLƏNİB 2 -FOTO

(çıxışlar əlavə olunub) 

Azərbaycanın tanınmış ruhani alimləri, din xadimləri, eləcə də partiya və təşkilat rəhbərləri Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevin DTX tərəfindən saxlanılması və barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilməsi məsələsini müzakirə edib.

Maide.Az xəbər verir ki, Partiyadan “İslaminSesi” nə daxil olan məlumata görə,  toplantının əsas məqsədi baş verənləri təhlil etmək və AİP sədr əvəzinin sərbəst buraxılması istiqamətində lazımı addımları atmaqdır.  Bu məqsədlə Hacı İlham Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin yaradılması haqda qərar qəbul edilib.
 
Tədbirdə çıxış edən AİP funksioneri Akif Heydərli , DEVAMM sədri , ilahiyyatçı filosof İlqar İbrahimoğlu, Azərbaycan Ruhanilər Məclisinin üzvü, maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənli, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli və digər şəxslər Hacı İlham Əliyevin həbsini qətiyyətlə pisləyiblər.. Baş verənlərin heç bir ədalət çərçivəsinə sığmadığını və  ittihamın saxta olduğunu dilə gətiriblər.
 
Toplantını giriş nitqi ilə açan AİP funksioneri Akif Heydərli bildirib ki,  hakimiyyətin məqsədi təkcə kimisə nədəsə ittiham və ya həbs etmək deyil. Məqsəd daha böyükdür. Hacı İlham Əliyevin həbsi ilə bağlı danışan Akif Heydərli bildirib ki, AİP-in sədr əvəzinin evinə daxil olan güc strukturlarının əməkdaşları axtarış aparıblar. Lakin aydın məsələdir ki, əhəmiyyət və diqqət kəsb edən heç nə tapmayıblar. Daha sonra baş verənlər isə göz qabağındadır. AİP sədr əvəzinin bu cür ağır ittihamlarla həbs olunması   tamamilə absurddur və böhtan xarakteri daşıyır.
 
Tədbirdə çıxış edən DEVAMM sədri, ilahiyyatçı filosof Hacı İlqar İbrahimoğlu  bildirib ki, bundan əvvəl Şeyx Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə faktiki olaraq bir dalğa başladıldı:  “Bu dalğadan sonra bir qədər səngimə oldu. Düşünmək olardı ki, hakimiyyət səhv etdiyinin fərqinə varıb. Biz hətta gözləyirdik ki, yaxın vaxtlarda Hacı Seyid Fəramiz və digərləri azadlığa buraxılacaq. Yəni gedişat ümidverici və səmərəli görünürdü. Amma göründüyü kimi, gözləntilərin tam əksi baş verdi. Hacı Sərdarın azadığa çıxmasından on gün keçməmiş Hacı İlham Əliyev həbs edsildi. Buna yalnız təəccüblənmək olar. Belə bir aqressivliyin nə dövlətə, nə də hakimiyyətə heç bir faydası yoxdur”.
 
İlqar İbrahimoğlu qeyd ediib ki, bir tərəfdən, ötən ilin sonlarına yaxın islahat elan edilir, ölkədə yeni bir münasibətlər sisteminin qurulduğu vurğulanır, ötən həftə qeydiyyatdan keçən və keçməyən müxtəlif siyasi partiyaların rəhbərləri görüşlərə dəvət edilir, başqa bir tərəfdən digər qurumun – AİP-in rəhbəri həbs olunur:  “Axı, dini cameə də bu ölkənin, cəmiyyətin bir tərkib hissəsidir. Amma göründüyü kimi, islahat adına bu baş verənlərə qətiyyən aidiyyəti yoxdur. Xatırladım ki, AİP-in tarixində belə hadisələr davamlı olaraq baş verib. Hacı Əlikram Əliyevlə, Hacı Hacıağa Nuriyevlə bağlı da belə hadisələr olub. Amma Hacı Mövsüm Səmədovdan başlayaraq başqa bir xətt seçildi. Əxlaq ustadlarından olan çox təvazökar, ümumiyyətlə hər mənada dəyərli insan, ruhani alim Hacı İlham Əliyev AİP-ə gələndən sonra mənəvi tutumun artmasına çalışıb. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, o gələndən sonra AİP-in siyasi xarakterli funksional fəaliyyətində artım tendensiyası müşahidə olunmurdu. Daha çox keyfiyyəti, mənəviyyatı, dəyərləri, səbatlılıq halını gücləndirməyə üstünlük verilirdi. Yəni daha çox mənəviyyatın artımı olub. Hacı İlham kifayət qədər tədbirli, ölçülü-biçili addım atan, münasibət bildirən bir insan olub. Ölkənin müxalif partiyaları AİP-i həddən artıq tədbirli olduğuna və az qala hökumətlə iş birliyi qurması ittrihamına qədər qınayırdı. Amma indi baxın, Hacı İlhamı bəlli bir maddə ilə ittiham edilir. Göründüyü kimi, çox ciddi paradoksdur”.
 
Toplantıda söz alan Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev çıxışında qeyd edib ki, biz nə baş verdiyini və necə addım atmalı olduğumuzu düşünməliyik: “Nə baş verdiyi göz qarşısındadır. Hücum İslam dininədir. Bunu anlasaq, o zaman mübarizəmizin strategiyasını müəyyən edə bilərik. Hacı İlham Əliyevin həbsi tam absurddur. Bu bir siyasi sifarişdir. Ona görə də, Müdafiə Komitəsi yaradılmalı və vəkillər tutulmalıdır. Biz bu məsələni beynəlxalq aləmə çatdırmalıyıq”.
 
Daha sonra çıxış edən Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənli baş verənləri İslamafobiyanın təzahürü kimi dəyərləndirib: 
“Artıq ölkədə İslamafobiya bir cərəyandır. Bu və ya digər şəkildə bütün islamçıları eyni aqibət gözləyir. Bu məsələdə aktiv olmalı və davamlı görüşlər keçirilməli, media qurumları vasitəsi ilə ictimailəşdirilməlidir. Həbslərin sifarişli olması bəllidir. Zülmə məruz qalanların səsi çıxmadıqca bu həbslərin siyahısı da böyüyəcək. Odur ki,  biz zəruri tədbirləri davam etdirməliyik”.
 
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli də çıxışında baş verənlərin sifariş olduğunu dilə gətirib, O, bildirib ki, məsələ ictimailəşdirilməli və İslam Partiiyası öz fəaliyyətini daha da genişləndirməlidir.  Eyni zamanda vəkillər tutularaq, bu istiqamətdə lazımı fəaliyyət sərgilənməlidir.  
 
Toplantının sonunda Hacı İlham Əliyevin hüquqlarının Müdafiə Komitəsi təsis edilib. Partiyanın sözçüsü Akif Heydərli Komitənin sədri seçilib. Komitənin gələcək fəaliyyətinin tənziimlənməsi üçün müxtəlif təkliflər səsləndirilib və qəbul olunub.  
 
Qeyd edək ki, Komitə Hacı İlham Əliyevin həbsi ilə bağlı ilk etiraz bəyanatını səsləndirib. Akif Heydərli bildirib ki, etiraz bəyanatı tam mətni ilə ictimaiyyətə açıqlanacaq. Bundan əlavə Komitənin növbəti toplantısında ölkənin digər ictimai-siyasi xadimlərinin iştirakının təmin olunması məqsədi ilə, üzvlük açıq saxlanılıb.
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru