Hakimiyyət Rusiyanın hədəsinə niyə susdu?

«Rusiyanın bu demarşı Azərbaycan hakimiyyətinin maraqlarına uyğundur»

Rusiyanın gələn ay Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə qatılmaq istəyən ölkələri hədələməsi birmənalı dəyərləndirilmir. Rusiya XIN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin sammit ərəfəsində olduqca sərt bəyanatla çıxış etməsi Rusiyanın xarici siyasət kursunun istiqamətlərini açıq formada göstərir. Xatırladaq ki, Lukaşeviç “Şərq tərəfdaşlığı”nın may ayında Riqada keçiriləcək sammitini antiRusiya aktı hesab edib. Və bəyan edib ki, Rusiya buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcək.
 
Maraqlıdır ki, Rusiyadan gələn bu sərt tona Azərbaycan rəhbərliyi hələ cavab verməyib. Halbuki, hakimiyyət Qərbdən demokratiya ilə bağlı gələn tələbləri, təklifləri dərhal süngü ilə qarşılayaraq bu fəaliyyətə cavab olaraq Milli Məclisdə dinləmə keçirməkdən belə çəkinmir. Bəs, hakimiyyətin bu tip yanaşma tərzi sərgiləməsinin səbəbi nədir? Nəyə görə hakimiyyət Qərbə bir, Rusiyaya isə tamamilə başqa cür yanaşma sərgiləyir?
 
Lukaşeviçin açıqlamasına Azərbaycan XIN-indən münasibət öyrənməyə çalışsaq da cəhdlərimiz uğursuz oldu.
 
Maide.az-ın məlumatına görə, AXCP sədrinin müavini Nurəddin Məmmədli "Azadlıq"a bildirdi ki, bu yanaşma Azərbaycan hakimiyyətinin uzun müddət apardığı siyasətdən irəli gəlir. Türk dünyasının ən təhlükəli problemi olan “erməni soyqırımı” məsələsində Rusiyanın yürütdüyü siyasətə qarşı Azərbaycan hakimiyyətinin tədbir görmədiyini deyən N.Məmmədli vurğuladı ki, ABŞ Azərbaycandan demokratiya tələb etdiyində isə ermənipərəst adıyla damğalanır: “Azərbaycanın xarici siyasətində rus faktoru ilə hesablaşmaq daim güclü idi. Uzun illərdir Azərbaycan hakimiyyəti rus faktorunu bəhanə edərək Avropa Birliyi ilə sıx əməkdaşlıqdan imtina edib. Bütün bu hadisələrin müşahidəsi fonunda Rusiyanın bu demarşı onu deməyə əsas verir ki, bu addım Azərbaycan hakimiyyətinin maraqlarına uyğundur. Çünki, Avropaya yaxınlaşma demokratik təssisatların inkişafı, insan haqlarının qorunması ilə müşahidə olunmalıdır. Hətta belə bir versiya irəli sürmək olar ki, Rusiya Xarici Işlər Nazirliyinin bu cür təpkisi Azərbaycanla razılaşdırılmış siyasətdir. Çünki, Azərbaycan hakimiyyəti bütün vasitələrlə Avropa ilə əməkdaşlıqdan yayınmağa çalışır. Ona görə Azərbaycan hakimiyyətinin bu davranışlarında nəsə qəribə bir şey axtarmağa ehtiyac yoxdur”.

Google+ WhatsApp ok.ru