HƏDİSLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT – «SƏQƏLEYN» HƏDİSİ

Əhli-beyt imamlarının böyük məqamından söz açan hədislərdən biri də “Səqəleyn” hədisidir. Bu söz (səqəleyn) Peyğəmbərin (s) buyruğunda gəldiyi üçün «səqəleyn» hədisi adlanmışdır. Belə ki, Həzrət buyurmuşdur:

...اِنِّى تارِكٌ فِيكُمُ الثِّقْلَيْنِ اَحَدُهُما اَكْبَرُ مِنَ الآخَرِ، كِتابَ اللهِ وَعِتْرَتِى...

«...Sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: biri digərindən daha böyük olan Allahın kitabı, o birisi isə itrətim, Əhli-beytimdir...»

Bu hədis şiə və sünnilərin mötəbər kitablarında Peyğəmbərdən (s) geniş şəkildə nəql olunmuşdur. Belə ki, hədisin o həzrətdən nəql olunmasına heç bir şübhə yoxdur. Hədislərin məcmusundan açıq-aşkar başa düşülür ki, Peyğəmbər (s) bu hədisi bir dəfə bəyan etməmişdir. Onu müxtəlif yerlərdə dəfələrlə buyurmuşdur və rəvayətlər də tamamilə bir-birindən fərqlənir.

(Qeyd edək ki, «səqəleyn» sözünü iki cür oxumaq olar: 1. «səqəleyn», onun tək forması «səqəl»dir, qiymətli və dəyərli, eləcə də müsafirin əmtəəsi mənasını daşıyır. 2. «siqleyn», onun tək forması «siql»dir, bu da ağır şey mənasını verir. «Ət-təhqiq» kitabının müəllifinin nəzərincə, birinci məna mənəvi baxımdan qiymətli şeyə deyilir, ikincisi isə ümumi məna kəsb edir.)

Burada hədisin ravilərinə və onu nəql edən mötəbər kitablara işarə edirik:

1. Əhli-sünnənin altı səhih kitabından biri olan «Səhihi-Müslim»də Zeyd ibn Ərqəmdən belə nəql edilir:

قامَ رَسوُل اللهِ (ص) يَوْماً فِينا خَطِيباً بِماءٍ يُدْعى خُمّاً، بَيْنَ مَكَّة وَالْمَدينَةِ، فَحَمَدَاللهَ وَاَثْنى عَلَيْهِ، وَوَعَظَ وَذَكَرَ، ثُمَّ قال: اَمّا بَعْدُ اَلا اَيُّها النّاسُ فَاِنَّما اَنَا بَشَرٌ يُوشَكُ اَنْ يَأتِىَ رَسُولُ رَبِّى فَاُجِيبُ، وَاِنِّى تارِكٌ فِيكُمْ ثِقْلَيْنِ: اَوَّلُهُما كِتابُ اللهِ، فِيهِ الهُدى وَالنُّورُ، فَخُذُوابِكِتابِ اللهِ وَاسْتَمْسِكُوا بِهِ، فَحَثَّ عَلى كِتابِ اللهِ وَرَغَّبَ فِيهِ، ثُمَّ قالَ وَاَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى...

«Bir gün Allahın Rəsulu (s) bizimlə birgə olarkən, Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum adlı məntəqədə ayağa qalxıb, Allaha həmd-səna edəndən, moizə və öyüd-nəsihətdən sonra buyurdu: «Ey camaat! Mən insanam, Allahın elçisinin gəlişi onun dəvətini qəbul etməyimin vaxtı yaxınlaşmışdır. Mən sizin aranızda iki ağır qiymətli əmanət qoyuram: birincisi hidayət nurla dolu Allahın kitabıdır. Ondan bərk yapışın Peyğəmbər (s) Quranla bağlı çoxlu tapşırıq verəndən sonra buyurdu: «(İkincisi) Əhli-beytimdir. Sizə tövsiyə edirəm ki, Allaha xatir Əhli-beytimi unutmayın! Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın. Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın

Peyğəmbəri-Əkrəmin (s) Əhli-beyti (ə) iki ağır və qiymətli əmanətdən biri kimi Qurani-Kərimlə yanaşı bəyan etməsi və onlara qarşı ilahi məsuliyyətin unudulmaması ilə bağlı bunu üç dəfə təkrarlaması göstərir ki, bu iş müsəlmanların müqəddəratı, hidayəti və İslamın əsasları ilə sıx əlaqəlidir. Bu isə onların Qurani-Kərimlə yanaşı qeyd edilməsindən başa düşülür.

Yenə həmin kitabda Zeyd ibn Ərqəmdən azacıq fərqlə başqa bir rəvayət nəql olunmuşdur. Diqqəti cəlb edən məsələ budur ki, bu hədisin davamında Zeyd ibn Ərqəmdən «Peyğəmbərin (s) Əhli-beytində məqsəd onun zövcələridirmi?» deyə soruşulduqda, o «Xeyr, məqsəd, onun nəsəbi qohumlarıdır ki, sədəqə onlara haramdır!» deyə cavab vermişdir.

2. Məşhur əhli-sünnə alimi Əhməd ibn Şüeyb Nisai «Xəsais» kitabında Zeyd ibn Ərqəmdən belə nəql edir: «Peyğəmbər (s) «Hiccətül-vida»dan (Vida həccindən) qayıdarkən, «Qədir-Xum» adlı məntəqəyə daxil olduqda, kölgə bir yer hazırlanmasını göstəriş verdi. Bundan sonra buyurdu:

كَاَنّى دُعِيتُ فَاَجَبْتُ وَاِنِّى تارِكٌ فِيكُمُ الثِّقْلَيْنِ اَحَدُهُما اَكْبَرُ مِنَ الآخَرِ، كِتابَ اللهِ وَعِتْرَتِى فَانْظُرُوا كَيْفَ تُخْلِفُونِى فِيهِما، فَاِنَّهُما لَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ، ثُمَّ قالَ: اِنَّ اللهَ مَوْلاىَ وَاَنَا مَولى كُلِّ مُؤمِنٍ، ثُمَّ اَخَذَ بِيَدِ عَلِىٍّ عَلَيْهِ السَّلامُ، فَقالَ: مَنْ كُنْتُ مَوْلاهُ فَهذا وَلِيُّهُ، اَللّهُمَّ والِ مِنْ وَالاهُ وَعادِ مَنْ عاداهُ:

«Mən (Allah tərəfindən) dəvət olunmuş bu dəvəti qəbul etmişəm (tezliklə sizin aranızdan gedəcək dünyamı dəyişəcəyəm). (Buna görə ) sizin aranızda iki qiymətli əmanət qoyuram. Biri digərindən daha böyük olan Allahın kitabı, o birisi isə itrətim, Əhli-beytimdir. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz? Onlar hovuzda (Kövsər hovuzu) mənə qovuşanadək bir-birindən ayrılmazlar Sonra buyurdu: «Allah mənim mövlamdır, mən isə hər bir möminin mövlasıyam Sonra Əlinin (ə) əlindən tutub buyurdu: «Mən hər kəsin mövlası rəhbəriyəmsə, bu da onun mövlası rəhbəridir. İlahi! Hər kəs onu sevirsə, Sən onu sev; hər kəs ona düşməndirsə, Sən onunla düşmən ol

Hədisin sonunda qeyd olunduğu kimi, ikinci ravi Əbu Tüfeyl deyir: Mən, Zeyd ibn Ərqəmdən «Sən özün bu hədisi Allahın Rəsulundanmı (s) eşitmisən?» – deyə soruşduqda, o dedi: «Kölgəlikdə olan hər bir kəs bu səhnəni gözlərilə görüb, qulaqları ilə Həzrətin sözlərini eşitdi!» («Xəsaisi-Nisai», səh.20, Misirin «Təqəddüm» çapı.)

Bu hədis açıq-aşkar göstərir ki, Peyğəmbər (s) bu sözləri «Qədir-Xum»da müsəlmanların qarşısında söyləmiş və hamı da bilavasitə eşitmişdir.

3. Hicri-qəməri tarixi ilə 4-cü əsrin böyük sünni alimlərindən olan Hakim Nişapurinin «Müstədrəküs-səhiheyn» adlı məşhur kitabında «səqəleyn» hədisi İbn Vasildən belə nəql edilir: «Mən Zeyd ibn Ərqəmdən eşitdim ki, Peyğəmbər (s) Məkkə ilə Mədinə arasındakı bir ağaclığa çatdıqda dayandı. Camaat oturmaq üçün ağacların altını səliqəyə saldı. Peyğəmbər (s) əsr namazından sonra xütbə söyləyərək, Allaha həmd-səna dedi. Öyüd-nəsihət verdikdən sonra buyurdu:

اَيُهَا النّاسُ اِنّى تارِكٌ فِيكُمْ اَمْرَيْنِ لَنْ تَضِلُّوا اِنِ اتَّبَعْتُمُوهُما: وَهُما كِتابُ اللهِ وَ اَهْلُبَيْتِى َعِتْرَتِى:

«Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlara itaət etsəniz, heç vaxt azğınlığa düşməzsiniz. Onlar Allahın kitabı itrətim Əhli-beytimdir («Müstədrəküs-səhiheyn», c.3, səh.109.)

4. Şiələrin qatı müxaliflərindən olan Hicaz müftisi İbn Həcər Heysəmi «Əs-səvaiqul-muhriqə» kitabında yazır ki, səhih bir rəvayətə əsasən, Peyğəmbər (s) buyurmuşdur:

قَدْ دُعِيتُ فَاَجِبْتُ، اِنِّى قَدْ تَرَكْتُ فِيكُمُ الثَّقَلَيْنِ اَحَدُهُما آكَدُ مِنَ الْآخَرِ: كِتابَ اللهِ عَزَّوَجَلَّ وَعِتْرَتِى اَهْلُبَيْتِى، فَانْظُرُوا كَيْفَ تُخْلِفُونِى فِهِيما فَاِنَّهُما َلَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ

«Mən Allah tərəfindən dəvət olunmuşam bu ilahi dəvəti qəbul edəcəyəm. (Buna görə ) sizin aranızda iki ağır qiymətli əmanət qoyuram: Allahın kitabı itrətim, Əhli-beytimi! Baxın görün, məndən sonra onların haqqını necə ödəyəcəksiniz? Bu iki əmanət hovuzda (Kövsər hovuzu) mənə qovuşanadək bir-birindən ayrılmayacaqSonra əlavə edir: Başqa bir rəvayətdə bu hissə də qeyd olunmuşdur: «Mən bu məqamı onlar üçün Allah-Taaladan istəmişəm. Onlardan qabağa keçməyin, yoxsa həlak olarsınız; geridə qalmayın ki, (yenə) həlak olarsınız! Onlara bir şey öyrətməyin, çünki onlar sizdən elmli biliklidirlər(«Əs-səvaiqul-muhriqə», səh.226, Misirin «Əbdüllətif» çapı.)

Vilayət və imamət məsələsində şiələrə müxalif olan şəxsin «səqəleyn» hədisini belə aşkar etirafla qeyd etməsi doğrudan da diqqəti cəlb edir!

Vəhhabiliyin banisi kimi tanıtdırılan İbn Teymiyyə (Əhməd ibn Əbdülhəlim Hənbəli, ölümü: 727 h.q.) «Minhacus-sünnə» kitabında bu hədisi «Səhihi-Müslim»də qeyd olunduğu kimi nəql etmişdir. («Minhacus-sünnə», 4-cü cild, səh. 104, Qahirə çapı.)

Həmçinin «Səqəleyn» hədisi Termizinin «Sünən» kitabının «Əhli-beytin fəzilətləri» bölümündə Cabir ibn Abdullah, Əbuzər, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Hüzeyfə, Əbu Səid və Zeyd ibn Ərqəmdən, əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəlin «Müsnəd», Darəminin «Sünən» və Hafiz Təbəraninin «Əl-möcəmül-kəbir» kitablarında nəql olunmuşdur.

«SƏQƏLEYN» HƏDİSİ PEYĞƏMBƏRİN (S) DİLİNDƏ TƏKRARLANIR

Diqqət yetirmək lazımdır ki, Peyğəmbər (s) bu hədisi yalnız bir dəfə deyil, müxtəlif zaman və münasibətlərdə bəyan etmişdir. Əhli-sünnə mənbələrinə görə, bu hədisin Peyğəmbərdən (s) nəql olunduğu məntəqələr aşağadakılardan ibarətdir:

1. «Qədir-Xum»: Peyğəmbər (s) sonuncu həcc mərasimindən qayıdarkən «Qədir-Xum»da geniş söhbətdən sonra «səqəleyn» hədisini buyurmuşdur.

2. «Ərəfat»: Peyğəmbər (s) həcdə olarkən «Ərəfə» günü dəvəsinin belində bir xütbə söylədikdən sonra bu hədisi buyurmuşdur. Termizinin «Sünən» kitabında Cabir ibn Abdullah Ənsaridən nəql olunan hədis Ərəfə gününə aiddir.

3. «Cöhfə»: Peyğəmbər (s) həccin «miqat»larından sayılan, Məkkə ilə Mədinə arasında yerləşən «Cöhfə» adlı məntəqədə «səqəleyn» hədisini buyurmuşdur. Bunu İbn Əsir «Usdul-ğabə» kitabında Abdullah ibn Hintəbin tərcümeyi-halında nəql etmişdir.

4. Peyğəmbər (s) vəfatına səbəb olan xəstəliyi zamanı son vəsiyyətində “səqəleyn” hədisinə toxunduqdan sonra imam Əliyə (ə) işarə ilə buyurmuşdur: «Əli Quranla, Quran da Əli ilədir. Onlar hovuzda (Kövsər hovuzu) mənə qovuşanadək bir-birindən ayrılmazlar...» («Əs-səvaiqul-muhriqə», səh.75.)

5. «Hiccətül-vida» («Vida» həcci): Peyğəmbər (s) «Vida» həccində «Xif» məscidində belə buyurmuşdur: «Agah olun! Mən sizdən iki ağır əmanət haqda soruşacağam O həzrətdən «Ey Allahın Rəsulu! İki ağır əmanət nədir?» – deyə soruşulduqda buyurdu: «Böyük ağır əmanət Qurani-Kərimdir. Onun bir tərəfi Allahın əlində (ixtiyarında), digəri isə sizin əlinizdədir. Belə isə, ondan yapışsanız, heç vaxt azğınlığa düşməz həlak olmazsınız. Kiçik ağır əmanət isə mənim itrətim Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər vermişdir ki, bu iki əmanət eynilə mənim iki yanaşı üzüyüm kimi «Kövsər» hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq («Biharul-ənvar», c.23, səh.129, hədis 61.)

6. Peyğəmbər (s) (Məkkənin fəthindən sonra) Taifdən qayıdan zaman bu hədisi buyurmuşdur.

Bir sözlə, Peyğəmbər (s) “Səqəleyn” hədisini müxtəlif yerlərdə müsəlmanların zəlalətə düşməmələri üçün təkidlə təkrarlaması o iki əmanətin yüksək əhəmiyyət daşımasına bir sübutdur.

«SƏQƏLEYN» HƏDİSİNDƏN ANLAŞILAN MÜHÜM NÖQTƏLƏR

Bu hədis müsəlmanların qarşısında bir neçə mühüm üfüq açır:

1. Quran və Əhli-beyt (ə) həmişə birgədir, heç vaxt bir-birindən ayrılmayacaq. Quranın həqiqətlərilə tanış olmaq istəyənlər Əhli-beytə (ə) sığınmalıdır.

2. Qurani-Kərimin hökmlərinə itaət etmək müsəlmanlara qeyd-şərtsiz vacib olduğu kimi, Əhli-beytə (ə) itaət də qeyd-şərtsiz vacibdir.

3. Əhli-beyt (ə) məsum və günahsızdır; Onların Qurandan ayrılmaması, həm də onlara qeyd-şərtsiz itaətin vacibliyi onların məsum olduğunu, günah, xəta və səhvə yol vermədiyini göstərir. Əgər onların günah, yaxud xətası olsa, Qurandan ayrılarlar və onlara itaət müsəlmanları azğınlıqdan saxlamaz. Hədisdə qeyd olunduğu kimi, Əhli-beytə (ə) itaətlə günahlardan uzaqlaşmaq, onların günahsız olmasına başqa bir dəlildir.

4. Daha mühüm məsələ budur ki, Peyğəmbərin (s) buyruğu qiyamətə qədər bütün müsəlmanlar üçün öz gücündədir: «Bu iki əmanət «Kövsər» hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq Bu isə açıq-aşkar göstərir ki, tarix boyu Əhli-beytdən (ə) bir nəfər məsum və günahsız rəhbər həyatda olacaq. Qurani-Kərim həmişə hidayət çırağı olduğu kimi, onlar da həmişə hidayət çıraqlarıdır. Buna görə də, hər əsrin ilahi imam və rəhbərini tanımaq lazımdır.

5. Bu hədisdən başa düşülür ki, Əhli-beytdən (ə) ayrılmaq, yaxud qabağa keçmək azğınlıqla nəticələnir. Heç vaxt şəxsi istəyi onların istəyindən üstün tutmaq olmaz. Onlar hamıdan üstün və fəzilətli, elmli və biliklidirlər. (“Peyami-Quran”, 7-ci cild, “Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, səh.47-62.)

 

Rza Şükürlü

Google+ WhatsApp ok.ru