Hüquq müdafiəçisi Azərbaycana təslim olmuş erməni hərbçisi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov könüllü olaraq Azərbaycana təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla bağlı beynəlxalq təşkilatlara müraciət edib.
 
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, ötən gün görüş zamanı  A. Qriqoryan xidmət etdiyi  hərbi hissənin bölük komandiri, kapitan Suren Balayan və bölüyün baş giziri Artur Salmanyan tərəfindən özünün və digər əsgərlərin mütəmadi olaraq döyüldüyünü deyib: “Biz də bununla bağlı Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinə və Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinə müraciət etdik”.
 
Qeyd edək ki, ötən gün E. Behbudov və müavini E. Şirinov A. Qriqoryanla görüşüblər. A. Qriqoryan  könüllü olaraq Azərbaycan tərəfinə keçdiyini deyib. Bildirib ki, Azərbaycanda ona münasibət çox yaxşıdır.
 
Xatırladaq ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

Google+ WhatsApp ok.ru