Hicab məhbusu türmədən yazdı: “İctimai nəzarəti təmin edənlər şərlənirsə...”

Əsassız ittihamlarla 8 il azadlıqdan məhrum edilən və hazırda Qobustanda qapalı tipli həbsxanada cəza çəkən cenubnews.com internet qəzetinin təsisçi-baş redaktoru, hicab məhbusu Araz Quliyev məqalə-müraciət göndərib. Musavat.com onu təqdim edir: 
 
“Mən buradan aidiyyəti qurumlara və ictimaiyyət nümayəndələrinə səslənirəm. Mətbuat ölkəmizin inkişafı, xalqımızın tərəqqisi üçün bir vasitədir. Mətbuat nümayəndələri ölkədəki bütün nöqsanları sahəsindən asılı olmayaraq gördüklərini yazmalı, qələmə almalı və yazdıqlarını mətbuat səhifələrinə çıxarıb səlahiyyətli orqanları, bu nöqsanları aradan qaldırmağa çağırmalıdır. Onlar da mətbuatın tənqidlərini eşidib nöqsanı aradan qaldırmağa çalışmalı və bu sahəyə nəzarəti daha da gücləndirməlidir. Əgər belə olarsa, böyük mütəfəkkirlər demiş, mətbuat xalqın danlayan dili, görən gözü, eşidən qulağı olar.
 
Amma çox təəssüflər olsun ki, xalqın dilini lal, gözünü kor etmək istəyənlər hələ də öz əməllərindən əl çəkmək itəmirlər. Cənub bölgəsində fəaliyyət göstərən, baş redaktoru olduğum Cenubnews.com internet qəzeti ilə bağlı məsələni buna nümunə göstərmək olar. Bu yaxınlarda mənə bildirildi ki, Masallı rayonunun icra başçısı Rafil Hüseynov internet qəzetini məhkəməyə verərək 5 min manat təzminat tələb edib. Səbəb isə aydındır. Cenubnews.com dövlət büdcəsindən Masallı rayonuna ayrılan pulların xərcləməsində şəffaflığı araşdırıb və bu sahədəki nöqsanları mətbuat səhifələrinə çıxarıb. Araşdırma zamanı məlum olub ki, ayrılan vəsaitin xərclənməsində şəffaflıq yoxdur. Pullar lazımsız yerlərə xərclənir, kanalizasiya, su borusu çəkilişi adı ilə məhəllələrarası yollar, asfalt örtükləri dağıdılır, sonradan yollar bərpa olunmur. Mərkəzi küçələrdə keyfiyyətsiz işlər aparılır. Nəticədə Masallı şəhərinin Fizuli küçəsində Cümə məscidinin qarşısı, Masallı şəhəri ilə Ərkivan qəsəbəsi arasında yollar yağış yağan kimi su dəryaçasına dönür. Həmçinin, “Park bulvar” adı ilə “Viləş çayı” ətrafına yüz minlərlə manat pul xərclənir, ağac əkilir və bir azca çayın suyu artan kimi bu pullar göyə sovrulur və s. 
 
Bu siyahını uzatmaq da olar. İcra başçısı Rafil Hüseynov da bu tənqidi yazılardan qəzəblənərək bu addımı atıb və bununla da demək olar ki, ölkə başçısı İlham Əliyevin son göstərişlərini heçə sayıb. Yadınızdadırsa prezident İlham Əliyev son çıxışlarında xalqdan ictimai nəzarətin gücləndirilməsini istəmişdi. Bəs ictimai nəzarət necə olmalıdır? Əgər ictimai nəzarəti təmin edənlər təzyiqlərə məruz qalırsa, cərimələnirsə, şərlənib həbsə atılırsa, onlar baş verənlərə necə nəzarət etsinlər? Yoxsa icra başçıları, səlahiyyətli dairələr ictimai nəzarətin yalnız tərifdən ibarət olduğunu başa düşürlər? Onlar bilməlidir ki, belə təzyiqlərlə bizi bu yoldan döndərə bilməyəcəklər. Təzyiqlər artdıqca bizim mübarizəmiz daha da güclənəcək.
 
Yuxarıda yazılanları nəzərə alıb aidiyyəti qurumları, ictimaiyyət nümayəndələrini bu sahəyə diqqətini artırmağa, mətbuatı boğanlara qarşı lazımlı addımları atmağa çağırıram. Oxucularımıza isə təşəkkür edib onlardan dəstəklərini daha da artırmağı xahiş edirəm”. musavat /

Google+ WhatsApp ok.ru