Hicab, ya da iş – Azərbaycanda müsəlmanlar diskriminasiyadan şikayətlənir

Hicab, ya da iş – Azərbaycanda müsəlmanlar diskriminasiyadan şikayətlənir

Rəsmi məlumata əsasən, Azərbaycan əhalisinin 93-96 faizinin özünü müsəlman hesab etdiyi bir ölkədir. Bununla belə burada müsəlman qadınlar diskriminasiyadan şikayətlənirlər. Əsas problem onların iş təminatı ilə bağlıdır.
 
“9 ildi hicablıyam və 9 ildi iş tapa bilmirəm”, – Gülbəniz İmanova deyir.
 
İmanovanın həyat yoldaşı 9 il əvvəl vəfat edib. Elə o vaxtdan da namaz qılmağa başlayıb və qapanıb. Hazırda böyüyü 19, kiçiyi 8 yaşında olan dörd uşağını təkbaşına dolandırmağa çalışır.
 
“Mən bu yanaşmanı anlamıram, qapalı olmağın nəyi pisdi? Daha da abır-həyamızla işimizi görəsiyik, heç kimin diqqətini çəkmədən”.
 
Gülbəniz İmanova orta təhsillidir. Odur ki, əsasən təmizlik işləri axtarır:
 
“Ən son Torqovıda bir iş vardı, restorana xadimə axtarırdılar. Maaşı da yaxşı idi. Getdim danışmağa, dedilər ki, hicablı götürə bilmərik işə. Yenə kor-peşman qayıtdım. Axı mən ofisiant deyiləm, müştəri qarşısına çıxmıram, təmizlik işləri görəndə başımın bağlı, ya açıq olmasının işə nə maneçiliyi ola bilər?”
 
İmanova deyir ki, onun tələbə qızı da hicablıdır. Sözlərinə görə, universitetdə bu üzdən heç bir problem yaşamır, nə tələbə yoldaşları arasında, nə də tələbə-müəllim münasibətlərində.
 
Problemin kökü – qorxu və anlayış qıtlığı
 
Sosioloq Sənubər Heydərova ibadət edən müsəlmanların Azərbaycan cəmiyyətində niyə həssas qrupa çevrildiyini izah edir:
 
“Dindar adam gündəlik həyatında dini rituallara əməl edən, həyatını dini hökmlər üzrə quran şəxsdir. Azərbaycanlıların əksəriyyəti isə dindar olmayan, ənənəvi müsəlmanlardır. Onlar sadəcə bu ölkədə doğulduqları üçün özlərini müsəlman adlandırırlar. Onlar dinlərini seçməyiblər, ailədən alıblar.
 
Orta statistik azərbaycanlı üçün din pasportda yazılan digər göstəricilərdən fərqlənmir və o, dini seçməyin məsuliyyətindən xəbərsizdir. Hətta bir az da irəli gedib rahatlıqla demək olar ki, orta statistik azərbaycanlı “əsl din”dən qorxur. İnsanlar adətən onlara məlum olmayan nəsnələrdən qorxurlar.
 
Qorxu hissi bəzən “hörmət” kimi təcəssüm edir. O, başı sakit olsun deyə, “əlavə günah yığmasın” deyə məclisdə mollayla razılaşır, avtobusda hicablı xanıma daha tez yer verir, Məhərrəmlikdə toy etmir. Bunu adətən dindarlıqdan, yaxud dini hökmün buyruğundan yox, bilgisizlikdən və qorxudan edir.
 
Eyni münasibət “əsl dindar” şəxslərə qarşı da özünü göstərir. Əhalisinin əksər hissəsinin özünü müsəlman hesab etdiyi ölkədə hicablı qadın əlavə təşviş mənbəyidir. O, əksəriyyət kimi deyil, ona xüsusi yanaşma lazımdır, onunla hamı kimi davranmaq olmaz, bizim isə nə vaxtımız, nə də istəyimiz yoxdur ki, iş prosesində bu xüsusiliyin qeydinə qalaq.
 
Xüsusən ortaya şüuraltı qorxu hiss də əlavə olunduğunu nəzərə alsaq aqressiyanın səbəbi aydın olur. İşəgötürən şəxsə heç bir qorxusuz buyura biləcəyi, işi qane etməyəndə rahatlıqla narazılığını ifadə edəcəyi, onun işinə yeni qaydalar gətirməyən, problemsiz işçi lazımdır.
 
O, əmindir ki, hicablı qadın bu kriteriyalara uyğun gəlmir: onun üstünə qışqırsa, özünü sonra günahkar hiss edəcək, ona iş günü ərzində namaz qılmağı qadağan etsə, qorxu hiss edəcək və s. İşəgötürən əvvəlcədən özünü bu münasibətdən qorumaq üçün hicablı xanımı işə götürməməyi seçir.
 
Cəmiyyətdə dialoqun olmaması da problemi dəstəkləyən amillərdən biridir. Əgər həm dindarlar, həm də sekulyar kəsim öz inancları və gözləntiləri haqqında rahatlıqla danışmaq cəsarətində olsaydılar, birgə yaşayış şərtləri asanlaşardı”.
 
 
Ya dini əqidə, ya rifah
 
28 yaşlı Arzu (ad şərtidir) isə iş tapmaq üçün hicabdan imtina etməli olub. Dediyinə görə, məktəbi və universiteti fərqlənmə ilə bitirib, doğma dildən başqa rus və ingilis dillərini yüksək səviyyədə bilir, ixtisasına uyğun xeyli yerli və beynəlxalq təkmilləşdirmə kursları keçib. Amma bütün bu sadalananlar uyğun bir işə sahib olmasına kömək etməyib.
 
“Adicə mobil operatorun “callcenter”ində iş görüşməsinə getdim, hicablı olduğum üçün mümkünsüz olduğunu dedilər. Müştərilər məgər mənim hicablı olduğumu telefondan görəcəkdilər? İşədüzəltmə firmalarına gedəndə də təklif etdikləri iş ən yaxşı halda aptekdə satıcı olurdu”.
 
Dediyinə görə, hicabını açan kimi tam kvalifikasiyasına uyğun yüksək maaşlı işlə təmin olunub.
 
“Cəmiyyətimiz önyarğılıdır. Mən heç vaxt dini təbliğatla məşğul olmamışam, ümumiyyətlə inancımla bağlı danışmağı sevmirəm. Amma işlədiyim yerlərdə həmişə anormal suallarla, qəribə bir qərəzlə qarşılaşırdım. Məsələn, islamçı radikallarla bağlı xəbərlər ətrafında müzakirə düşəndə mən hər dəfə diqqət mərkəzinə gəlirdim. Çoxu inanclı hər kəsi radikal islamçılarla, terrorçularla assosiasiya edir. Bu ədalətsizlikdi”.
 
“Başörtüsü tənha qadınlar üçün mənfi münasibətdən sığortalayır”
 
Avropaya İnteqrasiya uğrunda Qadın Mərkəzinin sədri Nəzakət Zeynallı da hicablı qadınların işlə bağlı tez-tez problemlərlə üzləşdiyini təsdiqləyir. Onun bildirdiyinə görə, ən əsas da bu cür problemlərlə qarşılaşanlar aşağı kvalifikasiyalı işlərdə çalışan qapalı qadınlar olur:
 
“Dayə və təmizlik işlərində qapalı xanımlar mütəmadi olaraq ayrıseçkiliklə üzləşirlər. Bəzi ailələr dayənin dini baxışlarının uşağa təsir edəcəyini, digərləri başörtülü xanımların qapalı geyiminin ailə üzvlərində və ya iş ortamında narahatlıq doğuracağını əsas gətirib iş görüşünə dəvətdən belə imtina edirlər”.
 
Boşanmadan və ya dul qalandan sonra kənar qınaqlardan qorunmaq üçün başörtüyünə keçənlər də olur. Ünsiyyətdə olduğumuz bu cür qadınların bildirdiyinə görə, qapalı şəkildə işə gedib-gələndə harda işləyirsən, niyə gec gəlirsən və sairə kimi suallardan özlərini bir növ sığortalanmış hiss edirlər”.
 
Bir neçə il əvvəl hicab problemi cəmiyyətdə daha kəskin vəziyyətdə idi.
 
2011-ci ilin əvvəlində Azərbaycan məktəblərində vahid məktəbli forması tətbiq olunmağa başlayıb. Əslində bundan əvvəl də Azərbaycanda hicabla məktəbə gəlməyə icazə verilmirdi, dindarlığı ilə xüsusi seçilən Bakının Nardaran kəndindən başqa.
 
Azərbaycan dünyəvi ölkədir, amma qanunvericilikdə hicabla və ya digər dini baş örtüsü ilə bağlı heç bir qadağa yoxdur. 
 
Təhsil Nazirliyi üçün vahid məkətbli formasının tətbiqi məktəblərdə hicabı qəti qadağan etmək bəhanəsi oldu. İslam Pariyası isə bu səbəblə minlərlə insanı küçəyə çıxardı. Onlar qızların orta və ali məktəblərə hicabla gedə bilməsi uğrunda mübarizəyə başladılar.
 
Ümumilikdə mübarizə uğurla başa çatıb – hicaba icazə verilib. Eriraz hərəkatı isə amansızca yatırılıb, Azərbaycan İslam Partiyasının 31 üzvü müxtəlif ittihamlarla müxtəlif müddətlərə məhkum edilib.
 
Onlardan 5,6 il müddətinə azadlıqdan məhrum edilən ən sonuncu üç nəfər 2018-ci ilin aprelində cəzasını başa vurandan sonra azadlığa çıxıb.
 
“Mən də ancaq müsəlman bacı-qardaşlarımı işlə təmin etməyə çalışıram”
 
23 yaşlı Zəminə çadra geyinir. Amma digər qəhrəmanlardan fərqli olaraq bəxti daha çox gətirib. O, Bakının mərkəzi hissəsində bir mağazada satıcı işləyir. Dediyinə görə, maaşı da normaldır. Nə iş yoldaşları, nə də rəhbərlik tərəfindən ayrıseçkiliyə məruz qalmır. İş orasındadır ki, o, ölkədə gündən-günə artmaqda olan “Muslim Shop”lardan birində çalışır.
 
“Burda işləmək mənə çox rahatdı. Amma heç də müsəlman bacıların mənim kimi rahat iş tapmaq imkanı yoxdur. Axı bu cür müsəlman mağazaları o qədər deyil ki, bütün bacılar orada işləsin. Elə məndən böyük iki ali təhsilli bacım illərdi ki, özlərinə iş tapmır”.
 
Zəminənin işlədiyi mağazanın sahibi isə bildirir ki, dinini azad şəkildə yaşamaq istəyən hər kəs, xüsusən də qadınlar cəmiyyətdə çox vaxt ayrıseçkiliklə üzləşirlər:
 
“Birinin qonşusu, arxasınca “bunlar vəhabidi, terrorçudu” deyir. Birinin öz doğma ailəsi qəbul eləmir. Birini məktəbdə, universitetdə sıxışdırırlar. Biri illərlə iş tapa bilmir. Buna görə mən də bir iş adamı kimi çalışıram ancaq müsəlman bacı və qardaşlarımı işlə təmin edim”. /meydan.tv/
 
 

Google+ WhatsApp ok.ru