HAQQ AŞİQİ HÜSEYN (Ə) AŞİQLƏRİN – HAQQ ŞAİRLƏRİNİN ŞEİRLƏRİNDƏ

İmam Hüseyn (ə) və Aşura İnqilabı Azərbaycanın “Aşıq”larının şeirlərində

Kərbəla faciəsi müsəlmanların agahlığına səbəb olduğu kimi, onlara hakim dairələrdə baş qaldıran inhiraf və azğınlıqların üzərindən pərdəni qaldırmaqla həzrət Mühəmmədin (s) gətirdiyi həqiqi İslam dininin yolunu da işıqlandırdı.
 
Zaman ötdükcə, müxtəlif fikri-ideoloji ocaqlar Aşura İnqilabından təsirləndi və ictimai, iqtisadi, mədəni və hətta coğrafi şəraitə uyğun olaraq müxtəlif qurum və cərəyanların yaranmasına səbəb oldu. Müxtəlif hədəflərlə Kərbəla qiyamı və onun mesajlarından təsirlənərək baş qaldıran bir çox hərəkat və inqilabları – Kərbəla şəhidlərinin qisas və intiqamını almaq məqsədilə təşkil olunan “Təvvabin” (Tövbə edənlər) hərəkatı və Muxtar Səqəfinin qiyamını buna misal göstərmək olar. İslam məntəqələrində baş qaldıran bir çox digər inqilablar da Kərbəla qiyamçılarının ibrətli təlimlərinə əsaslanmışdır. Əlbəttə, İslam quruluşu ilə nəticələnən İran xalqının inqilabı da, məhz, həmin təlimlərə söykənərək qələbəyə nail oldu.
 
Mədəni ocaqlarda da Kərbəla qiyamının mesajları əsaslı dəyişikliklərə səbəb olmuşdur. Uzun illərdir ki, şiə ictimaiyyətində müxtəlif şəkillərdə Kərbəla şəhidləri üçün qurulan əzadarlıq mərasimləri dini nümayişlərin mühüm hissəsini təşkil edir və dərin təsir bağışlayır.
 
Klassik ədəbiyyata gəldikdə isə, bir çox şairlər dini-irfani ədəbiyyatın yetkin və dolğunluğunda dəyərli şeirləri ilə fikri-ideoloji dəyişikliklərə zəmin hazırlamışlar.
Xalq müdrikliyi və yaradıcılığında da Kərbəla inqilabının təsiri böyük rol oynamışdır. Bir sözlə, insanların mədəniyyətinə dair hər bir sahədə bu böyük inqilabın təsirini müşahidə etmək olar. Dastanlar, nağıllar, adət-ənənələr, zərbi-məsəllər, nəğmələr, bayatılar və s. bütün bunlar Aşura rəngindən bəhrələnmişdir ki, hər biri ayrı-ayrılıqda geniş bəhs tələb edir.
 
Azərbaycanda “Aşıqlar ədəbiyyatı” Azərbaycan xalqının mədəniyyət və yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Aşıqlar ədəbiyyatı geniş və uzaq keçmişi olmaqla bərabər, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də sevilmişdir. “Azərbaycan xalqının şifahi ədəbiyyatı” kitabının müəllifi Paşa Əfəndiyev professor Bünyadovdan nəqlən, aşıqların, daha doğrusu, aşiqlərin dörd min ilə yaxın bir tarixə sahib olduğunu vurğulayır (səh. 234). Əlbəttə, aşiq (aşıq) adı, təqribən, Səfəvilər dövründə yaransa da, ondan əvvəl başqa adlara sahib olmuş, bir zaman “dini işlərin nümayəndəsi” rolunu, bir zaman da “ağsaqqal” rolunu ifa edirmiş. (Cavad Heyət, 1367, səh. 91.)
 
Ümumiyyətlə, aşıqların əsrlər boyu cəmiyyətdə ifa etdikləri rolun xüsusiyyətləri, demək olar ki, Səfəvilər dövründən sonra ictimai təbəqələrdə yaranan dəyişikliklərlə uyğun olmuşdur. Aşiqlər insanlarla birgə yaşayan şairlər idi. Həmin sənətkar şairlər həm nəğmə oxuyur, həm də çalırdılar. Onlar xalq arasından çıxdıqları üçün müstəqil şəxsiyyətə sahib idilər. Elə buna görə də, qüdrət sahiblərinə əsla əyilmirdilər. Onlar öz şeirlərini müxtəlif münasibətlərlə təşkil olunan yığıncaqlarda, şadlıq və əzadarlıq mərasimlərində söyləyir və xalqın qulağına çatdırırdılar. Şeyx Səfiyəddin Ərdəbilinin fikri-ideoloji məktəbinin genişlənməsi ilə, bu sənətkarlar da onun məktəbinin mürşidləri sırasına qoşuldular.
 
Səfəvilər siyasi qüdrəti ələ keçirdikdən sonra aşıqların fəaliyyəti daha da genişləndi və beləcə, onlar “Ərdəbilin darul-irşad təriqəti” adı ilə tanınan məktəbin ardıcıllarına qoşularaq, şiə etiqadını nəşr və təbliğ etməyə başladılar. Qeyd etmək lazımdır ki, ilk adlı-sanlı aşıqlar, ümumiyyətlə, savadlı və ziyalı olmuş, bəzən də, müctəhidlik dərəcəsinə çatmışdılar. Onların ən sevimlisi və ən məşhurları sırasında irfan əhli olanlar da gözə dəyir. Aşıqlar öz şeirlərində də qeyd etdikləri kimi, onların istedad və zövqü mütəal Allah tərəfindən verilən bir qüvvə idi və adətən, sadiq röyada imam Əlinin (ə) vasitəsilə hədiyyə olunurdu. Bu tip aşıqlara “haqq aşiqi” deyilirdi. Paşa Əfəndiyevin ifadəsi ilə desək, onlar müqəddəs insanlar və ilahi hədiyyəyə layiq görülənlər idi. Onlar camaat arasında öz rəftar və davranışları ilə seçilib tanınmış, sevilmiş və təqlid olunmuşlar. (Əfəndiyev, 1992, səh. 236.)
 
Aşıqların ən məşhuru Aşıq Ələsgər həqiqətin təlimini ehtiva edən aşiqliyin şərtləri və aşiqin ictimai vəzifələrindən söz açır  və sonda, aşiqin gözəl səs və avazının olduğunu lazımı şərtlərdən hesab edir:
Aşiq olub tərki-vətən olanın,
Əzəl başdan pür kəmali gərəkdir,
Oturub-durmaqda ədəbin bilə,
Mərifət-elmində dolu gərəkdir.
 
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdir!
(Bozorg Əmin, 1370, səh. 19-20)
 
Diqqət yetirmək lazımdır ki, bu ariflərin şeirlərinin əksəriyyəti dini mövzuları, o cümlədən, Kərbəla vaqiəsi və Aşura faciəsini ehtiva edir. Onlardan bəzilərinin şeirlərinin mətninə müraciət etdikdə, Kərbəla vaqiəsi, şəhidlər sərvəri imam Hüseyn (ə) və o həzrətin vəfalı dostları barəsində nəzərləri diqqəti özünə cəlb edir.
 
İlk aşıq adını daşıyan Aşıq Qurbani (Siddiq, 1355, səh. 38). Şah İsmayıl Səfəvinin hakimiyyəti dövründə yaşamış və bəzi tarixi sənədlərə və həmçinin öz şeirlərinə əsasən, Şah İsmayılla yaxın rabitəsi də olmuşdur (Siddiq, 1355, səh. 40). O, dəfələrlə öz şeirlərində imam Hüseynə (ə), imam Zeynəlabidinə (ə), həzrət Əbülfəzlə (ə) və nübüvvət xanədanının digər üzvlərinə sevgi və məhəbbətini açıq-aşkar qələmə almışdır.
Qurbani İbdal dir söyləməz yalan,
Həsənə, Hüseynə, canımız qurban!
(İbadi Qaraxanlı, 1389, səh. 194.)
 
Başqa bir şerində imam Həsən (ə) və imam Hüseyni (ə) Şəbbər və Şübeyr ləqəbləri ilə belə səsləyir:
Fatimeyi-Zəhra xatuni-məhşər,
Şəfqət babamız Şübeyr və Şəbbər!
(İbadi Qaraxanlı, 1389, səh. 192.)
 
Növbəti şerində imam Əlini (ə) vəsf edərək, o həzrətin və xanım Fatimeyi-Zəhranın (s.ə.) övladlarından söz açır:
Onun məqamının çoxdur səfasi,
Həsən, Hüseyn ələmdarın ağasi!
Çox zəcri çəkibdir Zeynül-Əbbasi,
Məndən də bir salam Səqqaya deyin!
(İbadi Qaraxanlı, 1389, səh. 61.)
 
Başqa bir şerində də Kufə əhalisinin həyasız və vəfasızlığına işarə edərək deyir:
Kufə əhli, bihəyalar şərmi-həyanı atdılar,
Adəm oğlu, yoldan çıxdı, bir-birin aldatdılar,
Qazilər də rüşvət alıb, şəriəti satdılar,
Bu divan ki, divan deyil, ədalət divan gərək!
(İbadi Qaraxanlı, 1389, səh. 272.)
 
Böyük aşıqlardan biri də Xəstə Qasımdir. O, Ərdəbil, Nəcəf və Kərbəlada dini təhsil almış və Nadir şah Əfşarın hakimiyyəti dövründə yaşamışdır. (İbadi Qaraxanlı, 1391, səh. 40.) Xəstə Qasım Dağıstanda Ləzgi Əhməd Nami ilə müşairəsində Ləzgi Əhməd ondan “Haqq aşiqi kimdir və haçan öz məşuqunu görəcək?” – deyə soruşduqda, “Haqq aşiqi Hüseyndir və öz məşuqunu qiyamət günü görəcəkdir!” – deyə cavab verir:
Ləzgi Əhmədin sualı:
Əhməd deyir: Kim oldu haqq aşiqi?
Nə gündə görəcək aşiq, məşuqi?
 
Xəstə Qasımın cavabı:
Qasım deyir: Hüseyndir haqq aşiqi,
Qiyamətdə görər aşiq, məşuqi?
(İbadi Qaraxanlı, 1391, səh. 316.)
 
Xəstə Qasım “Allah” adlı şerində deyir:
Aşura gecəsi bir şəhrə vardım,
Gördüm yazılıbdı hər yanda Allah!
Əzəl dərsi aldım ol Bismillahdan,
Oxudum Qurani Əlhəmdulillah!
(İbadi Qaraxanlı, 1391, səh. 73.)
 
Bu şair və arif “Ağladı” adlı arifanə şerində özü və müsəlmanların hər ilin Məhərrəm ayında Kərbəla şəhidlərinə əzadarlıq etməsini xatırlayaraq özünə xitabən belə deyir:
“Xəstə Qasım”, yenə qaldın sən qəmdə,
Tamam həsrətlərim qaldı sinəmdə,
Dolanıb çaar fəsl, hər Məhərrəmdə,
Giryan deyib müsəlmanlar ağladı!
(İbadi Qaraxanlı, 1391, səh. 73.)
 
O, “Deyərsiz” adlı şerində Kərbəla və Nəcəf zəvvarlarına xitabən, onlardan istəyir ki, orada şairlərin dərdi-dilini belə bəyan etsinlər:
Siz ey Kərbəlaya gedən zəvvarlar!
Mənim ərzim o diyara deyərsiz.
Özüzü sürtərsiz mərmər daşlara,
Orda olar mənə çara deyərsiz.
 
İmam Hüseyndir Qasimə yavər,
Çeşmi-imam Hüseyn şahzadə Əkbər.
Qıfıldan yapışıb verərsiz salam,
Unutmazsız, var biçarə deyərsiz.
 
Mənim iltimasım var o mövlaya,
Ondan imdad olar şahi-gedaya,
Hüseyni-məzluma, o Kərbəlaya,
Mənim günüm olub qara deyərsiz.
 
Gözüm yaşı dönüb ceyhun Bəhreynə,
Bülbül çatanmadı gölün qəhrinə,
Qasımdır çatsaz Nəcəf şəhrinə,
Mənim dərdim ol Heydərə deyərsiz!
(İbadi Qaraxanlı, 1391, səh. 81.)
 
Xəstə Qasım “Müxəmməs”inin birində peyğəmbərlər və onların ardıcıllarının ağrı-acı və əzab-əziyyətlərindən – İsrail övladlarının işgəncələrinə məruz qalan həzrət İsa (ə) və onun tərəfdarları, həzrət İbrahim (ə) və Nəmrudun zülmkarlıqları, Yəhya (ə), Əyyub (ə) və Zəkəriyya (ə) peyğəmbərlərin sərgüzəştlərindən də söz açır. Bu zaman son peyğəmbərin qara geyimini də xatırlayır və sonda Aşura faciəsi və Kərbəla şəhidlərinə rəva görülən haqsızlıqları belə təsvir edir:
Nəmrud eylə hökm eylədi, İbrahim düşdü nara,
Əyyuba verdin yaralar, kimsə bilmədi çara,
Yəhya keçdi sərindən, Zəkəriyya düşdü muşara,
Axiruz-zaman Nəbisi, çünki geymişdi qara,
Kəsildi Hüseynin başi, ərşü-asiman ağladi!
 
Nübüvvətə qail oldum, bərkitdim ixlasimi,
Əlif-beydən dərsim aldım, əzbər etdim “Yasini”,
Aşiq olmayan kimsə, tutma aşiq bəhsini,
Din üstdə oxladılar altı aylıq balasini,
Məlaiklər şeyhə çəkib, külli-cahan ağladi!
 
Məlun Yezid hökm eylədi, çaar tərəfi tutdular,
Üç şöbəli oxlar ilə bağrım başın diddilər,
Əli Əkbər cavan idi, onu şəhid etdilər,
Ayağa saldılar Qurani, dini pula satdılar,
Qürrələnib şeyhə çəkib, çeşmi giryan ağladi!
(İbadi Qaraxanlı, 1391, səh. 211-212.)
 
Xəstə Qasım Şah İsmayılın əmri ilə Hürrün qəbrinin açılmasını, qəbrin içində və yaxud kəfənin üstündəki sirli yazını nəzmə çəkmiş, qəbrin açılmasını peşmançılıq hissi ilə xəta və günah hesab etmişdir. Əlbəttə, bildiyimiz kimi, Xəstə Qasım Şah İsmayılın dönəmində yaşamasa da, Şah İsmayıl şairin nəzərində möhtərəm bir şəxs olduğundan, şair özünə xitabən peşmançılıq hissini dilə gətirib, Peyğəmbəri-Əkrəm, imam Əli (ə) və Kərbəla şəhidlərinə yalvararaq bağışlanmasını diləyir.
Bir gün oldu, Şeyx Xətayi, qızıyla çıxdı seyrə,
Açdı o Hürrün qəbrin, günahkaram doğrusu!
“Üç əlif”, “bir dal” yazmışdılar, diqqət eylə xəttə bax,
Söylə sözün, açma sirrin, tövbəkaram doğrusu!
Sidqi-dillə Nəcəf şahı – o mövlaya yalvardım,
Üzüm tutdum bu dünyada, Müstəfaya yalvardım,
Üz çevirdim Kərbəlaya, şühədaya yalvardım,
İndi məni xəta tutub, xətakaram doğrusu!
Yetmiş iki cana qurban, bir-birindən mötəbər,
Səqqayi-Kərbəlaya bax, şühədaya ver xəbər,
Xəstə Qasım, Hürrün qəbrin görən kimi bərk əsər,
Gecə-gündüz ağlayaram, günahkaram doğrusu!
(İbadi Qaraxanlı, 1391, səh. 204.)
 
Böyük və nüfuzlu aşıqlardan biri də Aşıq Ələsgərdir. Azərbaycanın klassik ədəbiyyatında onun təsiri danılmazdır. (Cavad Heyət, 1367, səh. 106.) O, Əhli-beytin məqamına dair yazdığı şeri ilə özünün nübüvvət xanədanına sevgi və məhəbbətini belə dilə gətirir:
Həqiqətdən iki gözəl sevmişəm,
Birisi Mühəmməd, birisi Əli.
Əlidən dərs aldım, eylədim əzbər,
Ərşin sütununda, yerlərə ləngər.
Fatimeyi-Zəhra, şafei-məhşər,
Onu seçdim gözəllərin gözəli.
Həsənül-Müctəba, çoxdur şövkəti,
Ərşin güşvarəsi, yerin zinəti.
Məhşər günü darda qoymaz ümməti,
Əsğər qucağında şahi-Hüseyn güli!
(İbadi Qaraxanlı, 1386, səh. 53.)
 
O, imam Hüseyn (ə) və o həzrətin körpə oğlu Əli Əsğər barəsində belə deyir:
Qan ağlar gözüm Şahi-şəhidanə bu gündə,
Oğlunu verib ümmətə qurbanə bu gündə!
(İbadi Qaraxanlı, 1386, səh. 300.)
 
Sonra imam Hüseynin (ə) matəminin ağır olmasını vurğulayaraq yerin, göyün, inəyin, balığın – külli-kainatın, həmçinin imam Əli (ə) və o həzrətin dostlarının daim ağlayıb matəm saxladıqlarını belə vəsf edir:
Bu gündə bilin, ərşü-səmavat qan ağlar,
“Qav” ilə “səmək”, külli-kainat qan ağlar,
Dostlari-Əli daimul-ovqat qan ağlar,
Bir ləhzə baxan Zeynəbi-nalanə bu gündə!
Qan ağlar gözüm, Şahi-şəhidanə bu gündə!
Oğlunu verib ümmətə qurbanə bu gündə!
(İbadi Qaraxanlı, 1386, səh. 300.)
 
(“Qav” sözü inək, “səmək” sözü isə balıq deməkdir. Fars ədəbiyyatında “Qav və səmək” sözləri birgə işləndikdə, külli-kainat mənasını ifadə edir.)
Daha sonra “Əraf” surəsinin “Zər” adı ilə məşhur və “Zər” aləminə işarə olan 172-ci ayəsinə istinad edərək, bu vaqiənin hikmətindən söz açır və Kərbəla faciəsinin səbəb və hikmətini “Zər” aləmi ilə əlaqələndirir. Belə ki, şəhidlər sərvəri imam Hüseyn (ə) Allah-Taala ilə əhd-peyman bağladığı zaman “Ələstu birəbbikum?” (Mən sizin Rəbbiniz deyiləmmi?) – sualına “Bəla, şəhidna!” (Bəli, şəhadət veririk!) deyə cavab verməklə, Əli Əsğəri ilə birgə oxlara və nizələrə sinə gərərək öz əhd-peymanına sadiq qaldı:
İndi ki, deyil, “qalu, bəla!” dandı bu peyman,
İncimə, olum Haşimi xallarına qurban!
İlqar eləyib Haqq ilə ol Şahi-şəhidan,
Əsğəri verib oxlara nişana bu gündə!
(İbadi Qaraxanlı, 1386, səh. 300.)
 
Haqq-Taala ilə əhd-peyman bağladığından ağrı-acılar, əzab-əziyyətlər və işgəncələrə dözür, tab gətirir:
Bir yanda gərək doğrana əvvəl Əkbəri-norəs,
Bir yanda Qasim toyu ola zülm ilə gör yas,
Bir yanda qələm oldu uzun qollari-Abbas,
Bir yanda gərək xeymələr odlana bu gündə!
(İbadi Qaraxanlı, 1386, səh. 300.)
 
Mərsiyənin bir hissəsində zülmün son həddinə və faciənin dözülməzliyinə işarə edərək Leylanı tabsızlıq etdiyinə görə məzəmmətdən uzaq bilir:
Bu cür – cəfaya, bilin, heç can dayanmaz,
Qəlbi daş ola, cismi gər ahən, dayanmaz,
Leyla neynəsin, vallah, heç insan dayanmaz,
Nizədə gedən kəkili – əlvana bu gündə!
(İbadi Qaraxanlı, 1386, səh. 302.)
 
Aşıq Ələsgər son beytdə Hüseyn (ə) qəhrəmanlığının mənəvi yönündən söz açır. Belə ki, şəhidlər sərvəri ovucunu körpəsi Əli Əsğərin boğazından axan qanla doldurub, səxavətlə səmaya atır və nəticədə səma bütünlüklə qırmızı rəngə boyanır. O, bu beytdə “mədəni-səxa” (səxavət mədəni) və “asimani-sorx” (qırmızı asiman) ifadələrini işlətməklə, demək istəyir ki, qanı ilə bütün səmanı əhatə edən o körpə kiçik olmasına baxmayaraq, o qədər əzəmətlidir ki, imam Hüseynin (ə) səxavətinin xatırlanmasını zəruri edir:
“Mədəni-səxa” dəstinə ol qani tutubdu,
Atıb havaya, sorx olub, asmani tutubdu!
(İbadi Qaraxanlı, 1386, səh. 302.)
 
Daha sonra Aşıq özünü yazıq və asi adlandıraraq, mərsiyəsini asilərə şəfaətçi olan şəhidlər sərvərinə təvəssül etməklə sona yetirir:
Yazıq Ələsgər, isyanın dünyanı tutubdu,
Bəstə düşərəm şafei-isyanə bu gündə,
Qan ağla gözüm, Şahi-şəhidanə bu gündə,
Oğlunu verib ümmətə qurbanə bu gündə!
(İbadi Qaraxanlı, 1386, səh. 302.)
 
Həsən oğlu aşıq Abbas Tufarqanlı 17-ci əsrin əvvəllərində (təqribən, 1600-1605-ci illər) Təbriz şəhərinin yaxınlığında yerləşən Tufarqan kəndində dünyaya gəlmişdir. O zaman Təbriz şərqin ən mühüm şəhərlərindən sayılırdı və orada yüzlərlə kiçik və böyük məktəblər və dini mədrəsələr fəaliyyət göstərirdi. Abbas da həmin məktəblərdə elmi dərindən mənimsəmiş, ana dili ilə yanaşı, ərəb və fars dillərini də öyrənmişdi. Bu mətləb onun yazı və əsərlərindən açıq-aşkar göstərilmişdir. (Namazov, 2004, səh. 23-24.) Aşıq Abbasın tərcümeyi-halına nəzər saldıqda, onun Şah Abbasın dönəmində yaşadığı məlum olur.
عاشیق عباس در آثارش به تعلق خاطرش به ائمه معصومین ع از آن جمله دلبستگی به امام حسین ع اشاره ها دارد. در داستان "عاشیق عباس و گولگز" که روایتی از ستمگریهای دوره شاه عباس نیز می باشد ؛ پس از آنکه نامزد عاشیق عباس را برای بردن به حرمسرای شاه عباس گرفته و راهی اصفهان می کنند ، عاشیق عباس خبر دار شده در پی ماموران حکومتی به راه می افتد . در راه با عده ای زوار که عازم کربلا و نجف بودند مواجه می شود . در این موقعیت وی از فرصت استفاده کرده از زائران درخواست دعا کرده با سخنان سوزناک چنین می سراید:
 
Aşıq Abbas öz əsərlərində məsum imamlara (ə), o cümlədən, imam Hüseynə sevgi və bağlılığından da söz açmışdır. Şah Abbasın dövründəki haqsızlıqları nəql edən “Aşıq Abbas və Gülgəz” hekayəsində, Aşıq Abbasın namizədi Gülgəzi Şah Abbasın hərəmxanasına aparmaq üçün tutub İsfahana apardıqda, Aşıq Abbas bundan xəbər tutaraq məmurların arxasınca yola düşür. Yolda Nəcəf və Kərbəlaya gedən bir qrup zəvvarla rastlaşır və bu fürsətdən istifadə edib zəvvarlardan dua edəcəklərini xahiş edərək ürəkləri dağlayan sözlərlə belə deyir:
Gendən getmə! Halallaşaq, ayrılaq,
Şahlar şahı “Mürtəza”ya ərzim var!
Üzümü tutmuşam Haqq dərgahına,
Hüseyn, şahi-Kərbəlaya ərzim var!
Ahu kimi mən gəzərəm çölləri,
Lal etməsin şən danışan dilləri,
Fərat kənarında düşən qollari,
“Abbas” kimi, o Səqqaya ərzim var!
 
Həsən, Hüseyn, Gülsüm, babası,
Məqamının çoxdur zövqü-səfası,
“Şübeyr” və “Şəbbər”in məzlum anası,
O “Fatimeyi-Zəhraya” ərzim var!
(Sai, 1385, səh. 54-55.)
 
Zülm və haqsızlığa qarşı həssaslığını bildirən Aşıq Abbas Şah Abbasın və onun məmurlarının zülmkarlığına etiraz edərək deyir:
“Abbasam”, oxuduğumu yazaram,
Tarı bilər, “Şah Abbasdan” bizaram!
(Sai, 1385, səh. 193.)
 
Başqa bir şerində bu məmləkətə hakim ədalətsizlikdən gileylənərək belə deyir:
Hanı bu ölkədə ədalət, divan?
Yox kimsə eyləsin dərdimə dərman!
(Namazov, 2004, səh. 24.)
 
Aşıq Abbas məsum imamların pənahgah və ümid yeri olduqlarını aşkar şəkildə qələmə almışdır. Qeyd olunduğu kimi, o, dəfələrlə imam Hüseyn (ə) və Kərbəla şəhidlərinə təvəssül etmiş, onları məzlumların və zülmə məruz qalanların yavəri adlandırmışdır. Ona namizədi Gülgəzin zülmkar məmurlar tərəfindən saxlanıldığını xəbər verdikdə belə deyir: “Həzrət Əbülfəzli köməyə çağırıram və şübhəsiz, Allah mənə yardımçı olacaq.”
Silindi, könlümün qalmadı pası,
Küncü-biyabanda, tutaram yası!
Köməyə çağırram qolsuz Abbası,
Qadir Allah bada verməz Gülgəzi!
(Sai, 1385, səh. 23.)
 
Yenə başqa bir şerində Kərbəlada baş vermiş haqsızlıq və zülmkarlıqları, məzlumların ah-naləsini xatırlayaraq, şəhidlər sərvəri və Kərbəla şahı imam Hüseynə (ə) təvəssül edir:
“Şimr” tökdü o Kərbəladə, nahaq yerə qanları,
Müsəlmanlar yad eyləsin, gərək nocavanları,
Şəhadətə yetirdilər, orda olan canları,
Kufəlilər Kərbəladə, əcəb tüğyan eylədi!
“Abbas” deyir, bir baxasan məzlumların ahına!
Daim özünü sürtəsən Şahi-mərdan rahına!
Bir namə yaz, sığınginən Kərbəlanın Şahına,
Aşiqin dərdinə əlac, Şahi-şahan eylədi!
(Sai, 1385, səh. 30-31.)
 
Aşıqlar imamların vəsfi ilə bağlı yazdıqları şeirləri “imamiyyə şeirləri” adlandırmışlar. Aşıq Abbas da bundan müstəsna deyil. O da, şiə imamlarını bir-bir tanıtdırıb vəsf etdikdən sonra Kərbəla şəhidlərinə aşiq olduğundan şerinin sonunda yenidən imam Hüseynə və Kərbəlaya salam göndərir:
Əbbasin ağasi, ruhi canfişan,
Vücudi səd parə, cismi hezar şan,
Kərbəla çölündə axan gözəl qan,
Şahi-Kərbəlayə, salamun ələyk!
(Sai, 1385, səh. 158.)
 
MƏNBƏLƏR
1. “Azərbaycan xalqının şifahi ədəbiyyatı”, Paşa Əfəndiyev, Bakı, “Maarif” nəşriyyatı;
2. “Aşıq Ələsgərin gözəllik nəğmələri”, Abbas Bozorg Əmin, 1-ci cild, 1-ci çap, Təbriz, “Xəyyam” nəşriyyatı;
3. “Abbasla Gülgəzin nağılı”, Hüseyn Sai, Təbriz, “Zərqələm” nəşriyyatı;
4. “Aşıqlar”, H. Siddiq, Tehran, “Azərkitab” nəşriyyatı;
5. “Aşıq Ələsgər”, Məhəmməd İbadi Qaraxanlı, Təbriz, “Əxtər” nəşriyyatı;
6. “Aşıq Qurbani”, Məhəmməd İbadi Qaraxanlı, Təbriz, “Əxtər” nəşriyyatı;
7. “Xəstə Qasım”, Məhəmməd İbadi Qaraxanlı, Təbriz, “Əxtər” nəşriyyatı;
8. “Aşıqlar”, Qara Namazov, Bakı, “Səda” nəşriyyatı;
9. “Azərbaycanın şifahi xalq ədəbiyyatı”, Cavad Heyət, Tehran, “Varlıq” jurnalından nəqlən.
 
Dilavər Məhəmmədpur / Maide.az

Google+ WhatsApp ok.ru