Hakimiyyət pulsuz tələbələrin arxasından qaçır

Azərbaycanda təhsil kreditlərinin necə problemli məsələ olduğu barədə dəfələrlə yazmışıq. Məhz bu problemin həll olunmaması üzündən neçə-neçə istedadlı gəncimiz təhsilini yarımçıq qoymağa məcbur olub. Bəziləri heç ümumiyyətlə təhsilinə başlamamış ondan imtina edib.
 
Bu sahədəki bəzi statistik məlumatları diqqətinizə çatdıraq.
 
YAP hakimiyyəti dövründə Azərbyacan təhsili məhv edilib. Elə açıqlanan son imtahan nəticələri də vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha təsdiqlədi. Lakin problem bununla da bitmir. Savadsız bir nəslin yetişdirilməsi azmış kimi, müəyyən biliklərə sahib olan gənclər də təhsil haqqını ödəyə bilmədiyi üçün sıradan çıxır. Yəni, orta təhsilin bərbad nəticələri və üstəgəl ali təhsili yarımçıq qoymaq məcburiyyətində qalanlar.
 
Belə ki, son 3 ildə 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün Universitetdən kənarlaşdırılıb. Bu ölduqca böyük rəqəmdir və dövlətin gələcəyini təhdid edir. Amma universitetdən məhrum olanlar 17000 nəfərdən ibarət deyil.
 
Minlərlə abituriyent tələbə adını qazansa da, ödənişliyə düşdüyü üçün ali məktəbdən imtina edib. Yaxud, ilkin ödənişi edə bilmədiyi üçün əldə etdiyi müsbət imtahan nəticələri yararsız olur. Demək istəyirik ki, 17000 tələbə müəyyən müddətdən sonra təhsilini yarımçıq qoyubsa, bir o qədər də auditoriyaya girmədən təhsildən məhrum olub.
 
Səmərəsiz və effektsiz layihələrə xərclənən 100 milyardlarla neft pulunun az bir qismini təhsilə yatırmaqla böyük nəaliyyətlər əldə etmək olmazdımı?
 
Təhsil krediti məsləsinə toxunan maliyyə naziri Samir Şərifov açıqlaması ilə bir daha sübut etdi ki, hökumət bu problemin çözülməsində maraqlı deyil.
 
“Azərbaycanda təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən iş aparılır. Bunu malıiyyə naziri Samir Şərifov bildirib.
 
“Təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilmərəm. Bu gün iqtisadi durumu, əsasən də inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, 12-13%-lə təshil kreditlərinin alınması əlverişli olmayacaq. Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aprılır. Həm Təshil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən işlər görülür. Bu barədə yaxın gələcəkdə, payız sessiyasına müəyyən məlumat veriləcək”, – deyə nazir əlavə edib.
 
 
Iqtisadçı Qadir Ibrahimli hesab edir ki, hər il bu məsələ öz aktualığını qoruyub saxlayır. Ümumiyyətlə dövlət sektorunda ödənişli ixtisasların ləğv edilməli olduğunu deyən Q.Ibrahimli bildirdi ki, dövlət universitetləri dövlət hesabına maliyyələşməlidir. Ekspertin sözlərinə görə, ölkədə çox anormal bir durum yaranıb: “Ödənişli təhsil yalnız özəl universitetlərdə olmalıdır. Dövlər ali məktəblərində isə tam ödənişsiz təhsil olmalıdır. Hökumət bu barədə ciddi qərarlar qəbul etməlidir”.
 
Konkret təhsil kreditlərinə gəlincə isə, Q.Ibrahimli vurğuladı ki, təhsil kreditləri ilə bağlı xaricdə müxtəlif təcrübələr mövcuddur: “Xaricdə təhsil krediti verilir və tələbə təhsilin haqqını gələcəkdə işlə təmin edildikdən sonra ödəyir. Azərbaycanda isə belə deyil. Azərbaycanda həm özəl, həm də dövlət universitetlərini bitirənlərin əksəriyyəti işsiz qalır. O baxımdan bu məslə kompleks şəkildə həllini tapmalıdır”. (azadliq.info)
 

Google+ WhatsApp ok.ru