HƏDİSLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT – YER ÜZÜ İLAHİ HÖCCƏTSİZ QALMAZ

Hədislərdə təkidlə vurğulanan məsələlərdən biri də yer üzünün ilahi höccətsiz qalmamasıdır. Əhli-beyt imamlarından (ə) bizə gəlib çatan bir çox hədislərdə bu məsələyə dəfələrlə toxunulmuş və yer üzünün imamsız (yaxud peyğəmbərsiz), ümumiyyətlə, ilahi höccətsiz qalmayacağı göstərilmişdir. “Üsuli-kafi” kitabının iki bölümü bu məsələyə həsr edilmişdir: bir bölümdə “İnnəl-ərzə la təxlu min huccətin” (Həqiqətən, yer üzü höccətsiz qalmaz!) adı ilə imam Baqir (ə), imam Sadiq (ə), imam Rza (ə) və digər imamlardan on üç rəvayət, ikinci bölümdə isə “İnnəhu ləv ləm yəbqə fil-ərzi rəculani ləkanə əhəduhuməl-huccətə” (Həqiqətən, yer üzündə yalnız iki nəfər insan qalsa, onların biri ilahi höccətdir!) adı ilə beş rəvayət qeyd edilmişdir. Burada hər iki bölümün bəzi rəvayətlərinə işarə edəcəyik:

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:

اِنَّ الْاَرْضَ لا تَخْلُوا اِلاّ وَفِيها اِمامٌ كَيْما اِنْ زادَ الْمُؤمِنُوا شَيْئاً رَدَّهُمْ وَاِنْ نَقَصُوا شَيْئاً اَتَمَّهُ لَهُمْ:

Yer üzü heç vaxt imamsız qalmaz; əgər möminlər (səhvən ilahi təlimlərə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar, onu bərpa edər.(“Üsuli-kafi”, c.1, səh.178-179, 1-ci bölüm, hədis 2 və 6.)

O həzrətdən nəql olunan başqa bir hədisdə buyurulur: Allah-Taalanın yer üzünü ədalətli bir imamsız qoyması qeyri-mümkündür!”

Hətta bəzi hədislərdə göstərilir ki, əgər yer üzü bir an belə imam və ilahi höccətsiz qalsa, zəlzələ baş verər və yer əhlini özünə çəkər. (“Üsuli-kafi”, c.1, bölüm 1, hədis 11-13.)

İmam Sadiqin (ə) buyurduğu bir hədis belədir:

لَوْ كانَ النّاسُ رَجُلَيْنِ لَكانَ اَحَدُهُما الْاِمامُ:

“Əgər dünyada yalnız iki nəfər qalsa, onların biri mütləq imamdır!”

Başqa bir hədisdə isə belə buyurulmuşdur:

وَاِنَّ آخِرُ مَنْ يَمُوتُ اَلْاِمامُ

Həqiqətən, (dünyada) hamıdan axırda ölən şəxs imam olacaq!” (“Üsuli-kafi”, “Ənnəhu lov ləm yəbqə illa rəculani ləkanə əhəduhuməl-imam” bölümü, hədis 3.)

“Üsuli-kafi” kitabında nəql olunan on səkkiz rəvayətlə yanaşı, “Nəhcül-bəlağə”də də buna aydın işarə edilmiş, imam Əlinin (ə) Kumeyl ibn Ziyada buyurduğu mühüm bəyanatında belə göstərilmişdir:

اَللّهُمَّ بَلى لا تَخْلُوا الْاَرْضُ مِنْ قائِمٍ لِِلّهِ بِحُجَّةٍ، اِمّا ظاهِراً مَشْهُوراً وَاِمّا خائِفاً مَغْمُوراً، لِئَلاّ تَبْطُلَ حُجَجُ اللهِ وَبَيِّناتُهُ:

Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!” (“Nəhcül-bəlağə”, xütbə 147.)

Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 23-cü cildinin “Əl-iztiraru iləl-huccəti” (İlahi höccətin vücudunun zəruriliyi) bölümündə bu məsələ ilə əlaqədar on səkkiz hədis nəql etmişdir ki, onların bir qismini “Üsuli-kafi”dən, çox hissəsini də digər kitablardan nəql etmişdir.

Beləliklə, hər bir əsr və dövrdə yer üzü ilahi höccətsiz deyildir və bu məsələ Əhli-beyt (ə) məktəbinin qəti etiqadlarındandır. Hətta imam Kazimdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: Yer üzü bir göz qırpımınca ilahi höccətsiz qalmayacaq istər aşkar tanınsın, istərsə gizli yaşasın!” (“Biharul-ənvar”, c.47, səh.41.)

İLAHİ HÖCCƏTİN ZƏRURİLİYİNƏ AİD MƏNTİQİ DƏLİLLƏR

Bu rəvayətlər əqli sübutlarla da uyğundur və hər bir dövrdə bir imam, yaxud bir peyğəmbərin vücudunun zəruriliyi labüddür. “Lütf qanunu” (kəlam elmində Allahın mərhəmətilə əlaqədar əqli bir dəlil) buna tutarlı sübutdur və bu qanun yer kürəsində iki nəfər qalsa belə həmişə öz qüvvəsindədir.

“Lütf qanunu”nda belə deyilir: “İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə onun hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra hazırlıq görmək və o yüksək hədəfə nail olmaq üçün onun ixtiyarına kifayət qədər vəsait vermək vacibdir. Əgər O, belə etməzsə, məqsədində nöqsana yol vermiş olar. Halbuki mütləq hikmət sahibindən heç vaxt belə bir iş gözlənilmir!”

Şübhəsiz, insan yalnız əql, yaxud adi rəhbərin varlığı ilə xəta, səhv və günahlardan qoruna bilməz. Başqa sözlə, insan tək özü həmin məqsədə, ilahi itaət və əbədi səadətə nail ola bilməz. Hətta bu zərurətdən əlavə, ilahi elmə yiyələnən, xəta, səhv və günahdan uzaq olan örnəyə də möhtacdır ki, haqq qəti aydınlaşsın və həqiqət yolu bilinsin.

Bu dəlil hər bir əsr və dövrə, böyük və kiçik, hətta iki nəfərdən ibarət qrupa da aiddir. Buna əsasən, yer kürəsində yalnız iki nəfər qalsa belə, onlardan biri ya məsum imam, ya da ilahi peyğəmbər olmalıdır.

Ümumiyyətlə, islami hədislərə əsasən, insanları səadət və təkamül məqsədilə yaradan Allahın onlara düzgün yolu göstərməməsi pak və uca məqamından çox uzaqdır. Bu məna Qurani-Kərimin bir sıra ayələrində də gözə çarpır. “İnnəma əntə munzirun və li-kulli qovmin hadin!” (Ya Peyğəmbər! Sən yalnız qorxudansan və hər tayfanın bir rəhbəri, hidayət edəni vardır!) ayəsi (Rəd” surəsi, ayə 7.) göstərir ki, bütün dövrlərdə hər tayfa və qövmün bir hidayətçisi vardır. (Burada hidayətçidə məqsəd, xəta və günahdan uzaq olan şəxsdir.) İmam Baqirdən (ə) bu ayənin təfsiri ilə əlaqədar nəql olunan bir hədisdə belə buyurulur:

...وَ فِى كُلِّ زَمانٍ اِمامٌ مِنّا يَهْدِيهِمْ اِلى ما جاءَ بِهِ رَسُولُ اللهِ (ص):

“...Hər bir dövrdə bizim aramızdan insanlara Allah Rəsulunun (s) gətirdiklərinə yönəldən bir imam vardır!” (“Biharul-ənvar”, c.23, səh 5, hədis 9.)

“Nəhcül-bəlağə”də buyurulan rəvayətdə də məntiqli bir dəlil var. İmamın vəzifələrindən biri Peyğəmbər irsi və ilahi təlimlərin əsaslarını təhriflərdən qoruyub-saxlamaqdır. Başqa sözlə, əgər yer üzündəki bütün insanları kafir fərz etsək, yenə də ilahi təlimləri, Peyğəmbərin irsini qoruyan bir kəsin varlığı zəruridir və bu irs hidayət proqramı kimi gələcək nəsillərə çatdırılmalıdır. (“Peyami-Quran”, 7-ci cild, “Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, səh.79-83.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru