Hansı partiyalar qərargaha görə yüksək icarə haqqı ödəyir? - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan bəziləri maddi durumu və ofis şəraiti ilə göz oxşayır, bəzilərinin ümumiyyətlə daldalanmağa yeri yoxdur. Yəni qərargahsız, tədbirlərini, iclaslarını orda-burda keçirməklə öz fəaliyyətlərini güclə də olsa koordinasiya edirlər.

Qərargahı özəl mülkiyyət olan və ya icarəyə götürülən digər aparıcı partiyalar da var. Maraqlıdır,  hansı partiyanın qərargahı partiya rəhbərliyinin özəl mülkiyyətinə aiddir, hansı dövlət tərəfindən icarəyə verilib? Qərargahını icarəyə götürənlər ayda nə qədər pul ödəyir?

Modern.az saytı bununla bağlı qısa araşdırma aparıb.

Hakim Yeni Azərbaycan Partiyasının  (YAP) qərargahı özəl mülkiyyətə daxildir.

Müxalifətin aparıcı partiyası olan AXCP-nin isə hər hansı icarə haqqı verməsindən belə, söhbət gedə bilməz. Ona görə ki, AXCP ofissiz, partiya üzvlərinin mənzillərində iclaslar keçirməklə fəaliyyətini davam etdirir.

Müsavat Partiyası da fəaliyyət göstərdiyi binanı icarəyə götürüb. Partiyanın başqanlığa namizədi Arif Hacılının verdiyi məlumata görə, Müsavat hər ay dövlətə bir neçə yüz manat icarə haqqı ödəyir. Amma o, konkret rəqəm açıqlamayıb.

ADP də ofisini icarəyə götürüb. ADP sədri Sərdar Cəlaloğlu icarə haqqı ilə bağlı nə qədər pulun verildiyini deməkdən imtina edib. “1993-cü ildən bəri fəaliyyət göstəməyimiz üçün bizə xaraba bir bina veriblər. Biz də onu təmir etdirdik və orada çalışmağa başladıq. İcarə olaraq, nə qədər tələb edirlərsə, o qədər də ödəyirik.”

AMİP də hər ay icarəyə görə az da olsa, maliyyə itkisi ilə üzləşir. Partiyadan verilən məlumata görə, AMİP hər ay 57 manat icarə haqqı ödəyir.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) fəaliyyət göstərdiyi bina özəl mülkiyyətdir.

Ümid Partiyasının fəaliyyət göstərdiyi məkan da özəl mülkiyyətdədir. Partiya sədri, deputat İqbal Ağazadə bildirib ki, rəhbərlik etdiyi qurumun ofisi onun şəxsi mülkiyyətinə daxildir.

Böyük Quruluş Partiyası isə icarə haqqı olaraq hər ay 100 manatından keçməli olur. Bu barədə partiyanın başqanı, deputat Fazil Mustafa məlumat verib.

Deputat Fəzail Ağamalının sədrlik etdiyi Ana Vətən Partiyasının (AVP) isə icarə haqqı daha yüksəkdir. Fəzail Ağamalının sözlərinə görə hər ay 900 manat icarə haqqı ödəyirlər. /

Google+ WhatsApp ok.ru