Hökumət kənd təsərrüfatını dirçəltmək istəyir, lakin...

Natiq Cəfərli: “Mütləq məhsulun həcminə və keyfiyyətinə görə subsidiyaların verilməsi variantına keçmək lazımdır”

Murtuzəli Hacıyev: “Son qərar torpaqdan səmərəli istifadəni stimullaşdıracaq və məhsul istehsalını artıracaq”
 
Bir tərəfdən Azərbaycanın neft hasilatının ildən-ilə azalması, digər tərəfdən dünya bazarında neftin dəyərdən düşməsi hökuməti məcbur edir ki, qeyri-neft sektoruna, xüsusilə də kənd təsərrüfatı sahəsinə, aqrar sənayenin güclənməsinə diqqəti artırsın. 
 
Ölkə başçısının bir-birinin ardınca verdiyi sərəncamlar, hər dəfə çıxışlarında kənd təsərrüfatına ayrılan subsidiyaların paylanılması zamanı yeyinti faktlarının olmasına toxunması, 2015-ci ili “Kənd Təsərrüfatı ili” elan etməsi də sübut edir ki, hökumət qeyri-neft sektorunun inkişafında maraqlıdır. 2013-cü ildə məhz bu sahədə inkişafın artırılması məqsədilə kənd təsərrüfatı nazirinin dəyişdirilməsi, ildən-ilə subsidiyaların həcminin artırılması da istənilən nəticəni vermir. Məhz bu səbəbdəndir ki, ölkə başçısı Nazirlər Kabinetinin son iclasında da eyni məsələyə təkrar toxundu. 
 
Aprelin 15-də Prezident İlham Əliyev bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkinçilikdə istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcmi 25 faiz artırılacaq. 
 
Sərəncamda o da qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardım, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilsin. Maliyyə Nazirliyinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
Ölkə başçısının sərəncamından sonra subsidiyaların verilməsi ilə bağlı hansı dəyişikliklərin olacağından danışan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, əvvəllər hər hektara görə 40 manat subsidiya alan fermerlər artıq 50 manat alacaqlar: “Ölkə başçısının  23 yanvar 2007-ci il tarixli, 1907 saylı “Kənd Təsərrüfatı Məhsullarının  İstehsalçılığına Dövlət Dəstəyi” haqqında sərəncamına uyğun olaraq, kənd təsərrüfatı istehsalçılarına yanacaq və mator yağları ilə bağlı hər hektara görə 40 manat subsdiya verilirdi. Artıq ötən gün verilən sərəncama görə, bu 40 manat 25 faiz artaraq, 50 manat təşkil etdi. 
 
Digər tərəfdən, kənd təsərrüfatı istehsalçılarının əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və mator yağlarına görə verilən yardım, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar əkin aparan fiziki və hüquqi şəxslərə də ödəniləcək. Yəni bu sərəncam ümumilikdə 3800-4000 istehsalçıya şamil olunacaq. Azərbaycanın iqlim və torpaq ehtiyatları imkan verir ki, biz hər il torpaqdan iki dəfə məhsul götürək. 
 
Məsələn, Azərbaycanın bəzi bölgələrində ildə iki dəfə, bəzən hətta üç dəfə kartof məhsulu əldə edə bilərik. Təkrar və aralıq əkinlər o deməkdir ki, arpa, buğda, qarğıdalı kimi dənli bitkilər yığıldıqdan sonra həmin ərazidə yenidən əkin apara bilərik. Bu əkini aparan fiziki və hüquqi şəxslərə də o mineral gübrələrin güzəştli satılması üçün subsidiya şamil olunacaq. Təbii ki, bu torpaqdan səmərəli istifadəni stimullaşdıracaq və məhsul istehsalını artıracaq. 
 
Məsələn, dənli bitkilərin səpini sentyabr ayının 15-dən başlayır. Bu müddət ərzində torpaq boş qalır. Fermerlər bundan daha səmərəli istifadə edə bilərlər.  Həm heyvandarlığın inkişafı üçün yem bazası yarana bilər, həm də fermerlər təkrar əkinlərdə də tətbiq olunan güzəştlərdən bəhrələnə bilərlər. Qeyd etdiyim kimi, bu sərəncam kənd təsərrüfatı məhsulalrının istehsalçılarında böyük ruh yüksəkliyi yaradacaq, onların torpağa bağlılığını daha da artıracaq”.
 
Subsidiyaların verilməsində şəffaflığın artırılmasına gəlincə, nazirlik sözçüsü bildirdi ki, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib: “Bir ildən artıqdır ki, biz Kənd Təsərrüfatı Nazirliyi olaraq, cənab nazirlə birgə mütəmadi bölgələrdə fermerlərlə görüşlər keçiririk, onlarla bu məsələləri, xüsusilə də subsidiyaların verilməsində şəffaflığa nail olunmasını müzakirə edirik. Bununla bağlı nazirlik tərəfindən müvafiq addımlar da atılıb. Ötən il bir neçə rayonda yoxlamalar aparıldı, nöqsanlar hüquq-mühafizə orqanlarına təqdim olundu. 
 
Bizim saytın subsidiyalar bölməsində hər bir məhsul istehsalçısının adı, yaşadığı rayonun, kəndin adı, əkin sahəsinin hektarı, ayrılan subsidiyanın məbləği də daxil olmaqla, hər bir məlumat qeyd edilib. Bu addımlar atıldıqdan sonra daxil olan şikayətlər də azalıb, şəffaflıq təmin olunub, neqativ hallar aradan qaldırılıb. Biz həmçinin ictimai nəzarəti gücləndirmək məqsədilə nazirliyin saytında bütün məlumatları qeyd etmişik. İstehsalçılar həm öz məlumatlarına, həm də qonşusunun, digər fermerlərin məlumatlarına sayta daxil olmaqla, baxa biləcəklər”. 
 
Subsidiyaların verilməsi qaydalarında dəyişikliklər edilməsinin və bu sahədə dünya təcrübəsindən istifadənin vacibliyini vurğulayan iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın arqar sənaye sahəsində çox ciddi potensialının olduğunu bildirdi: “Bu, Azərbaycanın tarixi aqrar ölkə olması və insanların bu sahədə bilik və bacarıqlarının çox olması ilə də izah edilə bilər. Sadəcə, Azərbaycan hökuməti kənd təsərrüfatı istehsalını stimullaşdırma və subsidiyaların ayrılması məsələsində siyasəti səhv yöndə aparır. Dünyanın inkişaf etmiş ölkələrində stimullaşdırıcı subsidiyalar son məhsulun həcminə və keyfiyyətinə görə verilir. Bu səbəbdən də fermerlər çalışırlar ki, daha çox və daha keyfiyyətli məhsul istehsal etsinlər. Qonşu Türkiyədə də bu sistemdən istifadə olunur. 
 
Azərbaycanda isə çox təəssüf ki, 2000-ci illərin ortalarından etibarən subsidiyaların əkin sahələrinin həcminə görə hesablanması praktikası var. Bu da qeyri-qanuni yeyintilərə yol açdı, yəni icra nümayəndələri ilə fermerlərin arasında müəyyən danışıqlar aparılmaqla, əkin sahələrinin həcmi daha çox göstərildi və subsidiyalar süni şəkildə artırılaraq, mənimsənildi. Bu da məhsulun həcminin və keyfiyyətinin getdikcə aşağı düşməsinə və nəticədə məhsul istehsalına heç bir stimullaşdırıcı təsirin olmamasına gətirib, çıxartdı. Ən çox subsidiya alan sahə taxılçılıq və dənli bitkilər sahəsidir ki, digərlərinə nisbətən hər hektara görə 2 qat artıq - 80 manat vəsait alırlar. Ancaq statistik məlumatlar göstərir ki, hər il xaricdən buğda məhsullarının alınması daha da artır. Yerli istehsal ölkənin una olan tələbatını ödəyə bilmir. 
 
Bu da onu göstərir ki, hökumət səhv yoldadır və bu yoldan əl çəkmək istəmir. Subsidiyaların verilməsi qaydalarının və stimullaşdırıcı proqramların kökündən dəyişdirilməsinə ehtiyac var ki, Azərbaycanda aqrar sənaye və kənd təsərrüfatı sahəsi inkişaf etsin. Mütləq məhsulun həcminə və keyfiyyətinə görə subsidiyaların verilməsi variantına keçmək lazımdır. Bu, baş verməsə, dövlət büdcəsindən ayrılan vəsaitlərin qeyri-rasional xərclənməsi davam edəcək və bu da kənd təsərrüfatına heç bir xeyir verməyəcək”. 

Google+ WhatsApp ok.ru