Heyvani xəstəliklərin aşkar olunduğu ərazilər açıqlanıb

Heyvani xəstəliklərin aşkar olunduğu ərazilər açıqlanıb

 
Bu ilin avqust-sentyabr aylarında heyvani xəstəliklərin aşkar olunduğu ərazilər açıqlanıb.
 
Verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin vəhşi təbiətdə epizootik vəziyyətin təhlilinə dair bülletenində bildirilir ki, Oğuz rayonu Daşağıl kəndi ətrafında dağ kəlinin cəsədlərindən götürülmüş patoloji nümunələr ümumi analiz edilib və Fassilyoz (qaraciyər qurdu) xəstəliyi aşkar olunub.
 
Qusar rayonunda monitorinqlər zamanı 1 ədəd quzğun quşunun cəsədindən götürülən patoloji material PRZ və bakterioloji üsullarla müayinə olunub. Bakterioloji müayinə nəticəsində vərəm vibrionu aşkarlanıb.
 
Bayıl qəsəbəsi dənizkənarı sahəsindən götürülmüş nümunələrdə siyənək, kefal və vobla balıqlarının ümumi analizi aparılıb, infeksion xəstəliklərə rast gəlinməyib. Zaqatala Dövlət Təbiət Qoruğunda monitorinq zamanı tülkü, dovşan, çöl donuzu, canavardan bionümunələr götürülüb. İnfeksion xəstəliklər aşkar olunmayıb. Şirvan Milli Parkı ərazisindən canavar, çaqqal, çöl donuzu, tülkü və ceyrandan bionümunələr götürülüb. Heyvanların nəcis nümunələri PZR analizinə əlavələr olaraq bakterioloji müayinədən də keçirilib, infeksion xəstəliklər aşkarlanmayıb. Şahdağ Milli Parkı -  Oğuz rayonu Filfilli kəndi Qarabulaq dərəsi ətrafında dağ kəllərinin cəsədlərindən patoloji nümunələr götürülərək bakterioloji və virusoloji analiz edilib, İnfeksion xəstəliklər aşkar edilməyib. “Altıağac Milli Parkının heyvanat aləmindən 13 baş heyvan və 7 baş quş nəcisindən 20 ədəd bionümunə əldə edilib. Monitorinqlər zamanı ərazidə heyvan və quş cəsədləri müşahidə olunmayıb. Milli Parkda saxlanılan böyük və kiçik şahinlərdən xlamidlya bakteriyası aşkarlanıb. Çaqqalda infeksion olmayan, lakin mədə-bağırsaq pozuntusuna səbəb olan E.coli bakteriyası titrinin yüksək olması qeydə alınıb.
 
Abşeron rayonu Xırdalan şossesində aşkar edilmiş qarğa cəsədindən nümunələr götürülüb, laboratoriyada bakterioloji analiz edilib. Bakterioloji müayinə keçirilərkən patoloji materiallardan cisim şüşəsi üzərində yaxma hazırlanaraq qram üsulu ilə boyanıb və mikroskopun immersion sistemi altında patogen mikroorqanizmlərin mövcudluğu yoxlanılıb. İnfeksion xəstəliklər aşkar edilməyib.
 
"Ümumilikdə son dövr apardığımız monitorinqlərin nəticələri onu göstərir ki, Azərbaycan ərazisində vəhşi təbiətin epizootik vəziyyəti sabitdir” – deyə bülletendə qeyd olunub. (apa) /

Google+ WhatsApp ok.ru