HƏDİSLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT – “SƏFİNƏ” (GƏMİ) HƏDİSİ

Əhli-beyt (ə) və məsum imamlar barəsində buyurulan, həm şiə, həm də sünnilərin mötəbər kitablarında geniş nəql olunan məşhur hədislərdən biri də “səfinə” hədisidir. Biz burada bu hədisin mətni, sənədi və mənbələrini qısa şəkildə əziz oxucularımızın diqqətinə çatdıracağıq:
 
Deməliyik ki, “səfinə” hədisini Peyğəmbərin (s) ən azı səkkiz səhabəsi – Əbuzər, Əbu Səid Xudri, İbn Abbas, Ənəs, Abdullah ibn Zübeyr, Amir ibn Vasilə, Sələmə ibn Əkvə və imam Əli (ə) nəql etmişdir. “Səfinə” hədisi belədir:
 
1. İbn Abbas və Sələmə ibn Əkvə (İbn Məğazili adı ilə tanınan Əbülhəsən Əli ibn Məhəmməd Şafeinin “Mənaqib” kitabındakı nəqlinə əsasən,) Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişlər:
مَثَلُ اَهْلِ بَيْتِى فِيكُمْ َمَثلُ سَفِينَةِ نُوحٍ، مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:
 
“Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə nicat tapar, hər kəs ondan ayrı düşsə həlak olar.”
 
Hədisin bu deyilişi İbn Abbasdan nəql olunmuşdur. Sələmə ibn Əkvədən nəql olunan hədis isə belədir:
مَثَلُ اَهْلِ بَيْتِى َمَثَلُ سَفِينَةِ نوحٍ مَنْ رَكِبَها نَجى:
 
“Əhli-beytim Nuhun gəmisinə bənzəyir; ona minən şəxs nicat tapar!”
 
2. Bir dəfə Əbuzər əli ilə Kəbə evinin qapısının halqasından tutub deyirmiş: “Məni tanıyanlar (mənim kim olduğumu yaxşı) bilir, tanımayanlar da bilsinlər ki, mən Əbuzər Qifariyəm! Allahın Rəsulundan (s) belə eşitmişəm:
مَثَلُ اَهْلِ بَيْتِى فِيكُمْ كَمَثَلِ سَفِينَةِ نُوحٍ فِى قَوْم نُوحٍ مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:
 
“Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə nicat tapar, hər kəs ondan ayrı düşsə həlak olar.” Başqa bir rəvayətdə isə “qərq olar” ifadəsi qeyd olunmuşdur. (“Möcəmül-kəbir vəl-möcəmüs-səğir”, Hafiz Təbərani, səh.78; “Üyunul-əxbar”, İbn Qüteybə Dinəvəri, c.1, səh.212; “Müstədrək”, Hakim Nişapuri, c.3, səh.150; “Mizanul-etidal”, Zəhəbi, c.1, səh.224; “Tarixul-xüləfa”, Süyuti, səh.573 və s.)
 
Bu hədislərdə Əhli-beyt (ə) həyatın tufanlı dəryasında nicat gəmisinə bənzədilmişdir.
 
“Limaza-əxtərtu məzhəbə Əhlil-beyt?” (“Nə üçün Əhli-beyt məzhəbini seçdim?”) kitabının müəllifi Şeyx Məhəmməd ibn İntaki sözügedən hədisin şərhində yazır: “Bütün İslam alimlərinin yekdil fikrinə əsasən, bu hədis “təvatür” həddinə yaxın “səhih” və “müstəfiz” (ravilərinin sayı üçdən az olmayan) hədislərdəndir. Təxminən yüz nəfər hafiz və hədis əzbərçisi, eləcə də tarixçi öz kitablarında onu nəql və qəbul etmişdir.” Sonra əlavə edir: “Bu hədisi qeyri-müsəlmanlar belə islami bir hədis kimi nəql etmişlər.” (“Limaza əxtərtu məzhəbə Əhlil-beyt”, səh.166.)
 
Bu hədis “Əbəqatul-ənvar” kitabında əhli-sünnənin doxsan iki məşhur aliminin doxsan iki kitabından bütün təfərrüatı ilə nəql olunur. “Əbəqatul-ənvar” kitabının xülasəsinin müəllifi isə onun haşiyəsində bu hədisi səkkiz nəfər səhabə, səkkiz nəfər tabein, üç nəfər 2-ci əsr, səkkiz nəfər 3-cü əsr, on dörd nəfər 4-cü əsr alimlərindən və bu minvalla, hər əsrin öz alimlərinin adları ilə birgə qeyd etmişdir. (“Xülasətül-əbəqatil-ənvar”, c.2, səh.126-195.)
 
“SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?
 
Bu hədisi dərk etmək üçün Nuh peyğəmbərin macərasına qısa bir nəzər salırıq. Allah-Taala Qurani-Kərimdə buyurur:
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاء بِمَاء مُّنْهَمِرٍ وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاء عَلَى أَمْرٍ قَدْ قُدِرَ
 
“Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq (və dayanmadan yağış yağdı). Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular müəyyən edilmiş miqdarda bir-birinə qarışdı.” (“Qəmər” surəsi, ayə 11-12.)
 
Bu tufan və sel bir yerdən başqa hər yeri ağuşuna aldı. O da Nuhun (ə) gəmisi idi. Allah-Taala onun sərnişinlərinə nicat verdi. Hətta Nuhun (ə) oğlu qürurla “Mən bir dağa sığınaram, o da məni seldən qoruyar!” – dediyi zaman atasının “Allahın rəhm etdiklərindən başqasını, bu gün heç kim Onun əzabından qoruya bilməz!” – tutarlı cavabı ilə üzləşdi. (Həzrət Nuh (ə) gəmiyə minib nicat tapan möminləri nəzərdə tuturdu.) Nuhun (ə) sözü dərhal həyata keçdi. Çünki “Böyük bir dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o (Nuhun oğlu) da suda boğuldu!” (“Hud” surəsi, ayə 43.)
 
Bəli, Əhli-beytin (ə) həmin gəmiyə bənzədilməsində dərin məna var və bu bənzətmə bizə bir çox həqiqətləri aşılayır. O cümlədən:
 
1. İslam Peyğəmbərindən (s) sonra ümmət bir sıra tufanlara düçar olacaq. Bu tufanlar çoxlarını özü ilə aparacaq və dalğalar arasında boğub həlak edəcək.
 
2. İnsanları dini, imanı, ruhu və həyatı hədələyən təhlükələrdən qoruyub-saxlamaq üçün yeganə ümid yeri Əhli-beyt (ə) adlı nicat gəmisidir. Şübhəsiz, hər kəs ondan uzaq düşsə, həlakətə uğrayasıdır.
 
3. Səhrada karvandan ayrı düşmək həmişə ölümlə nəticələnmir. Mümkündür ki, insan üzücü çətinliklərdən sonra nicat tapsın. Lakin tufanlı bir dəryada nicat gəmisindən ayrı düşmək mütləq həlakət və ölüm deməkdir.
 
4. Nuh peyğəmbərin gəmisinə minməyin şərti iman və saleh əməl olduğu üçün Nuh (ə) öz oğluna iman gətirib kafirlərdən ayrılmağı təklif etdi. Beləliklə, İslam ümməti də tufan, bəla və azğınlıqlardan nicat tapmaq üçün Əhli-beytə (ə) iman gətirib tabe olmalıdır.
 
5. Nicat tapmaq üçün təkcə onlara məhəbbət bəsləmək kifayət deyil. Bəzi alimlərin dediyi kimi, bütün müsəlmanlar Əhli-beyti (ə) sevir, hörmətlə yad edirlər. Buna əsasən, hamı nicat əhlidir. Əksinə, rəvayətdə bəyan olunduğu kimi, əsas məsələ onlara tabe olmaq və müxalif çıxmamaqdır. Nuhun (ə) oğlu atasını sevsə də, ona tabe olmadığından bu məhəbbət qurtuluşa səbəb olmadı.
 
6. Dünya həmişə tufanlı və təlatümlüdür. Yəni nə qədər ki, şeytanlar, zəlalət carçıları və heyrət vadisində batanlar var, bu tufanlar da sakitləşməyəcək və qiyamər gününə qədər davam edəcəkdir. Buna əsasən, hər bir dövrdə “nicat gəmisi”nin varlığı zəruridir və ondan üz döndərənlər məhvə məhkumdur.
 
7. Əhli-beytə (ə) qeyd-şərtsiz itaət hər bir dövrdə məsum və günahsız bir imamın varlığına gözəl sübutdur. Ona itaət nicat tapmaq, ondan üz döndərmək isə həlakətlə nəticələnəsidir.
 
8. “Səfinə” hədisi Peyğəmbərin (s) buyurduğu ( سَتُفَرِّقُ اُمَّتِى عَلى ثَلاثٍ وَسَبْعِينَ فِرْقَةٍ، فِرْقَةٌ ناجِيَةٌ وَالباقُونَ فِى النّارِ:) “Tezliklə ümmətim yetmiş üç firqəyə ayrılacaq, (onların) biri nicat, qalanları isə cəhənnəm əhlidirlər!” məşhur hədisin təfsiridir. Bu rəvayəti bir çox şiə və sünni alimləri nəql etmiş, hətta bəzi rəvayətlərdə göstərilmişdir ki, imam Əli (ə) Peyğəmbərdən (s) “Nicat əhli olan firqə hansıdır?” – deyə soruşduqda, o həzrət buyurmuşdur: “Əl-mutəməssiku bima əntə və şiətukə və əshabukə!” – (Sənin, şiələrinin və səhabələrinin yolundan yapışanlar!) (“Ehqaqul-həqq”, c.7, səh.185.)
 
Bu hədisdən məlum olur ki, “firqətun naciyə” (nicat əhli olan firqə) Əhli-beyt (ə) məktəbinin üzvləri, onların hidayət çərçivəsində qərar tutub, “üsuli-din”ə etiqad bəsləyən və “fürui-din”ə əməl edən firqədir.
 
Rza Şükürlü

Google+ WhatsApp ok.ru