Hökumətin manat qorxusu: İkinci devalvasiya təhlükəsi var

Ekspertlərə görə, ilin sonuna kimi manat ən azı 10 faiz ucuzlaşa bilər; Əsas ümidlər isə neftin bahalaşmasınadır

Manatın qəfil və kəskin ucuzlaşmasından keçən bir aya yaxın müddətdə təkrar ucuzlaşma ehtimalı dəfələrlə müzakirə mövzusu olub. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə uzun susqunluqdan sonra bununla bağlı açıqlama verərək, ilin sonuna qədər təkrar ucuzlaşmanın olmayacağını bildirib. 
 
Baş bankir Milli Məclisdə, Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı qeyd edib ki, köhnə məzənnə siyasəti davam etdirilsəydi, həm rəhbərlik etdiyi qurumun, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatları qurtarardı. 
 
Onun sözlərinə görə, ötən ilin ortalarından başlayaraq, dünya bazarında neft 2 dəfədən çox ucuzlaşıb. Verilmiş proqnozlar isə qiymətin uzun müddət artmayacağı barədədir: “Neftin qiymətinin 50 dollar olacağı təqdirdə, ölkənin xarici balansının profisiti 5 dəfə azalacaq, 40 dollar olacağı təqdirdə, mənfi zonaya keçəcək. Köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də Neft Fondunun ehtiyatları sıfırlaşardı. Buna görə də, bu proseslərə reaksiya verməliydik”. 
 
Elman Rüstəmov onu da vurğulayıb ki, ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir.
 
Ekspertlər isə təkrar devalvasiyanın olacağını proqnozlaşdırırlar. İqtisadçı Samir Əliyev "Yeni MÜsavat"a bildirib ki, manatla bağlı vəziyyət ciddidir və bunu baş bankir də təsdiqləyib: “Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuata açıqlamasında qeyd edib ki, bu ilin sonuna kimi manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq. Baş bankir onu da əlavə edib ki, bu, daha çox neftin qiymətlərinə bağlı olan məsələdir. Onun sözlərinə görə, neftin qiyməti 40 dollar olacağı təqdirdə, ticarət balansı mənfi zonaya keçəcək. Dəfələrlə AzTV ekranından əhalini manatın sabit qalacağına əmin edən dövlət rəsmisinin dünənki açıqlaması əhali tərəfindən birmənalı qarşılana bilməzdi. Bu da təbiidir. Çünki illərlə qazanılan etimadı bir andaca itirmək olar. Sözün məsuliyyəti bizə olan inamın qarantıdır. Hər hansı dövlət rəsmisinə inamsızlıq ümumilikdə hökumətə olan inamsızlığa rəvac verir. Nəticədə zərbə əhaliyə dəydi. Manat və bank sistemi isə illərlə yığdığı etimadı itirdi”.
 
Ekspert qeyd edib ki, Elman Rüstəmovun açıqlamasından əhalinin yenidən sakitləşdirilməsi və hətta manatın məzənnəsinin ilin sonuna kimi dəyişməyəcəyi mesajını verməsi təəssüratı yaranırdı: “Bu, ilk baxışdan belədir. Mərkəzi Bank rəhbəri əvvəlki açıqlamalarından fərqli olaraq, bu dəfə xeyli açıq danışdı. Və bu açıqlamada 2 əsas məqamı diqqətinizə çatdırmaq istəyirəm. 
 
Birinci məqam ondan ibarətdir ki, Elman Rüstəmov manatın taleyinin daha çox neftin qiymətlərinə bağlı olan məsələ olduğunu etiraf edib. Hətta qeyd edib ki, neftin qiyməti 40 dollar olacağı təqdirdə, ölkənin xarici balansı mənfi zonaya keçəcək. Bununla demək istəyib ki, artıq heç bir siyasi iradə manatın sabitliyi üçün qarant deyil və neft 40 dollara qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. 
 
İkinci məqam isə manatın məzənnəsində ciddi dəyişikliyin olmaması fikridir. Elman Rüstəmov cəmiyyətə çatdırmaq istəyir ki, söhbət ciddi dəyişikliyin olmamasından gedir, sabit qalmasından yox... Yəni mesaj ondan ibarətdir ki, manatın yumşaq ucuzlaşması prosesi baş verə bilər və bu, ciddi dəyişiklik kimi qiymətləndirilməməlidir”.
 
Ekspertin sözlərinə görə, ikinci devalvasiya da qaçılmazdır: “Devalvasiyadan sonra fevralın 24-dəki açıqlamamızda manatın gələcəyi ilə bağlı fikrimizi bildirmişdik və bir daha xatırlatmaq istərdik: Bundan sonra manatın taleyi necə olacaq? Son sözü neftin qiyməti deyəcək. Neft bahalaşsa, yəni 70 dollardan yuxarı çıxsa, sabitlik yaranacaq. Hətta müəyyən qədər möhkəmlənmə də mümkündür. Ancaq indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcək. İlin sonuna kimi manat ən azı 10 faiz ucuzlaşacaq. Böyük ehtimalla, dollar 1,2 manata qədər bahalaşacaq. Neft 40 dollar həddinə yaxınlaşsa, manatı ikinci devalvasiya təhlükəsi gözləyir”.

Google+ WhatsApp ok.ru