Hicab məhbusunun apelyasiya şikayəti icraata götürülüb

Qobustan həbsxanasında cəza çəkən hicab məhbusu, cenubnews.com saytının baş redaktoru Araz Quliyevlə bağlı şikayət Bakı Apelyasiya Məhkəməsində icraata götürülüb. Musavat.com-un sözügedən sayta istinadən verdiyi xəbərə görə, yaxın günlərdə iş üzrə məhkəmənin keçirilmə vaxtı məlum olacaq.
 
Qeyd edək ki, martın 19-da 14 saylı cəzaçəkmə müəssisəsində (CÇM) keçirilən səyyar məhkəmə Araz Quliyevi 3 il müddətinə Qobustan qapalı həbsxanasına köçürmək haqqında qərar qəbul edib. Qərarda qeyd edilib ki, baş redaktor həbsxanada intizam qaydalarını pozur, müəssisənin təmir işlərinə köməklik etmir, dustaqlar arasında dini təbliğat aparır.
 
Xatırladaq ki, Araz Quliyev, Masallı rayonunda əsassız ittihamlarla şərlənərək 2013-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Həbsxanada olduğu zaman da ona qarşı qarayaxma kampaniyalarıı davam edib. Belə ki, 2014-cü il dekabr ayının 22 də məhkum Elşad Babayev karserdə öldürüldükdən sonra məhkumlar onuin ölümünə görə etiraz aksiyası keçiriblər. Aksiyada türmənin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin, müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alan, üsyanı sakitləşdirməyə çalışan hicab məhbusları - Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və digər dustaqlar 14 saylı həbsxananın rəisi tərəfindən işgəncələrə məruz qalıblar. Dekabrın 26-da həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilərək məhkumlar amansızcasına döydürülüb. Ardınca Araz Quliyev və Anar Qasımlı daxil olmaqla 11 məhkum işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“Tubzon”) aparılıblar.
 
Bir müddət orada döyülərək ağır vəziyyətdə saxlanılan məhkumlar yenidən 14 saylı CÇM-ə qaytarılıblar. Burada onlar yenidən karserə, Araz Quliyev və Miryusif Əsədov isə “bunker”ə (gözdən uzaq yerin altına) salınıblar. Martın 19-da isə səyyar məhkəmə üç dustağın Qobustan qapalı tipli həbsxanaya köçürülməsi barədə qərar çıxarıb.cenubnews 

Google+ WhatsApp ok.ru