Hacı Muradın nəşi yenidən dəfn ediləcək

Lev Tolstoyun povestinin qəhrəmanı avar sərkərdəsi Hacı Murad Xunzaxskinin hazırda Azərbaycanda və Rusiyada olan nəşinin yenidən dəfn edilməsi məqsədilə tədqiqatlara başlanılıb. Bu barədə Rusiyanın Mədəniyyət Nazirliyi məlumat yayıb.
 
Hacı Muradın nəşinin yenidən dəfn edilməsi üçün tədqiqat işi ilə bağlı qurumlararası komissiya yaradılıb.
 
"Hazırda komissiyaya Hacı Muradın Azərbaycanda olan bədəninin və Rusiyada olan kəllə sümüyünün indentifikasiyası işlərinin təşkili ilə bağlı tapşırıq verilib. Kəllə sümüyünün Hacı Murada aid olması təsdiqlənən kimi onun yenidən dəfn edilməsi məsələsi həll olunacaq", - deyə Mədəniyyət Nazirliyindən bildiriblər.
 
Xatırladaq ki, əsirlikdən qaçan Hacı Murad 1852-ci il aprelin 23-də Nuxa (indiki Şəki - red.) yaxınlığındakı meşədə rusların qurduğu pusquya düşüb. Qeyri-bərabər döyüşdə həyatını itirən sərkərdənin başı kəsilərək Rusiyaya aparılıb, bədəni isə yerli sakinlər tərəfindən həlak olduğu yerdə (Qax rayonu ərazisində - red.) dəfn edilib. Hazırda Hacı Muradın kəllə sümüyü Böyük Pyotr adına antropologiya və etnoqrafiya muzeyində saxlanılır.

Google+ WhatsApp ok.ru