Hesablama Palatasının illik hesabatına dair iclas keçirilib

Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında hesabat” təsdiq edilib və hesabatın Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.
Kollegiyada həmçinin Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərcləri, şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri üzrə hesabat və rəy, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil üzrə analitik arayış müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Lənkəran şəhər İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair və “Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair nəzarət tədbirləri üzrə proqramlar da təsdiq olunub.

Google+ WhatsApp ok.ru