Hakimiyyət ABŞ-la münasibətinin sıfır həddinə düşdüyünü `təsdiqlədi`

Amerika səfirliyinin Müstəqillik Günü ziyafətinə hökumət adından Azad Rəhimovun müavini göndərildi

Məlum olduğu kimi, Azərbaycanda 2013-cü ilin oktyabrında keçirilən son prezident seçkisinə ABŞ-ın mənfi reaksiyasından sonra iki ölkə arasındakı münasibətlərdə gərginlik dövrü başladı. Məhz bu hadisədən sonra Azərbaycan hakimiyyəti əlində olan bütün imkanlardan istifadə edərək, anti-ABŞ kampaniyasına start verdi. Seçkidən bir neçə ay sonra Azərbaycanda başlanmış repressiyalar çərçivəsində ABŞ-ın bütün dünyada böyük beynəlxalq təşkilatlar kimi tanınan qurumlarına qarşı hücumlar başladı və nəticədə onların Azərbaycanda fəaliyyəti dayandırıldı.
 
2014-cü ilin sentyabrında ABŞ prezidenti Barak Obama çıxışlarının birində Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün dözülməz şərait yaradıldığını bildirdi. Bu faktiki Obamanın Azərbaycandakı vəziyyətlə bağlı ilk sərt çıxışı idi. Bu hadisədən sonra Azərbaycan hakimiyyəti anti-ABŞ ritorikasını daha da gücləndirdi.
 
Digər tərəfdən, ABŞ Konqresinin maliyyələşdirilən “Azadlıq” radiosunun Bakı bürosunun ofisi qapadıldı.
 
2014-cü ilin dekabrında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ABŞ-a qarşı sərt ittihamlarla dolu məqaləsi dərc olundu.
 
2015-ci ilin birinci yarısı boyunca ABŞ əleyhinə ən müxtəlif səviyyələrdə (hökumətyönlü media, dövlət məmurları və s.) kampaniya səngimək bilmədi.
 
Dünən baş vermiş hadisə isə Azərbaycan-ABŞ münasibətlərində gərginliyin pik həddə olduğunu bir daha sübut etdi. Hər il iyulun ilk günlərində ABŞ səfirliyi Amerikanın müstəqillik günü münasibətilə ənənəvi ziyafət təşkil edir. Xatırlatmaq yerinə düşər ki, 90-cı illərdə mərhum prezident Heydər Əliyev hakimiyyətdə olanda özü bu tipli tədbirlərdə iştirak edirdi. Son illərdə isə adətən bu qəbildən olan tədbirlərdə Azərbaycan hökumətini maliyyə naziri Samir Şərifov təmsil edirdi. Lakin dünən ABŞ səfirliyinin təşkil etdiyi ziyafətdə Azərbaycan hökuməti gənclər və idman nazirinin müavini səviyyəsində təmsil olunurdu. Bu faktın özü Azərbaycan-ABŞ münasibətlərinin hansı səviyyəyə endiyinin göstəricisidir.(Azadlıq)

Google+ WhatsApp ok.ru