Hökumət büdcəni niyə gizli saxladı?

Sentyabrın 1-də Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri müzakirə edilib.
 
Maide.az xəbər verir ki, "Azadlıq" qəzeti büdcənin nəzərdə tutulan gəlirləri, xərcləri və kəsiri barədə heç bir məlumat verilməməsinə diqqət çəkir. 
 
«Büdcə zərfinin məxfi saxlanılması bəzi mülahizələrə yol açıb. İlkin ehtimal odur ki, ümumiyyətlə, maliyyə böhranına görə hələ büdcə zərfi tərtib olunmayıb. Artur Rəsizadənin sədrliyi ilə keçirilən müzakirə də formal xarakter daşıyır. Digər ehtimal isə odur ki, büdcədə böyük kəsirlər var. Seçki ərəfəsi olduğu üçün hakimiyyət bunu açıqlamaq istəmir. Maliyyə böhranının hökm sürdüyü, sosial durumun acınacaqlı olduğu bir vaxtda bunu açıqlamaq əlbəttə ki, hakimiyyətin əleyhinə işləyə bilər. Başqa bir ehtimal isə hansısa qurumların ləğvi ola bilər», - qəzet yazır.
 
İqtisadçı Məhəmməd Talıblı baş verənləri gəlirlərin azalması ilə izah edib. Eyni zamanda, büdcə xərclərinə qənaət məqsədilə dövlət strukturlarında ixtisarlar aparıla və bəzi dövlət qurumları birləşdirilə biləcəyini də söyləyib.
 
İqtisadçı Qubad İbadoğlu da Nazirlər Kabinetində keçirilən iclasla bağlı mətbuata informasiya verilməməsini qınayıb: «Burda maraqlı olan iclasın özü deyil, onun nəticələri barədə məlumatın gizli saxlanılmasıdır. Çox maraqlı və təəssüfedicidir ki, Nazirlər Kabineti iclas keçirir, gələn il üçün büdcə layihəsini müzakirə edir, amma onun hətta konturları ilə bağlı mətbuata heç bir açıqlama verilmir. Elə bil ki, onların müzakirə etdiyi büdcə xalqın, dövlətin deyil, hakimiyyətin, hökumətin büdcəsidir, onun bizə heç bir dəxili yoxdur».

Google+ WhatsApp ok.ru