Hesabat: Qəzzada xərçəng xəstələrinin ölümü sürətlə yaxınlaşır

Hesabat: Qəzzada xərçəng xəstələrinin ölümü sürətlə yaxınlaşır

Hazırda Qəzza zolağında 8515 nəfər xərçəng xəstəsi ümidsiz halda ölümün pəncələri altında çırpınır.

Maide.Az "Felestin.info" -a istinadla xəbər verir ki, bu barədə "Al Mezan" insan haqları təşkilatı məlumat yayıb. Bildirilib ki, xəstələr dərman və müalicə yetərsizliyi ucbatından əziyyət çəkirlər.

Təşkilat fevralın 4-də Ümumdünya Xərçəng Günü ilə əlaqədar Qəzzadakı xərçəng xəstələrinin vəziyyətilə bağlı hesabat yayımlayıb.

Hesabata əsasən burada 607 uşaq xərçəng xəstəsidir, bu da ümumi xəstələrin 7 faizi deməkdir. Bölgədə 4705 nəfər qadın bu xəstəlikdən əziyyət çəkir ki, bu da ümumi xəstələrin 55,3 faizini təşkil edir.

Hesabatda vurğulanır ki, Qəzzadakı xəstəxanalarda texniki avadanlıq, maddi təminat, diaqnostika avadanlıqları, dərman, cərrahiyyə və terapiya cihazlarının çatışmazlığı buradakı xəstələrin fizioloji və psixoloji sağlamlıqlarına ciddi zərbə vurur.

Təkcə 2018-ci ildə xərçəng və qan xəstəliklərinin müalicəsi üçün lazım olan dərman preparatlarının 58 faizlik defisit mövcud olub.

Bundan başqa Qəzza zolağına qarşı tətbiq edilmiş blokada xəstələrin həyatını təhlükəyə atır, onları kənarda müalicə almaqdan məhrum edir. Belə ki, xərçəng xəstələrinin 38 faizinə bölgəni tərk etmək qadağan edilib, 5 faizi isə həbsdə saxlanılır.

Fələstin İnsan Hüquqları Mərkəzinin hesabatına görə, 2016-2018-ci illərdə 45 xərçəng xəstəsi bölgəni tərk edə bilmədiyi üçün Beyt-Hənun (Erez) sərhəd keçid məntəqəsində vəfat edib.


Google+ WhatsApp ok.ru