Hacıqabul gölünün quruması ekoloji fəsadlar yaradacaq

Bu günlərdə rayondan gəlirdim. Hacıqabul gölünə çatanda, diqqətimi uzaqdan qara buluda oxşayan quş dəstəsi çəkdi. Əlbəttə, gölün suyu qurumuşdu deyə, quş dəstəsi lap ortalıqda nisbətən dərin yerlərdə hələ də varlığını qoruyan çalalara enmişdi. Maraqlıdır, 8-10 il əvvəl gölün suyu avtomobil yolunun lap beşaddımlığında sahilə vururdu. 

Cənub-şərqində Şirvan, şimal-şərqində isə Hacıqabul şəhərləri yerləşən, hər tərəfindən ölkə və beynəlxalq əhəmiyyətli yolların keçdiyi bu gölü su ilə doldurmaqla, ətrafında yaşıllıq salmaqla, istirahət mərkəzləri yaratmaqla, pansionatlar, otellər tikməklə, hətta göldə kiçik çimərliklər açmaqla, nə qədər böyük nailiyyət qazanmaq olardı... Dövlətimiz təbiəti kasad olan bu bölgədə turizmi necə də canlandıra bilərdi. Üstəlik, balıqçılıq sənayesinə də töhfə verilərdi... 
Elə bu düşüncələrlə AMEA Geologiya və Geofizika İnstitutunun Geoekologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Vaqif Məmmədovla görüşüb söhbətləşdim. 
Əziz oxucular, gəlin, görkəmli alimlə söhbətdə danışdıqlarımıza birlikdə nəzər yetirək. 
- Quruyan təkcə Hacıqabul gölü deyil, belə su hövzələri Azərbaycanda çoxdur. Konkret olaraq, Hacıqabul gölünə gəldikdə, 1953-cü ildə Mingəçevir Su Anbarı tikilincəyə qədər Kür çayı daşqınlar zamanı məcrasından çıxaraq ətrafı basardı. Məhz bu cür daşqınlarda Hacıqabul gölü su ilə dolardı. Amma adını qeyd elədiyim su anbarı tikiləndən sonra, çayda suyun axını tənzimləndiyi üçün, daşqınlar da baş vermir. Daha doğrusu, təsadüfən baş verən ən güclü daşqınlar zamanı Kürün suyu gölə çata bilir. Sonra da ki Hacıqabul gölü ilk dəfə deyil quruyur, indiyədək dəfələrlə quruyub, sonra yenidən dolub. 
- Ümumiyyətlə, bu göl, əsasən, nədən qidalanır?
- Əsas mənbə Kür, bir də vaxtilə mövcud olmuş Şirvan-Qarasu çayı olub...
- Şirvan-Qarasu hansıdır, yəni kollektor?
- Yox, o, kollektor deyildi, böyük bir çay idi. Amma 1960-cı illərin ilk yarısında qurudulub. O vaxta qədər isə Turyançay, Göyçay, Ağsuçay və Girdimançay məhz Şirvan-Qarasu çayına tökülərdi. Bu çay da nəhəng kollektor kimi, suyu axıdıb-tökərdi Hacıqabul gölünə. İndi həmin su axınları yoxdur deyə, göl quruyur. Amma tam da quruya bilmir, çünki ətraf yaşayış məntəqələrindən, xüsusilə də Hacıqabul şəhərinin kanalizasiya suları gölə axıdılır. Doğrudur, son illər kanalizasiya axıntılarının gölə tökülməsinin qarşısı böyük faizlə alınıb. Əlbəttə, bu da gölün qurumasını sürətləndirib. 
- Göl çox dərindir? 
- Deməzdim. Ən dolu vaxtlarında 4 metrdən bir qədər artıq olub dərinliyi. Hacıqabul gölündə son dəfə belə çoxsulu dövr 2010-cu ildə Kürdə məlum daşqınlar baş verəndə olub. Çünki o vaxt Kürün daşqın sularının bir hissəsini bu gölə istiqamətləndirmişdilər. Amma o vaxtdan bəri Kürdə daşqın qeydə alınmayıb, üstəlik, havaların aşırı isti keçməsi gölün quruma prosesini sürətləndirib. 
- Geoloji baxımdan hansı mənşədəndir göl? 
- İki təbii proses nəticəsində yaranıb. Birincisi, güman olunur ki, Hacıqabul gölü Xəzər dənizinin kiçik bir körfəzidir. Yəni geoloji dövr ərzində dənizin geri çəkilməsi nəticəsində indiki göl qalıb. Yeri gəlmişkən, gölün şimal hissəsindəki terraslar bu fikri təsdiqləyir. İkincisi isə, əlbəttə, Kür çayında baş verən daşqınlar da bu su hövzəsinin formalaşmasında rol oynayıb. Təbii vəziyyətində gölün sahəsi 17 kvadratkilometr olub. Əvvəl iki hissədən ibarət idi – şimal və cənub hissə. 1960-cı illərdə cənub hissəni şimaldan ayırdılar. 
- Səbəbi nə idi?
- Düşünürdülər ki, cənub hissədən neft-qaz hasilatı üçün istifadə edə bilərlər. Ona görə də oranın suyunu təmiz qurutdular. Şimal hissə də gördüyünüz kimi, qidalanmadığı üçün öz-özünə qurumaqdadır. 
- Ümumi baxımdan yanaşsaq, Azərbaycanın coğrafi baxımdan tən ortasında yerləşən bu gölün əhəmiyyəti nədir?
- 1970-ci illərdə böyük balıqçı gəmiləri bu gölün sahillərində qalırdı. O vaxt Hacıqabul gölündən ildə 2000 – 4000 sentner balıq ovlanırdı. Üstəlik, gölün şərq sahilində Balıq Emalı Zavodu vardı - indi orada qaçqınlar məskunlaşdırılıb - həm Hacıqabul, həm də Sarısu və sair göllərdən tutulan balıqlar burada emal edilirdi. Bura həm də vətəgə əhəmiyyətli idi, sularda balıq artırılırdı. Təxminən, 100-120 il əvvəl Kür çayından Hacıqabul gölünə eni, təxminən, 1 metr olan torpaq kanal çəkilmişdi. Adı da Şor-Şor olub. Bilirsiniz, Kür o qədər güclü daşqın törətmirdi ki, su təbii sahillərini aşaraq, gəlib Hacıqabul gölünə çatsın. Ona görə də həmin kanalı qazdılar. Kürdə səviyyə müəyyən qədər qalxan kimi, su həmin kanalla axaraq gölü doldururdu. Amma sonradan Mingəçevir Su Anbarı tikildi, daşqınlara son qoyuldu və həmin kanal da mənasını itirdi. Yəni baxımsızlıq üzündən toz-torpaqla, zir-zibillə dolub sıradan çıxdı. 
- Belə demək mümkünsə, göl antropogen təsir altında quruyub...
- Bəli, Hacıqabul gölü insanın qənaətbəxş olmayan təsərrüfat fəaliyyəti nəticəsində indiki acınacaqlı vəziyyətə düşüb. 
- Bəzən düşünürəm ki, eyni paraleldə yerləşən Aral, Urmiya, lap elə Hacıqabul gölü quruyur, Xəzərin səviyyəsi də vaxtaşırı enib-qalxır. Nəsə bir bağlılıq ola bilərmi bu proseslərdə?
- Saymağa ehtiyac yoxdur: istər Urmiya olsun, istər Hacıqabul, istərsə də başqası; hamısının qurumasına təkan verən səbəb birdir – insan. Məhz insan həmin gölləri qidalandıran su mənbələrindən həddən artıq istifadə elədiyi üçün göllər quruyurlar. 
- Hacıqabul gölünü canlandırıb, əvvəlki vəziyyətinə qaytarmaq üçün nələr eləmək olar, bir alim olaraq nələr təklif edərdiniz?
- Biz bu məsələyə hansı prizmadan yanaşırıq? Turizm, balıqçılıq və sair baxımından yanaşanda, hər birinin özünəməxsus çıxış yolları var. Konkret olaraq nəqliyyat qovşağında yerləşən Hacıqabul gölünün yaxşı turizm potensialı var. Orada insanlar üçün əla istirahət mərkəzləri yaratmaq, sahillərdə çimərliklər açmaq, otellər tikmək, gölün ətrafını yaşıllaşdırmaq böyük fayda verərdi. Xüsusilə yarımsəhra təbiətinə malik o bölgədə bütün bunları etmək əvəzsiz töhfə verərdi respublikamıza. Əlbəttə, bütün bunları həyata keçirmək üçün Kürdən şirin su çəkilməlidir. Özü də Kürü Hacıqabul gölündən 3-4 kilometrlik məsafə ayırır. Lazımdır ki, iqtisadçılar layihələr hazırlasınlar, xərcini-gəlirini ölçüb-biçsinlər. Yalnız bundan sonra haqqında danışdığımız ideyaları icra eləmək mümkündür. 
Yeri gəlmişkən, 1960-1970-ci illərdə artıq gölün hidrometeoroloji parametrləri haqqında layihələr hazırlanıb və şəxsən mən görmüşəm onları. O vaxt həmin layihələri Həştərxanda yerləşən “Hidrobalıqlayihə” İdarəsi hazırlamışdı. Bizdəki Azərbaycan Su Təsərrüfatı Layihələndirmə İnstitutu da bu kimi layihələr hazırlayırdı. Özü də bir deyil, iki dəfə bu layihə üzərində işlənilib. Amma icra üçün maliyyə vəsaiti ayırmaq lazım olanda, atıblar kənara. Həmin layihələri daxili su hövzələrində balıqçılıq sənayesini gücləndirmək məqsədilə hazırlayırdılar. Amma heç biri həyata keçirilmədi.
- Ötən həftə özüm gördüm ki, göl qurusa da, orada qara buludu xatırladacaq qədər nəhəng quş dəstəsi vardı...
- Hacıqabul gölü hər zaman köçəri quşların məskəni olub, onlar yolüstü məhz burada dincəlir. Hətta bu gölün sahil qamışıqlarında yuva da qururlar. Göl quruyursa, deməli, həmin quşlar bu yerlərə gəlməyəcək...
- İndi Azərbaycan artıq müstəqildir, hər şeyə milli maraqlar baxımından yanaşaq. Siz alimlər Hacıqabul gölünün xilası üçün konkret plan-layihə ilə çıxış etmisinizmi?
- Bayaq dediyim kimi, Kür-Araz rayonundakı gölləri balıqçılığı inkişaf etdirmək üçün canlandırmaq lazımdır. Gərək Mingəçevir Su Anbarı tikiləndə nəzərə alaydılar ki, həmin göllərin suyu quruyacaq. Həmişə böyük işlər görülür, kiçiklər qalır. Onlar da sonradan həlli çətin olan problemlər yaradır. Şəxsən mən 2009-cu ildə məhz bu problemləri həll etmək yollarından bəhs edən doktorluq dissertasiyası müdafiə eləmişəm. Göllərə gələn su çıxan sudan çox olmalıdır. Zərdab tərəfdəki Mehman gölü çoxdan quruyub. Ağgöl bəzi kollektorların hesabına qurtuldu qurumaqdan, hansı ki, bu gün ora həm də qoruqdur. Ağgöldən çıxan Bozqobu-Şərbətqobu axarı bu gün Sarısu gölünü qidalandırır. Əgər bu axın kəsilsə, sabah o da quruyacaq. Mütləq göllərə su axıdılmalıdır. Necə ki 1896-cı ildə Araz çayı İmişli yaşayış məntəqəsi yaxınlığında sağ sahilini dağıdıb və suyunun üçdənbir hissəsini göndərib Kürə, qalanını usə istiqamətləndirib Muğan düzünə. Bu axın da orada yeni çay dərəsi - köhnə Arazı yaradır. Sonradan həmin çay yatağının üstündə 7-8 göl yaranıb ki, indi onlardan ancaq ən böyüyünün bataqlığı qalır – Ağçala-Mahmudçala. Yeri gəlmişkən, Ağçala o vaxt Qafqazda Göyçədən sonra ikinci iri göl idi, ərazisi bir neçə yüz kvadratkilometr olub. Göllərin qurumasının qarşısı alınmasa, ekoloji fəsadları böyük olacaq. Həm külək quru dərəsinin duzqarışıq tozunu havaya sovuracaq, həm də sudakı canlılar – bitki və heyvanlar məhv olacaq. 
1930-cu illərdə hökumət Cənubi Amerikadan xəz istehsalı üçün nutriya qunduzları alıb-gətirirdi. Hacıqabul, Sarısu, Ağgöl, Dəvəçidəki Ağzıbirçala və sair göllərdə nutriya qunduzları sürətlə artmağa başladı. Hər il müxtəlif göllərdən 800 - 2 min, bəzən, hətta 3 min nutriya qunduzu ovlayıb, dərisini götürürdü və göndərilirdi Leninqradda yerləşən xəz-dəri sənayesi ilə məşğul olan mərkəzə. Əvəzində isə Azərbaycana valyuta ayrılırdı. Amma göllərin quruması ilə böyük bir xəz sənayesi məhv oldu. Əgər gölləri canlandırsaq, həmin qunduzları yenə də bəsləyib artırmaq mümkündür. hafta.az/

 
 
 

Google+ WhatsApp ok.ru