Human Right Watch: Azərbaycanda qanunsuz həbslər və işgəncələr azalmır

Human Right Watch: Azərbaycanda qanunsuz həbslər və işgəncələr azalmır

Human Right Watch beynəlxalq insan haqları təşkilatının 2019-cu il üçün hesabatının giriş məqaləsi “Dünya avtokratları yüksələn müqavimətlə üzləşirlər” (World’s Autocrats Face Rising Resistance) adlanır. Təşkilatın icraçı direktoru Kenneth Roth yazır ki, “hazırda ümumən insan haqları üçün qaranlıq dövrdür”. Lakin dünya avtokratları xəbər başlıqlarını zəbt etsələr də, onlara qarşı insan haqları fəallarının müqaviməti də güclənir.
 
Məqalədə qeyd olunur ki, hətta Qərbin oturuşmuş demokratiyaları da populist avtokratların qarşısında kövrək olduqlarını nümayiş etdiriblər.
 
Məqalə müəllifinin fikrincə hakimiyyətə problemləri həll etmək vədi ilə gələn populistlər, hakimiyyətdəykən öz mövqelərini möhkəmləndirməyə çalışır, korrupsiyaya, bunun ardınca insan haqlarının pozulmasına, repressiyalara yol açırlar.
 
Kenneth Roth yazır ki, avtokratlar həllini vəd etdikləri problemlərin bir qayda olaraq öhdəsindən gələ bilmirlər.
 
Müəllifin fikrincə ötən il avtokratiyaya qarşı mübarizəyə dəydiyini bir daha nümayiş etdirib:
 
“Avropanın ən yüksək hökumətlərarası insan haqları qurumu – Avropa Şurası Azərbaycanın avtoritar hakimiyyətinin AŞPA üzvlərini təsirləndirmək cəhdlərini dəf edib”.
 
Məqalədə deyilir ki, Avropa Şurasının apardığı təhqiqat, Azərbaycan hakimiyyətinin qanunsuz lobbiçiliyi nəticəsində bəzi AŞPA üzvlərinin “güclü şübhə doğuran korrupsiya təbiətli hərəkətlərini” üzə çıxarıb.
 
İnsan haqlarının bərbad vəziyyəti yaxşılaşmayıb
 
Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, 2018-ci ildə Azərbaycanda insan haqlarının bərbad vəziyyətində yaxşılaşma baş verməyib:
 
“Ötən ilin aprelində İlham Əliyev beynəlxalq müşahidəçilərin rəqabətsiz hesab etdikləri və “siyasi mühitin məhdudlaşdırılması və təməl haqq və azadlıqların sıxışdırılması” mühitində keçirilmiş seçkidə dördüncü müddətə prezident seçilib”.
 
Hesabatda deyilir ki, Azərbaycanda azı 43 insan haqları fəalı, jurnalist, siyasi və dini fəal qanunsuz məhbusluqda qalıb, onlarca başqaları kriminal ittihamlarla saxlanıb, səfər qadağanları ilə üzləşib.
 
Bu da qeyd olunur ki, Azərbaycanda QHT-lərin müstəqil fəaliyyətini əngəlləyən qanunlar qalmaqda davam edir.
 
Sənəddə deyilir ki, Azərbaycanda başqa insan haqları problemlərinə sistematik işgəncələr, vəkillərin fəaliyyətinə qanunsuz müdaxilə və media azadlığının məhdudlaşdırılması daxildir.
 
Human Right Watch təşkilatının hesabatında deyilir ki, Azərbaycanın beynəlxalq partnyorları onun insan haqları pozuntularını tənqid etsələr də, ölkə ilə münasibətlərin yaxşılaşdırılması üçün insan haqlarını şərt olaraq qoymayıblar.
 
Azad olunanların yeri yeni məhbuslarla doldurulur
 
Hesabatda deyilir ki, Azərbaycan hakimiyyəti bir sıra siyasi fəalları həbsxanadan azad etsə də, başqa tənqidçilərini siyasi motivli ittihamlarla məhbus edib.
 
Bu da xatırladılır ki, Azərbaycan hökuməti tanınmış siyasi fəal İlqar Məmmədovu avqust ayında azad edib, lakin o buna qədər artıq 5 ildən çox müddətdə həbsxanada saxlanmış, onun barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoyulmamışdı. Bununla əlaqədar Avropa Şurasının Nazirlər Kabineti Azərbaycan hökumətinə qarşı misli görünməmiş hüquqi prosesə başlamışdı.
 
Hesabatda müxalifətçi Elnur Fərəcovdan da söz açılır. Qeyd olunur ki, Fərəcov ötən may ayında prezident amnistiyası ilə azadlığa çıxsa da, az sonra xərçəng xəstəliyindən vəfat edib. Həbsxanada olarkən ona adekvat tibbi xidmət göstərilməsindən imtina edilmişdi.
 
Siyasi müxalifət fəallarının həbsləri
 
Hesabatda müxalifət partiyalarının liderlərinə qarşı repressiyalardan da söz açılır: Ötən ilin yanvarında AXCP sədrinin müavini Gözəl Bayramlı saxta ittihamlarla üç il müddətinə azadlıqdan məhrum edilib. Sentyabr ayında AXCP-nin daha bir aparıcı üzvü – Orxan Baxışlı saxta narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum olunub. Sentyabr ayında AXCP sədrinin müşaviri Məmməd İbrahim saxta xuliqanlıq ittihamları ilə məhkum olunduğu üçillik həbsxana cəzasının bitdiyi gün ona qarşı daha bir qondarma ittiham irəli sürülüb.
 
Fuad Əhmədli, Fuad Qəhrəmanlı və Murad Adilov da daxil daha 9 AXCP üzvü həbsxanada qalmaqda davam edirlər.
 
Hesabatda qeyd olunur ki, Müsəlman Birliyi təşkilatının 17 üzvü də hazırda müxtəlif müddətlərə azadlıqdan məhrum edilərək həbsxana cəzası çəkir.
 
Bu da bildirilir ki, may ayında Müsavat Partiyasının fəal üzvü Əlikram Xurşidov saxta xuliqanlıq ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilib.
 
Gənc fəallar İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, Qiyas İbrahimov, Bayram Məmmədov da siyasi motivli ittihamlarla həbsxana cəzası çəkməkdə davam edirlər.
 
Hesabatda bildirilir ki, hökumət öz tənqidçilərini cəzalandırmaq üçün məhkəməyə qədər 30 gün müddətinədək saxlanmadan fəal istifadə edir.
 
Sənəddə habelə jurnalistlər Əfqan Muxtarlının, Seymur Həzinin, satirik şair Tofiq Həsənlinin həbsxana cəzası çəkməsindən bəhs edilir.
 
Vəkillərə qarşı repressiyalar, məhbuslara verilən işgəncələr
 
Human Right Watch təşkilatının hesabatında habelə hakimiyyət tərəfindən bir neçə internet xəbər saytlarının məhkəmə qərarı ilə bloklanmasından söz açılır. Qeyd olunur ki, bu saytlar ötən iyulda Gəncədə icra başçısının həyatına sui-qəsd barədə yazdıqlarına görə bloklanıblar.
 
Hesabatda Azərbaycan Ədliyyəsinin insan haqları sahəsində çalışan vəkillərin üzərinə təzyiqinin artmasından da bəhs olunur: Əsabəli Mustafayev və Nemət Kərimlinin, habelə Fəxrəddin Mehdiyevinlisenziyalarının ləğv olunduğu bildirlir.
 
Eyni repressiyalara vəkillər İradə Cavadova və Yalçın İmanov da məruz qoyulublar.
 
Bir neçə tanınmış siyasi məhbusu müdafiə edən Vəkil Fuad Ağayevə xəbərdarlıq edilib.
 
Hesabatda bu da qeyd olunur ki, Azərbaycanın təcridxana və həbsxanalarında saxlananlara və məhbuslara işgəncələr verilməsi, işgəncə verənlər barədə şikayətlərin araşdırılmaması və onların cəzalandırılmaması, hökumət tənqidçilərinin oğurlanması və onlara günlərlə vəkillə görüşmək imkanı verilməməsi halları endemik xarakter alıb. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru