Hökumətin atmadığı addım

Hökumətin atmadığı addım

-- `Dollar kreditləri vətəndaşları da bezdirib, bankları da...`

"Yeni Müsavat" qəzetində "Dollar kreditləri vətəndaşları da bezdirib, bankları da..." sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif 2015-ci ilin fevral və dekabr aylarında manatın iki devalvasiyası ilə dollarla götürülmüş kreditlərin ödənilməsində yaranan və hələ də davam etməkdə olan problemi iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edir.
 
Müəllif deyir ki, problemli kreditlər məsələsi son günlər yenidən gündəmə gəlib və buna səbəb hüquqşünas Əkrəm Həsənovun Konstitusiya Məhkəməsinin bu məsələyə yenidən baxmasıdır.
 
Məqalə müəllifi bildirir ki, Ə.Həsənov şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsinə dair Mülki Məcəllənin 422-ci bəndinin tələblərinə baxışdan gedir.
 
Yazı müəllifi yada salır ki, Konstitusiya Məhkəməsi daha öncə də problemli kreditlər məsələsinə baxmış və banklara tövsiyə xarakterli qərar çıxarmışdı, amma 3 ildən çoxdur ki, problem müzakirə olunsa da, hələ ki, optimal çıxış yolu görümür.
 
İqtisadçı-ekspert Rəşad Həsənov da "Yeni Müsavat"a bildirib ki, Konstitusiya Məhkəməsi bu məsələdə konkret qərarlar qəbul edə bilmir, çünki tərəflərdən biri özəl mülkiyyətdir və toxunulmazlığı var: "Banklar hər hansı formada Konstitusiya Məhkəməsinin qərarı ilə borcların silinməsinə sövq edilə bilməz. Bu mülkiyyət hüququnun pozulması anlamı daşıyar. O səbəbdən bu kimi hallarda Konstitusiya Məhkəməsi daha çox tövsiyə xarakterli qərarlar verir. 2015-ci ildə də bununla bağlı məhkəməyə müraciət olundu, o zaman da Konstitusiya Məhkəməsi konkret öhdəlik və ya çərçivə müəyyənləşdirə bilmədi".
 
Müəllifə görə, bu məsələdə əlində kifayət qədər səlahiyyətləri və imkanları olan hökumət əsas tərəflərdən biridir, odur ki, ortaya mövqe qoyaraq problemi tənzimləməlidir, amma ötən dövr ərzində hər hansı addım atmayıb.
 
Ekspert deyir ki, 2014-cü ildən sonrakı dövrdə formalaşmış konyuktura fonunda bankların vəziyyəti heç də yaxşı deyil: "Banklar həm kreditlərlə bağlı problemlər yaşayırlar, həm də portfelləri əhəmiyyətli dərəcədə kiçilib. 2016-cı il və 2017-ci ilin əvvəllərində banklar faiz gəlirlərinin bir hissəsini konvertasiya gəlirləri ilə kompensasiya edirdilər, valyutadəyişmədə iri marja tətbiq edərək gəlir qazanırdılar. 2017-ci ilin yarısından sonra bu imkanlar da aradan çıxdı və 2018-ci ildə də vəziyyət dəyişmədi. Banklar hazırda ən ağır resessiya yaşayan sektorlardan birinin təmsilçiləridirlər".
 
Bu səbəbə görə də R.Həsənov deyir ki, yükün birmənalı olaraq bankların üzərinə qoyulması doğru deyil və bu, ölkə qanunvericiliyinə də uyğun deyil".
 
Ekspert hesab edir ki, bu məsələdə problemi yaradan hökumətin verdiyi qərardır və bu mənada hökumət də yükün bir hissəsini çiyninə götürməlidir: "Hökumətin qəbul etdiyi qərarlar, xüsusilə də manatın devalvasiyası bu problemin kökündə dayanır. Ona görə də, idarəetmə orqanlarının qəbul etdiyi qərarlardan vətəndaşa və ya biznesə dəyən zərər hansısa formada hökumət tərəfindən kompensasiya olunmalıdır. Bu da öhdəliklərdən biridir".
 
R.Həsənov vurğulayır ki, hazırda bankların kredit portfelinin hər 100 manatının 14 manatı problemli kreditlərə aiddir və bu, kifayət qədər ağır yükdür.
 
Ekspertə görə, banklar son dövrlər müəyyən güzəştlərə gedirlər, amma vətəndaş krediti yenə də ödəyə bilmir, beləliklə problem qalmaqda davam
 
edir: "Demək olar ki, həm borclular, həm də banklar taleyin ümidinə
 
buraxılıb. Hökumət hər hansı mövqe ortaya qoymadı. Hesab edirəm ki, bu problem dərinləşməkdə davam edəcək. Bu günə qədər hökumətin səgilədiyi mövqedən onu başa düşürük ki, o, birmənalı olaraq bu öhdəlikləri üzərinə götürmək fikrində deyil".(contact.az)
 

Google+ WhatsApp ok.ru