Hakimiyyət seçki məsələsində ATƏT-lə indidən toqquşdu

Qurumun 380 müşahidəçi göndərmək istəyi Bakını təşvişə saldı; Azərbaycan nümayəndəliyi ilk hesabata qarşı bəyanat yaydı

ATƏT-in Demokrati Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərinə çoxlu sayda müşahidəçi göndərmək istəyi rəsmi Bakını təşvişə salıb.
 
Bunu ölkədəki seçkiqabağı vəziyyətlə bağlı ATƏT DTİHB-in bugünlərdə yayılan ilk hesabatla bağlı Azərbaycanın bu qurumdakı daimi nümayəndəliyinin verdiyi bəyanatdan görmək olur.
 
«DTİHB özünün təcrübəsinə və seçkilərə müşahidə metodologiyasına zidd olaraq Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyəti Azərbaycan tərəfində sual doğurur. Daimi nümayəndəlik Azərbaycan hakimiyyətinin ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirərək 6 uzunmüddətli və 125 qısamüddətli ATƏT/DTİHB müşahidəçisini qəbul etməyə hazır olduğunu təsdiqləyir», - deyə bəyanatın müşahidəçilərlə bağlı hissəində bildirilir.
 
Xatırladaq ki, ATƏT DTİHB seçki prosesini izləmək 30 uzunmüddətli müşahidəçi, 350 isə qısamüddətli müşahidəçi göndərəcəyini açıqlayıb.
 
Bəyanatdakı başqa nüanslara gəlincə, Azərbaycan tərəfi ATƏT ekspertlərinin hazırladığı ilk hesabatı qərəzli sayır. Bəyanatda bildirilir ki, ATƏT ekspertləri hesabatı hazırlayarkən “Azərbaycanda birtərəfli seçkiqabağı siyasi mənzərə təqdim etməyə çalışan bəzi üçüncü tərəf mənbələrinə” istinad ediblər.
 
Guya məruzədə seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün Azərbaycan hökumətinin atdığı addımlar qeyd edilməyib.
 
Nümayəndəliyin fikrincə, hesabat DTİHB seçki müşahidə metodologiyasının etibarlılığını sarsıdır və onun tövsiyələri Azərbaycanda genişmiqyaslı müşahidə missiyasının yerləşdirilməsi üçün kifayət qədər əsas ola bilməz.
 
Bundan sonra isə Azərbaycanın ATƏT DTİHB-in göndərmək istədiyi qədər müşahidəçini qəbul etməyə hazır olmadığı haqda yuxarıda verdiyimiz fikirlər gəlir.
 
Göründüyü kimi, Azərbaycan hökuməti seçki mövzusunda ATƏT-lə bəri başdan qarşıdurmaya gedir. Halbu ki, ATƏT-in bu seçkiyə müşahidəçilərv göndərməsi üçün rəsmi Bakının özü bir müddət əvvəl quruma müraciət etmişdi. İndi ATƏT seçkini izləməyə 380 müşahidəçi göndərmək istəyini açıqlayanda, rəsmi Bakı buna qarşı çıxır və qurumdan faktiki hər dairəyə 1 müşahidəçi göndərməsini istəyir. Bu məqsədlə isə ATƏT DTİHB-i şantaj edir və qurum ilk hesabatını yayan kimi onu qərəzli adlandırır. Belə çıxır ki, rəsmi Bakı müşahidəçilər üçün ATƏT-ə imitasiya xatirinə müraciət edib. Üstəlik, ATƏT DTİHB-in seçkiləri müşahidə və qiymətləndirmə məsələsində sərt və prinipial olacağını bildiyindən, öz aləmində onun obyektivliyini bəri başdan şübhə altına salır.

Google+ WhatsApp ok.ru