Heyvandarlıq zərərli sahəyə dönür

Heyvandarlıq zərərli sahəyə dönür

"Novoye Vremya" qəzetində "Heyvandarlıq zərərli sahəyə dönür" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif aqrar sahədəki mövcud durumu kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ilə müzakirə edir.
 
Yazıda bildirilir ki, ərzaq sarıdan ölkənin idxaldan asılılığı aradan qalxmayıb. Üstəlik, qeyri-neft sektorunun və aqrar sahənin inkişafı haqda rəsmi statistik məlumatlar şübhə doğurur:
"Təkcə son 3 ildə ərzaq idxalı 24 faiz artıb. Ən əsası pambıq sahələrinin təbii otlaqlar hesabına genişləndirilməsi heyvandarlıqla məşğul olan fermerləri çıxılmaz duruma salıb. Yem bazasının daralması üzündən ət və süd istehsalı sürətlə azalır, istehlak qiymətləri isə artır".
 
V.Məhərrəmli deyib ki, son iki ildə kəndli və fermerlərin istifadəsində olan örüşlər, otlaqlar pambıq əkilməsindən ötrü bələdiyyələrin və bəzi şirkətlərin sərəncamına verilib:
"Yem çatışmazlığı ilə bağlı fermerlər kütləvi heyvan kəsiminə başlayıb, nəticədə daxili ət və süd istehsalı kəskin azalıb. İdxalı isə artıb".
 
Ekspert vurğulayıb ki, ölkəyə pambıq ixracından 32.4 milyon dollar vəsait daxil olub. Amma ət və süd idxalı ilə bağlı bundan 3 dəfə çox, yəni, 107 milyon dollar ölkədən kənara çıxıb.
 
V.Məhərrəmli bildirib ki, son 3 ildə ölkəyə 624 milyon dollarlıq ərzaq idxal edilib. Bu, onun hesablamalarına görə, 24 faiz və ya 122 milyon dollar artım deməkdir.
 
Ekspertin deməsinə görə, bunun əksinə olaraq, ərzaq ixracı 81 milyon dollar azalıb:
"Ət idxalı 2.5 dəfə, süd idxalı isə 70 faiz artıb. Ölkənin buğda, çay, qənd, bitki yağları ilə təminatı, əsasən, idxaldan asılıdır".
 
V.Məhərrəmli hesab edir ki, ölkədə ərzaq təhlükəsizliyi baxımından vəziyyət getdikcə ağırlaşmaqdadır.
 
Yazıda bildirilir ki, bütün bu proses ət və südün bahalaşmasına gətirib çıxarır. Üstəlik, yerli məhsulların keyfiyyəti də pisləşir:
"Qiymət artımına təsir edən bir çox amillər var, amma hamısı bir nöqtədə -daxili istehsalın aşağı səviyyədə olmasında və xaricdən gətirilən ərzağın inhisarçıların əlində cəmləşməsində birləşir".

Google+ WhatsApp ok.ru