Helikopteri vuran əsgər danışdı

Düşmən helikopterini vuran əsgər danışıb. 
 
Maide.az xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri İlkin Muradov "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində qeyd edib ki, məhv edilən helikopter əvvəlcə atəş açıbmış.
 
"Mən start mövqeyində hazır dayanmışdım. Əvvəlcə uzaqdan düşmən helikopterlərinin səsini eşitdik. Sonra hədəflərin qaraltılarını nöqtə kimi binokldan müşahidə etdik. Gördük iki M-24 tipli helikopter düz üstümüzə gəlir. Göstəriş aldıq ki, əgər bizim hərbi hissənin müdafiə rayonuna daxil olsalar, hava məkanını pozsalar, hədəfi məhv edək", - deyə İlkin Muradov bildirib.
 
Manqa komandirinin sözlərinə görə, helikopterlər səngərlərimizin üzərinə sürətlə yaxınlaşaraq mövqelərimizi atəşə tutublar. "Onlar postlarımıza zərbə endirdilər. Ön xətdəki döyüşçülərimiz də avtomat və pulemyotlardan düşmənin texnikalarını atəşə tutdular və bu zaman onlar sola istiqamət götürdülər. Mən dərhal arxada uçan helikopteri nişan alıb, tətiyi sıxdım".
 
Xatırladaq ki, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.
 
Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
 
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
 

Google+ WhatsApp ok.ru