Hakimiyyət televiziyaları şou-biznesin xidmətinə verib

 MTRŞ sədri bu bayağılığın əsl səbəbini bilmir?

Azərbaycanda televiziyanın, mətbuatın hansı şərtlər altında fəaliyyət göstərdiyi hər kəsə aydındır. Ölkədə yüzlərlə qəzet işıq üzü görür. Amma bu qəzetlər ölkədəki problemlərdən, real vəziyyətdən yazmağa qadir deyillər. Müstəqil qəzet və saytlar isə müxtəlif yollarla sıradan çıxarılır. Bütün sahələrdə olduğu kimi bu sahə də məmurların nəzarətindədir. Bugün ölkədə barmaqla sayılacaq qədər də müstəqil mətbuat nümunəsi yoxdur.

Eyni vəziyyət televiziyalarda da hökm sürür. Demək olar ki, vətəndaşlar ölkə telekanallarını boykot ediblər. Çünki, telekanallar bayağı verilişlər və hakimiyyətin tərifi üzrə ixtisaslaşıb.

“Çox təəssüf ki, bəzi TV-lər başqa yol seçirlər. Onlar başqa məqsədlər üçün cəmiyyət arasında mövqeyi, həm də müğənni kimi keyfiyyəti olmayanları efirə çıxardırlar. Azərbaycanda onlara hər hansı məhdudiyyət qoyulmur ki, bu insanı efirə çıxartmaq olar, ya olmaz. Bunu televiziya kanalı özü, verilişə baxıb-baxmamağı da tamaşaçılar müəyyənləşdirir. Yəni bu iradı onlara tamaşaçılar çatdıra bilər. Biz deyə bilmərik ki, sən bu müğənnini niyə çağırırsan, digərini çağırmırsan. Sadəcə hər bir televiziya kanalının rəhbərliyi çalışmalıdır ki, efirində daha keyfiyyətli verilişlər hazırlasın. Efirdə insanlar tərəfindən qəbul edilən müğənnilər olsun və ondan zövq alsınlar. Dövlət kanallarında isə bayağı müğənnilərə efir imkanı verilmir. Dövlətin marağı var ki, bu kanallar vasitəsilə cəmiyyətin tələbatını ödəsin. Özəl kanallar isə öz fəaliyyətini kommersiya üzərindən qururlar”. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. 

Həqiqətən də ziddiyyətlər ölkəsində yaşayırıq. PA rəhbəri Ramiz Mehdiyev televiziyaların vəziyyətindən şikayətlənir, MTRŞ sədri Nuşirəvan Məhərrəmli eyni tənqidləri dilə gətirir. Sanki günahkar, məsuliyyət daşıyan bunlar deyil. Axı siz kimə şikayət edirsiz? Necə olur ki, bayağı müğənninin efirə buraxılmasına qarışa bilmirsiniz, amma müxalifət liderinin efirə buraxılmaması üçün qəti tapşırıq verirsiniz? Hamı bilir ki, ölkə telekanallarının bu qədər cılızlaşması, siyasi hakimiyyətin sifarişi əsasında mümkün olub. Bütün baxımlı verilişlər sıradan çıxarılıb. Bir zamanlar telekanallarda debatlar təşkil olunurdu, siyasi polemikalar aparılırdı, tənqidi-yumoristik proqramlar hazırlanırdı. Tədricən bu verilişlər sıradan çıxarıldı və onların yerini “müğənni istehsalı” tutdu. Dövlət kanallarına gəlincə, bayağı müğənniləri efirə buraxmasalar da, bayağı siyasətçilər efirdən düşmür. Dövlət kanalları gecə-gündüz  hakim ailənin mədhi, müxalifətin şərlənməsi ilə məşğuldu. Ölkənin ən ləyaqətlə, vicdanlı adamlarına qarşı təhqirlər, şər-böhtanlar məhz dövlər kanalları və hakimiyyətin nəzarətində olan media vasitəsilə həyata keçirilir.

Yəni televiziyanı tamamən gözdən salan da, reytinqini öldürən də hakimiyyətdir. Istər özəl, istərsə də dövlət telekanalları real vəziyyəti işıqlandırmağa qadir deyil. Əks halda həmin telekanallar qapadılar, əməkdaşları müxtəlif ittihamlarla həbs edilər. Azərbaycan hakimiyyəti televiziyanı şou-biznesin xidmətinə verib. Əgər bayağı müğənnilər, mənasız verilişlər hakimiyyətin maraqlarına zidd olsaydı, həmin müğənni və veriliş biryolluq efirdən silinərdi.

Bütün televiziyalar nəzarət altındadır, oliqarxlar maliyyələşdirir və müəyyən olunmuş çərçivədən kənara çıxmırlar. 

Ona görə də səlahiyyət sahiblərinin televiziyalardan  şikayətlənməsi absurd və gülünc görünür. Digər təfədən, həmin bayağı müğənnilərə fəxr adlar verən də, milyonlar qazanmasına şərait yaradan da hakimiyyətdir.  

Cənablar, təmsil olunduğunuz hakimiyyətin yaratdığı “şedevr”ləri başqa adlara rəsmiləşdirməyə çalışmayın. azadliq.info /

Google+ WhatsApp ok.ru