Hakimiyyət ATƏT-ə minnətçi düşdü

Azərbaycan ATƏT-lə əməkdaşlığı davam etdirməyə ümid edir

Gültəkin Hacıbəyli: «Hakimiyyət anlayır ki, ATƏT-dən birtərəfli imtina ölkəni siyasi təcridə aparan yoldur»
 
ATƏT-in ölkəmizdə keçirilən seçkini izləməməsi və buna görə də beynəlxalq aləmin seçkini legitim saymaması hakimiyyəti ciddi narahat edir. Elə bu üzdəndir ki, hakimiyyət müxtəlif vasitələrlə ATƏT-lə münasibətləri normalaşdırmağa çalışır. Bunu Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin son bəyanatı da təsdiq edir.
 
“ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu (DTIHB) Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməklə mandatını pozaraq mənfi presedent yaratdı”. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndiliyinin bəyanatında deyilir.
 
Bəyanatda bildirilir: “Biz mandatın pozulmasının nəticələrinin aradan qaldırılması məqsədilə DTIHB ilə açıq və konstruktiv idik. Nümayəndə heyətimiz DTIHB-ə seçkilər məsələsində Azərbaycanla əməkdaşlığı davam etdirməyi dəfələrlə təklif edib. DTIHB-nin mandatının pozulmasının mənfi presedentini yaratmamaq, Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina qərarını ləğv etmək üçün Büronu razı salmağa çalışırdıq. Təəssüf ki, DTIHB çağırışlara fikir vermədi və bu seçkilərdə Azərbaycanla əməkdaşlıqdan imtina etdi”.
 
Bəyanatda qeyd edilir ki, Azərbaycan ATƏT-in institutları və təşkilatın iştirakçı dövlətləri ilə əməkdaşlığı ATƏT-in prinsipləri əsasında davam etdirməyə ümid edir.
 
Bəyanatdan açıq şəkildə görünür ki, iqtidar ATƏT kimi nüfuzlu qurumla qarşıdurmanı daha da dərinləşdirməkdə maraqlı deyil. Bəs, ATƏT hakimiyyətin cağırışını nəzərə alacaqmı?
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, ATƏT təşkilata üzv olan hər bir ölkə ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır. O cümlədən Azərbaycanla da münasibətlərin pozulmasının ATƏT-in maraqlarına uyğun olmadığını deyən G.Hacıbəyli vurğuladı ki, ATƏT Azərbaycanla münasibətlərin nəinki inkişaf etməsində bu münasibətlərin yeni müstəviyə keçməsində maraqlıdır. G.Hacıbəylinin sözlərinə görə, lakin bu əlaqələr qarşılıqlı hörmət şəraitində baş tutmalıdır: “Bu günə olan reallıq ondan ibarətdir ki, ATƏT Azərbaycan qarşısında götürdüyü öhdəliklərə riayət etdiyi halda, Azərbaycan fərqli addım atdı. Azərbaycan təşkilat önündə xüsusilə seçkilərlə bağlı öhdəlikləri icra etmədi. Nəticədə də ATƏT seçkilərin monitorinqindən imtina etdi. Münasibətlərin gərginləşməsinin səbəbi ATƏT deyil, Azərbaycan hakimiyyətidir”.
 
Dünya ictimaiyyətinin Azərbaycandakı seçkilərə qiymət verərkən məhz ATƏT-in rəyini əsas götürdüyünü deyən G.Hacıbəyli vurğuladı ki, seçkilərin legitimliyi məhz ATƏT-in qiymətinə əsasən müəyyənləşir: “ATƏT seçkidə monitorinq missiyası həyata keçirməyibsə, parlamentin də legitimliyi şübhə altına alınır. Azərbaycan siyasi hakimiyyəti anlayır ki, ATƏT-dən birtərəfli imtina ölkəni siyasi təcridə aparan yoldur. Məhz buna görə hakimiyyət ATƏT-lə əməkdaşlığı bərpa etmək istiqamətində addımlar atmağa çalışır. Amma Azərbaycan hakimiyyətinin ATƏT-ə münasibətdə öhdəliklərdən imtinası təkcə seçkilərlə məhdudlaşmır. Bundan əvvəl ATƏT-in Azərbaycandakı fəaliyyəti layihə koordinatorluğu səviyyəsinə qədər endirilmişdi”.
 
G.Hacıbəylinin fikrincə, əgər hakimiyyət həqiqətən də ATƏT-lə münasibətlərin normalaşmasında maraqlıdırsa, ilk növbədə ATƏT-in Azərbaycandakı əvvəlki statusu bərpa edilməlidir.

Google+ WhatsApp ok.ru