Hökumət də mal-qaranın və davarın azaldığını deyir

Hökumət də mal-qaranın və davarın azaldığını deyir

Bu ilin 3 ayında əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 12.8 min baş, qoyun və keçilər isə 42.5 min baş azalıb. Dövlət Statistika Komitəsi uzun illərdən bəri ilk dəfədir ki, ölkədə heyvanların baş sayının azaldığını etiraf edir. Ekspertlər isə azalmanın daha çox olduğunu deyirlər.
 
DSK həm də ilin əvvəlindən ət məhsullarının 10 faizdən çox bahalandığını, ət istehsalının isə 3.2% artdığını açıqlayıb.
 
EKSPERT: "ÜÇ İLDİR BUNU DEYİRDİK"
Heyvandarlıqda mənfi kəmiyyət dəyişmələrinin 2013-cü ildən bəri müşahidə olunduğunu deyən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bunu ölkədə ciddi yem çatışmazlığıyla izah edir: "Apardığımız monitorinqlər göstərirdi ki, qaramalın sayında azalma baş verir. Özəlliklə, iribuynuzlu mal-qaranın və davarın sürətlə kəsimə verildiyi haqda məlumatlar alınırdı. Hökumət isə bu dövrdə real vəziyyəti gizlədir, əksinə, artım haqda raport verirdi. Azalmanın səbəblərinə gəlincə, bir tərəfdən yetərincə yem istehsal olunmur, digər tərəfdən isə təbii otlaq və biçənək sahələri heyvandarlardan alınır. İndi bu sahələrdə hökumət taxıl və pambıq əkməyə qərar verib".
 
V.Məhərrəmov son vaxtlar 150 min hektar ərazinin əkin altına verildiyini deyir.
 
DAHA AĞIR NƏTİCƏLƏR OLA BİLƏR
Heyvanların baş sayının azalmasının istehlak bazarında "əks-sədası" ət istehsalının azalması və qiymətlərin artımı olacaq. Ekspert bildirib ki, bu proses artıq xeyli vaxtdır müşahidə edilir. Bu arada, ölkəyə ət idxalı da artır: "Ət və süd bahalaşıb. Bu isə çox mənfi bir meyl olmaqla ağır nəticələr verə bilər: idxaldan asılılıq artacaq, daha çox valyuta sərvətləri ərzaq idxalına sərf olunacaq".
 
SUBSİDİYALARIN SƏMƏRƏSİ, HƏLƏ Kİ, GÖRÜNMÜR
Vahid Məhərrəmov ölkədə mal-qaranın cins tərkibinin dəyişdirilməsi yönündəki addımların da, hələ ki, müsbət nəticə vermədiyi qənaətindədir: "Görünən odur ki, hökumət 2013-cü ildən bu yana 10 milyonlarla dollar sərf etsə də, heyvandarlığa subsidiyalar versə də, maldarlıqda ciddi dönüş yarada bilməyib. Səbəb – səmərəli biznes zəncirinin qurula bilməməsidir".
 
DSK-ya görə, aprel ayının əvvəlinə ölkədə 2 milyon 706.8 min baş iribuynuzlu mal-qara var. Bunun 1.3 milyon başı inək və camışlardır. Qoyun və keçilərin sayı isə 8 milyon 785.5 min başdır. Üç ayda 115.4 min ton ət (diri çəkidə) istehsal olunub. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru