Hüquqşünasdan evakuasiya ilə bağlı təklif: ləğv edilsin

Hüquqşünasdan evakuasiya ilə bağlı təklif: ləğv edilsin

-- Yalnız dayanma və durma qaydasını pozmaya görə...

Evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək lazımdır. Yalnız dayanma və durma qaydasını pozmaya görə cərimə tətbiq edilməlidir.
 
Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib. Hüquqşünasın fikrincə, evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilməlidir.
 
Ə.Hüseynov bildirib ki, bunun edilməsi ən azı 2 mühüm problemi həll edəcək:
 
“Birinci növbədə, bu, parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədaləti təmin edəcək. Təsəvvür edin, 2 maşın eyni yerdə eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 40 manat pul (20 manat cərimə, 20 manat evakuasiya haqqı), həm də xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu, ədalətsizlikdir.
 
İkinci mühüm məsələ isə budur: evakuasiya üçün alınan pulun harada, kimə, hansı üsulla ödənilməsi söhbəti birdəfəlik ləğv olunar, sürücü bilər ki, evakusiya olsa da, olmasa da konkret cəriməsini ödəyəcək”.
 
Ə.Hüseynovun sözlərinə görə, evakuasiya üçün ayrıca ödəniş ləğv edilsə, bu işə cəlb edilənlər həm də daha qanunauyğun fəaliyyət göstərəcəklər:
 
“Nəzərə almaq lazımdır ki, dünyanın bəzi ölkələrində bu təcrübə var və çox səmərəlidir”.
 

Google+ WhatsApp ok.ru