Hüquq müdafiəçilərindən sərt bəyanatlar

“Qandallanan general və polkovniklərin siyasi məhbus elan olunmasından söhbət gedə bilməz”
Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılmasından sonra sözügedən qurumun general və polkovnikləri həbs edildi. Eyni zamanda həbslər dalğası Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də həyata keçirildi. 
 
Cahangir Hacıyevin timsalında bank sistemində qandallama prosesi getdi. Prosesin bitmədiyi və davam edəcəyi haqda məlumatlar gəlməkdədir. 
 
Xatırladaq ki, 10 il öncə də ölkədə yüksək vəzifəli məmurların həbsi ilə müşayiət olunan hadisələr baş vermişdi. Əli İnsanov, Fərhad Əliyev nazir vəzifələrinin başında ola-ola həbs edilmişdilər. Onların ardınca çoxlu sayda məmur vəzifəsini və azadlığını itirməli olmuşdu. Zamanın gedişi ilə həmin adamlar hüquq müdafiəçiləri tərəfindən müdafiə olundu və adları siyasi məhbus siyahısına belə daxil edildi. Bəs son iki ayda qandallanan general və polkovniklərin, digər yüksək çinlilərin hüquq müdafiəçiləri tərəfindən müdafiəsi gözləniləndirmi? 
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, MTN işi ilə bağlı həbs edilmiş general və polkovniklərin, yüksək vəzifəli şəxslərin müdafiə olunmasından söhbət gedə bilməz: “Bunlar Azərbaycanın sahibkarlarını soyublar, Azərbaycanın milyardlarla manat pulunu mənimsəyiblər, nəticədə banklarımız ağır duruma düşüb. Ölkədə manatın devalvasiyası və millətin bu günə düşməsi elə onların ölkənin pulunu talan etməsindən qaynaqlanıb. Biz belə adamları siyasi məhbus adlandıra bilmərik, onlar siyasi məhbus kriteriyasına qətiyyət uyğun deyillər. Biz qanun çərçivəsində hərəkət edirik. Əgər məhkəmə istintaqının gedişində onların hüquqları pozulsa onların pozulan hüquqlarının bərpa olunmasına nail olmaq istiqamətində addımlar atacağıq. Amma onları siyasi məhbus kimi heç vaxt qəbul etməyəcəyik və müdafiə eləməyəcəyik”.   
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirdi ki, hələ həmin şəxslərin ilkin istintaqı gedir: “Hüquq müdafiəçiləri nə zaman, hansı hüququnu müdafiə edə bilər? Onların saxlanma hüququnda, ailəsindən sovqat alma hüququnda hansısa problemlər olarsa və bu barədə bizə müraciət edilsə, o zaman biz müdaxilə edə bilərik. Yalnız saxlanma şəraiti ilə bağlı hüquqları pozularsa. Ancaq o adamların siyasi məhbus siyahısına daxil edilməsi birmənalı olaraq mümkün deyil. Qətiyyən ola bilməz. Hətta kimlərsə onları siyasi məhbus kimi sırımağa cəhd etsə, biz buna qarşı çıxacağıq. Azərbaycanda qəribə və heç də yaxşı olmayan bir tendensiya müşahidə olunur. Kim tutulursa biriləri çalışır ki, onun adını siyasi məhbus siyahısına sırısın və bununla da Azərbaycana qarşı hücumlar üçün əsas yaratsınlar. Siyasi məhbus kriteriyasına zərrə qədər uyğun gəlməyən adamları siyasi məhbus adlandırmaq, yumşaq desək, yanlışdır”.
 
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı bildirdi ki, son vaxtlar həbs edilən general və polkovniklərin, eyni zamanda yüksək vəzifəli şəxslərin həbsi siyasi motivlərlə deyil, həmçinin həmin şəxslərin hüquqlarının pozulması baş verməyib. Ona görə bu gün üçün həmin adamların hüquqlarının müdafiə edilməsindən söhbət gedə bilməz: “Məhkəmə istintaqının gedişində o adamların hüquqlarının pozulduğu barədə vəkillərindən və ya özlərindən hansısa açıqlamalar olsa, biz araşdırma apara bilərik. Əgər onların hüquqlarının pozulduğu təsdiqini tapsa, hüquq müdafiəçisi olaraq onları müdafiə etməyimiz mümkündür. İndiki halda isə mümkün deyil. Həbs edilən general və digər yüksək rütbəlilərin bugünkü vəziyyətdə siyasi məhbus adlandırılması da qeyri-mümkündür. Onlar siyasi məhbus deyillər. O adamlar vəzifələrindən sui-istifadə edərək vətəndaşlara, sahibkarlara qarşı cinayət hərəkətlərinə yol veriblər. Belə olduğu halda onları siyasi məhbus hesab etmək olmaz. Bizə onlardan şikayət daxil olarsa, məhkəmənin gedişini izləyə bilərik”.  /

Google+ WhatsApp ok.ru