Hüquq müdafiə təşkilatı siyasi məhbusların hüquqlarının pozulduğunu bildirir

Siyasi Məhbusların Monitorinqi Mərkəzi siyasi məhbusların hüquqlarının pozulması ilə bağlı narahatlığını bildirib. Mərkəzin rəhbəri Elşən Həsənovun Turan-a verdiyi məlumata görə, jurnalist Xədicə İsmayılovaya vəkillə görüş verilmir, yalnız anası yanına buraxılır.
 
ReAl lideri İlqar Məmmədovun və hüquq müdafiəçisi İntiqam Əliyevin görüş hüquqları da məhdudlaşdırılıb. Bu, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 15.1.1-ci maddəsinin pozulmasıdır.
 
Jurnalist Seymur Həzi və İntiqam Əliyev uzun müddət "karantində" saxlanılıb və bu əsasla onlara bağlama və doğmaları ilə görüş verilməyib.
 
Bundan başqa, bütün siyasi məhbusların mətbuat almaqla bağlı problemləri var.
 
"Eyni zamanda, bizim müşahidələrimizə görə, cinayət maddələri ilə həbs olunmuş məhbuslara görüşlər və bağlama verilməsi məhdudiyyətsiz həyata keçirilir", deyə Həsənov bildirib.
 
 Ölkəyə giriş-çıxış qadağasının ləğv olunmasına baxmayaraq, bəzi QHT rəhbərləri və fəalları üçün bu məhdudiyyət hələ də qüvvədədir. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (Hərəkət azadlığı) maddəsinin kobud şəkildə pozulması deməkdir.
 
Nardaran hadisələri ilə bağlı həbs olunanların əksəriyyəti işgəncələrə məruz qalıb və onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) maddəsi pozulub.
 
"Biz Penitensiar Xidmətin rəhbərliyinə siyasi məhbusların hüquqlarını bərpa etmək və qanunvericiliyin pozulmasında təqsirli olanları cəzalandırmaq xahişi ilə müraciət edirik", deyə Həsənov qeyd edib.
 
Qeyd edək ki, hüquq müdafiə təşkilatlarının fikrincə, Azərbaycanda 90-a yaxın siyasi məhbus var.

Google+ WhatsApp ok.ru