Hakimiyyətin polis əməliyyatının arxasında nə dayanır?

Əyyub Kərimov: `Bu əməkdaşlıq ifrata varacaqsa, o zaman acınacaqlı vəziyyət yaranacaq`

Dövlət başçısının ictimai asayişin qorunmasında vətəndaşların iştirakı qaydasına etdiyi dəyişikliklər maraq doğurur.
 
Vətəndaşların polis orqanları ilə əməkdaşlığı (polisə ictimai dəstək) onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur. Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan vətəndaşlar könüllülük əsasında cəlb edilə bilərlər.
 
Polis orqanları ilə əməkdaşlığın təşkili qaydası Daxili Işlər Nazirliyi tərəfindən müəyyən edilir.
 
Bəs, bu cür strukturun yaradılmasında məqsəd nədir və onların fəaliyyəti həqiqətənmi effektiv olacaq?
 
Hüquqşünas Müzəffər Baxışov "Azadlıq"a bildirib ki, hazırkı reallıqda bu tip dəstələrin yaradılmasına ehtiyac yoxdur. Amma bu addım onunla əsaslandırılır ki, gələcəkdə polisin şəxsi heyətinin formalaşmasında bu şəxslərdən istifadə olunacaq: “Sovet dövründə ”xalq drujinaları” deyilən bir qrum var idi. Onlar işdən sonra ictimai asayişin mühafizəsinə cəlb olunurdular. Amma onlar ciddi sui-istifadə hallarına yol verirdi. Gənclərin şəxsi həyatına müdaxilə edərək, bu yol ilə şəxsi mənafelərini təmin etməyə çalışırdılar”.
 
Polislə əməkdaşlığa cəlb ediləcək gənclərin yaşının 20-24 arası olacağını deyən M.Baxışov bildirdi ki, polis üçün ayrılan büdcədən əməkdaşlığa cəlb olunacaq şəxslərə ödənişlər də ediləcək. Amma normal ölkələrdə ictimai asayişin qorunmasına cəlb ediləcək polislərin sayı daha az olur. Azərbaycanda isə bu rəqəm kifayət qədər əhatəlidir. “Ona görə ictimai asayişin qorunması üçün başqa əlavə olaraq hər hansı bir qurumun yaradılmasına ehtiyac yoxdur. Düşünürəm ki, bu qurumun fəaliyyəti o qədər də effektli olmayacaq”, deyə M.Baxışov bildirdi.
 
Hüquqşünas Əyyub Kərimov bildirdi ki, bir neçə il əvvəl sahə müvvəkillərinə kömək etmək məqsədilə ictimai dəstəyin göstərilməsi təşəbbüsü irəli sürülmüşdü. Indi isə qərara alınıb ki, sovetdən qalma bir sistemi tətbiq etmək yerinə düşər. Ə.Kərimovun sözlərinə görə, cinayət işlərinin istintaqı zamanı çox zaman eyni adamların adının müxtəlif cinayət işlərində hallandığının şahidi olurduq. Ona görə bu əməkdaşlığın rəsmiyyətə alınması bir sıra məqamlara aydınlıq gətirər: “Düşünürəm ki, bu format polisin fəaliyyətinə o qədər də dərin effekt verməyəcək. Amma hər bir halda gözləmək lazımdır. Nəticələrin necə olduğunu görək. Sovet dövründə təhsil müəssisələrinə qəbul zamanı, işə qəbulda bu əməkdaşlığı etmiş şəxslərə üstünlük verilirdi. Dünyanın bir çox ölkələrində bu cür əməkdaşlıq halları var. Amma bizdə bu əməkdaşlıq ifrata varacaqsa, həmin gənc tamam başqa məqsədlər üçün xidmət edəcəksə, o zaman acınacaqlı vəziyyət yaranacaq”.

Google+ WhatsApp ok.ru