Hökumət növbəti bahalaşmaya gedir

Dövlət qurumları ilə idxalçılar arasında gedən qiymət savaşının zərbəsi vətəndaşlara dəyir
 
Ötən saylarımızda məlumat vermişdik ki, idxal mafiyası qiymətlərə inzibati nəzarəti, həmçinin gömrük rüsumlarının artırılması barədə təklifləri qəbul etmir və hər vəchlə buna son qoyulmasına çalışırlar. Hətta məqsədlərinə çatmaq üçün hökuməti sabotaj etməkdən də çəkinmirlər. Təsadüfi deyil ki, dövlət qurumları ilə idxalçılar arasında qiymət uğrunda savaş başlayandan sonra idxal azalıb. Təkcə yanvar ayında idxalın 70 faiz azaldığı bəlli olub. Ekspertlər hesab edir ki, bu tendensiya davam edəcəyi təqdirdə ölkədə qıtlıq yarana bilər.
 
 
Bu arada bəlli olub ki, Milli Məclisin iqtisadi siyasət komitəsi “Antidempinq, kompenasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi hazırlayıb. Layihə Milli Məclisin fevral ayının 12-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.
 
O, yerli istehsalçıları idxal mallarının dempinq (ifrat ucuzlaşdırılmış qiymət) qiymətindən qoruyacaq.
 
Yeni qanuna əsasən, ixracatçı ölkənin daxili əmtəə dövriyyəsində analoci məhsul olmayanda və ya bu məhsulun satış həcmi ixrac həcminin 5 faizdən az olanda dempinq marjası məhsulun ixrac qiymətinin bu məhsulun üçüncü ölkəyə ixrac qiyməti ilə müqayisəsi yolu ilə müəyyən ediləcək.
 
Dempinq qiymətlərinə qarşı tədbirlər yalnız yoxlama başlanandan 2 ay sonra əsaslı araşdırmadan sonra tətbiq edilə bilər. Onlar müvəqqəti antidempinq yaxud kompensasiya rüsumu, həmçinin qeyd edilən rüsumlara uyğun pul depoziti şəklində ola bilər.
 
Bu tədbirlərin tətbiqi müddəti – 5 ildən çox olmadan 4 aydan 9 aya qədərdir.
 
Ekspertlərin fikrincə, bu qanunun qəbulunda məqsəd heç də yerli istehsalçılara dəstək vermək deyil. Birincisi ona görə ki, Azərbaycanda daxili istehsal tələbatı ödəyəcək səviyyədə deyil. Bunun da səbəbi əlbəttə ki, həm idxal mafiyasının mövcudluğu, həm də ölkədə korrupsiya və rüşvətin hökm sürməsidir. Hökumət korrupsiya və rüşvətin qarşısına almayacağı təqdirdə yerli istehsalın əhəmiyyətli dərəcə artacağı inandırıcı görünmür. Digər tərəfdən burada keyfiyyət məsələsinə də diqqət yetirilməlidir. Yerli məhsulların keyfiyyətdə xaricdən gətirilən məhsullara uduzduğu sirr deyil. Bu qanunun qəbulu əslində idxal məhsullarının məhdudlaşmasına, bununla da bahalaşmaya səbəb olacaq. Həmçinin vətəndaşlar keyfiyyətsiz məhsulların ümidinə qalacaq. Bəs bu qanunun qəbulunda əsl məqsəd nədir? Ekspertlər hesab edir ki, hökumət bununla büdcəni doldurmaq niyyəti güdür. Güman ki, qanunun qəbulundan sonra gömrük rusumları artırılacaq. Idxal malları məhdudlaşsa da belə yeni rüsumlarla büdcəyə əlavə vəsait cəlb etmək olacaq. Digər tərəfdən hökumət indiki halda idxalçıları ölkəyə mal gətirməyə həvəsləndirir. “Nə qədər ki, qanun qəbul edilməyib idxalçılar indiki rüsumlarla mal gətirməyə həvəslənə bilərlər. Bununla da qıtlıq aradan qalxar”, – deyə ekspertlər bildirir.azadliq.info/
 

Google+ WhatsApp ok.ru